Hazırda bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyasının təsirinə məruz qalmayan biznes sahəsi yoxdur. Azərbaycan dövlət səviyyəsində pandemiya ilə uğurlu mübarizə aparan ölkələrdən biridir. Lakin pandemiyanın ölkə iqtisadiyyatına, o cümlədən maliyyə bazarlarına mənfi təsirləri də qaçılmazdır. Çünki maliyyə bazarlarının vəziyyəti birbaşa ölkənin ticarət dövriyyəsi, o cümlədən əhalinin və biznes subyektlərinin iqtisadi fəallığı ilə düz mütənasibdir.
Koronavirusla bağlı yaranmış böhran davam etdikcə dövlət nə mümkündürsə onu etməyə çalışır. Ölkə iqtisadiyyatının bir sıra istiqamətləri üzrə hazırlanan dəstək, bərpa mexanizmi onsuz da bu ilin üçüncü rübünün axırınadək müddəti əhatə edirdi ki, bunlardan da bəziləri uzadılacaq.
Qeyd etdiyimiz kimi, karantinlə bağlı müxtəlif sektorlar əhaliyə güzəşt edir. Lakin elə sahələr var ki, onlar nəinki əhaliyə güzəşt etmədilər, hətta əvvəlki qaydada müştərilərdən ödəniş tələb etdilər. Söhbət sığorta bazarından gedir. Belə ki, karantin dönəmində avtoqəza baş veribsə, sığorta şirkətləri hadisə yerinə əvvəlki illərdə olduğu kimi gec gəlir və ödənişi vaxtında etmirlər. Həmçinin, avtomobillərin icbarı sığortasında da vətəndaşlara güzəşt edilmədi. Məlumdur ki, avtomobil vaxtında sığorta olunmazsa maşın sahibi cərimələnir. Yaxşı olardı ki, pandemiya dönəmində sığorta şirkətləri icbari sığortanın qiymətində endirim edərdilər.
Qeyd edək ki, bir sıra ölkələrdə bu qayda tətbiq olunur. Bir sözlə, sığorta şirkətləri karantin dövründə əhaliyə güzəştə getmədi.
İqtisadçı Kamran Məmmədli qeyd etdi ki, pandemiya dövründə əhalinin gəlirləri kəskin şəkildə aşağı düşüb, bir çox sahələrdə iş dayanıb, əmək haqları azaldılıb və dolayısı ilə insanların böyük əksəriyyəti əllərində nağd vəsait saxlamağa, qeyri-müəyyənlik şəraitində yalnız ən təməl ehtiyacları barədə düşünməyə başlayıblar:“Qanunvericilikdə şirkətin mütləq güzəşt etməli olması ilə bağlı tələb yoxdur. Bu, daha çox, şirkətlərin uzunmüddətli inkişaf strategiyalarından asılı olaraq, korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilə bilərdi. Əhaliyə bəzi dəstəklər oldu, amma Azərbaycanda şirkətlər daha çox bu günü düşünürlər. Qısamüddətli dövrdə gəlir əldə etmək və ya zərərin qarşısını almaq məqsədilə qərarlar qəbul edirlər. Buna görə də, ölkəmizdə o qədər də iri inkişaf etmiş, uzunmüddətli strategiyası olan şirkət formalaşa bilmir. Dünya təcrübəsində şirkətlər belə vəziyyəti avantaja çevirirlər. Əslində karantin dövründə həmrəylik göstərməklə öz reputasiyaları üzərində işləyəcəkdilər. Bu zaman insanların ehtiyaclarına baxmaq olardı”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, sığorta şirkətləri öz mənfəətlərini düşünərək karantin dönəmində belə əhaliyə güzəşt etmədi. Şirkətlər nə ödənişin azaldılması ilə bağlı endirim, nə də ödənişin bir müddətlik təxirə salınması ilə bağlı güzəşt etdi.
Son olaraq bildirək ki, sığorta şirkətləri də eynilə banklar kimi əhaliyə hər hansı formada güzəşt etmədi, əksinə, əhalini incitməkdə davam edir.
Günel CƏLİLOVA