Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu ilin birinci yarısında əksər dünya ölkələrində sənaye istehsalının azalması daha böyük rəqəmlərlə ölçülür. Elə ölkələr var ki, orada azalma 10 faizdən yüksəkdir. Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, bu ilin mart ayından geniş vüsət alan pandemiya ölkələr arasında ticarət əlaqələrinə ciddi mənfi təsir göstərdi. Bu da, öz növbəsində, sənaye istehsalının azalması ilə müşayiət olunub.
Ancaq bu ilin birinci yarısında Azərbaycanda sənaye istehsalının həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalıb ki, bu elə də böyük rəqəm deyil. Belə ki, Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında 18,4 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz az sənaye məhsulu istehsal edilib. Bununla belə, bu ilin 6 ayında ölkənin qeyri-neft sənayesi 11.2 faiz artıb. Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma sektorunda, 32,1 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 14,9 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 12,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5 faiz artıb.
Göründüyü kimi, pandemiyanın yaratdığı fəsadlara rəğmən, Azərbaycanda sənaye istehsalının azalması digər ölkələrlə müqayisədə elə də böyük deyil. Hətta sənayenin bəzi sahələrində artım var. Ümumən bu göstəricini ekspertlər necə dəyərləndirir?
“Azərbaycanın mövcud gücü, iqtisadi potensialı koronavirusun təsirlərini...”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda sənaye istehsalının daha az azalması müsbət göstəricidir:“Burada vacib məqamlardan biri qeyri-neft sənayesində artımın qorunub saxlanmasıdır. Çünki pandemiya qlobal və milli iqtisadiyyatlara təsir göstərir. Bu baxımdan, təbii ki, pandemiyanın təsirlərinin minimumlaşdırılması istiqamətində aparılan tədbirlərdə də əsas məqsədlərdən biri qeyri-neft sənayesinin inkişaf tempinin qorunub saxlanmasıdır. 2020-ci ilin altı ayında qeyri-neft sənayesində 11 faizdən çox artımın qeydə alınması, eləcə də kənd təsərrüfatında artım tempinin qorunub saxlanması ondan xəbər verir ki, pandemiyanın təsirlərinə və eləcə də qlobal enerji bazarında yaşananlara rəğmən, Azərbaycanda qeyri-neft sənayesi öz mövqelərini qoruyub saxlamaqdadır. Ölkədə ümumi daxili məhsuldakı azalma qlobal iqtisadi azalma ilə müqayisədə azdır. Bu baxımdan da mövcud xarici faktorları nəzərə alsaq, azalmanı məqbul hesab etmək lar. Çünki bütün hallarda pandemiyanın heç bir ölkədə təsirlərini inkar etmək mümkün deyil. Xüsusən də sosial təcrid tədbirləri real sektora təsir göstərir. Ancaq bu ilin 6 ayının yekunları göstərir ki, pandemiyanın ölkə iqtisadiyyatına təsirlərinə baxmayaraq, bizim bəzi üstünlüklərimiz var. O da ondan ibarətdir ki, Azərbaycan pandemiyanın təsirlərini minimumlaşdırmaq imkanlarına malikdir. Azərbaycanın mövcud gücü, iqtisadi potensialı koronavirusun təsirlərini daha qısa zamanda minimumlaşdırmağa imkan verib. Bu da postpandemiya dövründə iqtisadi aktivliyin daha tez əldə edilməsinə imkan yaradır. O baxımdan qeyri-neft sənayesində, eləcə də aqrar sektordakı mövcud vəziyyət və artım tempinin qorunub saxlanması postpandemiya dövrü üçün nikbinlik formalaşdırır. Bu da, təbii ki, həm pandemiyanın davam etdiyi aylarda, həm də postpandemiya dövründə qeyri-neft sektoru ilə bağlı həyata keçirilən islahatların prioritetliyinin qorunub saxlanmasından xəbər verir”.
Ekspertin şərhindən belə məlum oldu ki, pandemiyadan sonra ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək.
Vidadi ORDAHALLI