Pandemiya dövründə Azərbaycanın daha bir müsbət göstəricisi - iqtisadi fəal əhali çoxalır

Kamran Məmmədli: “Pandemiya dövrü olmasına baxmayaraq, iş yerlərinin bağlanmaması qarşıya qoyulan əsas məqsəd idi”

img

Bu il yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 252,5 min nəfər olub, onlardan 4 876,6 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,2% artıb, məşğul əhalinin sayı isə 1,26% azalıb.

Məlumat üçün bildirək ki, 2020-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 684,5 min nəfər, o cümlədən, iqtisadiyyatın dövlət sektorunda 917,8 min nəfər, qeyri-dövlət sektorunda isə 766,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 650,6 min nəfər çalışıb.

Nəzərə almaq lazımdır ki, bir ilə yaxındır koronavirus infeksiyası ilə mübarizə üçün ölkədə karantin rejimi elan edilib. Pandemiya dövrü olmasına baxmayaraq, ölkədə iqtisadi fəal əhalinin sayı artıb.

  • “Azərbaycanda aparılan islahatların iki əsas məqsədi var: iqtisadi inkişafı sürətləndirmək və əhalinin sosial rifahını yaxşılaşdırmaq”

İqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, Azərbaycanda aparılan islahatların iki əsas məqsədi var: iqtisadi inkişafı sürətləndirmək və əhalinin sosial rifahını yaxşılaşdırmaq.

“Ölkə başçısı dəfələrlə öz çıxışlarında qeyd edib ki, əsas məqsəd iqtisadi inkişafa nail olmaqla bərabər, əhalinin sosial rifahını yaxşılaşdırmaqdır. Bu istiqamətdə görülən işlər sayəsində iqtisadi fəal əhalinin sayı artıb. Hazırda pandemiya dövründəyik. Əksər xarici ölkədə iş yerləri bağlanıb. Təbii ki, bu da işsizliyin sayının artmasına səbəb olub. Ancaq ölkəmizdə bu hal müşahidə olunmadı. Pandemiya dövrü olmasına baxmayaraq, iş yerlərinin bağlanmaması qarşıya qoyulan əsas məqsəd idi. Sahibkarlara bu istiqamətdə dövlət tərəfindən lazımi dəstək göstərildi. Təbii ki, bu istiqamətdə görülən işlər iqtisadi fəal əhalinin sayına təsir edir”.

Günel CƏLİLOVA

Son xəbərlər