“2020-ci ildə son 22 ildə ilk dəfə olaraq yoxsulluğun səviyyəsi qlobal səviyyədə artıb”. Bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib. O qeyd edib ki, koronavirus pandemiyasının mənfi tendensiyaları artmaqda davam edir:
“2020-ci ildə son 22 ildə ilk dəfə olaraq həddindən artıq yoxsulluğun artması müşahidə olundu. Həssas məqamda və qarşıdurmalar fonunda iqtisadi fəaliyyətdəki azalmanın daha 18 milyondan 27 milyonadək insanı yoxsulluğa məruz qoyması gözlənilir”.
Göründüyü kimi, dünyadakı iqtisadi vəziyyətlə bağlı bədbim proqnoz verilir. Bu vəziyyətdə Azərbaycanın özünü sığortalamaq kimi iqtisadi imkanlarını necə dəyərləndirmək olar?
“Bu çətin dönəmdə Azərbaycan vətəndaşı taleyin ümidinə buraxılmayıb ki, kəskin kasıblasın və aclıq hiss etsin...”
İqtisadçı ekspert Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, koronavirus pandemiyası bütün ölkələrin iqtisadiyyatına öz təsirini müxtəlif şəkildə göstərdi:
“Hətta bəzi hesabatlarda göstərilir ki, müəyyən ölkələrdə varlılar daha da varlandı, kasıblar isə daha da kasıblaşdı. BMT Baş katibinin həyəcan təbili də sırf pandemiyanın iqtisadiyyata vurduğu ziyandan qaynaqlanır. Pandemiya dünyanın qlobal iqtisadiyyatını, demək olar ki, iflic halına salıb. Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən iri müəssisələrdə kiçilmələr oldu, kiçik müəsissələr isə sıradan çıxdı. Ölkəmiz neftdən asılı ölkə olduğu üçün bunun fonunda həm də neftin qiymətinin kəskin aşağı düşməsi dövlət büdcəsinə öz təsirini göstərdi. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti özünün ehtiyat rezervlərindən maksimum istifadə edərək iqtisadiyyatımızı sabit tutmağa çalışıb. Bu xüsusda dövlətin iqtisadiyyatın bütün sahələri üçün təqdim etdiyi dəstək paketlərini göstərə bilərik. Bura iri və mikro sahibkarlığa göstərilən maddi dəstəyi, işsiz vətəndaşlara təyin olunan kompensasiyanı və digər mühüm proqramları aid edə bilərik. Yəni bu prosesdə Azərbaycan dövləti vətəndaşının yanında oldu. Dünyadakı varlı adamların daha da varlanmasını şərtləndirən başlıca məsələ texnoloji amillərlə bağlıdır. Cünki bu dönəmdə elektron ticarətə tələbat artdı. Kəskin varlanma da məhz bu sahələrlə bağlıdır. Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarını keçir. Bu da Ümumi Daxili Məhsulun həcmini 8 faizdən çox üstələyir. Bunun nəticəsində ölkənin fiskal dayanıqlığı lazımi şəkildə təmin olunur. Bir sözlə, bu çətin dönəmdə Azərbaycan vətəndaşı taleyin ümidinə buraxılmayıb ki, kəskin kasıblasın və aclıq hiss etsin”.
Ekspertin sözlərinə görə, Azərbaycan pandemiyadan əziyyət çəkən ölkələrə maddi yardım göstərirsə, deməli, həmin narahatlığın bizə hansısa aidiyyəti ola bilməz.
Məhəmmədəli QƏRİBLİ