Dünyada gedən iqtisadi proseslər bu və ya digər dərəcədə benzinin qiymətinin artmasına öz təsirini göstərir. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib. Bu da il ərzində 14 faiz artım deməkdir.
Bütövlükdə, dünyada benzinin qiymətinin artması iki amillə bağlıdır. Birincisi, pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVID-19-a qarşı vaksinin tapılması iqtisadi aktivliyə təkan verdi. Vaksin hazırlanandan sonra iqtisadi artımın bərpasına inam artdı və bu istiqamətdə təşəbbüslər özünü göstərməyə başladı. İkincisi, əksər ölkədə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. İqtisadi açılım enerji daşıyıcılarının artmasına bütün dünya üzrə öz təsirini göstərir. Azərbaycan da dünya iqtisadiyyatının bir tərkib hissəsi olduğu üçün təbii ki, bu prosesdən kənarda qala bilməz. Çünki sözügedən iqtisadi amillər bu və ya digər dərəcədə bir-birilə sıx bağlıdır. Ona görə də Azərbaycanın benzinin qiyməti ilə bağlı məlum qərarı labüd idi.
“Əgər başqa ölkələrdə neft məhsullarının qiyməti dəyişirsə, biz də...”
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin fikrincə, bir sıra amillər dünyada benzinin qiymətinin artmasına öz təsirini göstərir: “Belə olan halda, Azərbaycan bu proseslərdən kənarda qala bilməz. Neft məhsullarının, benzin və dizelin Azərbaycanda qiymətlərinin qalxması dünyada gedən proseslərlə əlaqədardır. Neftin və yanacağın qiyməti hər yerdə dəyişir. Əgər başqa ölkələrdə neft məhsullarının qiyməti dəyişirsə, biz də bunun istehsalçısıyıqsa, deməli, biz də yanacaq məhsullarını baha qiymətə satmalıyıq. Yanacaq məhsullarını aşağı qiymətə satanda biz onun yerini başqa bir məhsulla doldurmalıyıq. İndiki şəraitdə də bunu etmək qeyri-mümkündür. Çünki kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılmasının miqdarı xeyli aşağı düşüb. Azərbaycan iqtisadiyyatı isə neft məhsullarından gələn gəlirlər hesabına formalaşıb. Ona görə də neftin, neft məhsullarının qiyməti harada dəyişirsə, bu dəyişikliklərin bizdə də getməsi labüddür. Bütün dünyada yanacağın qiyməti dəyişir, bahalaşır. Bu səbəbdən də bizdə də neft və neft məhsullarının qiyməti yenidən tənzimlənir. Ölkələrin inkişaf dinamikası var. O üzdən, sözügedən dinamika nəzərə alınmalıdır”.
Bütün bunlardan çıxış edərək professor hesab edir ki, qiymətin artırılması labüd idi.
Vidadi ORDAHALLI