Bu il "Formula 1" yarışları ilə bağlı Azərbaycan yeni sifariş verməyəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın bu yarışı keçirməsi üçün bütün lazımi avadanlıqları var: "Ötən ildən bəzi tikililər sökülməyib. Bu ona görədir ki, İslam Həmrəyliyi Oyunları mayın 22-də qurtarır, bir aydan sonra isə "Formula 1" başlayır. Yarışların təşkilində heç bir çətinlik görmürük. Bütün lazımi qurğular yerində olacaq. Bu il bu yarışın daha maraqlı olmasını gözləyirik. Ona görə ki, bütün pilotlar daha trasla tanışdırlar, yolları bilirlər. Yarışların birinci "Qran Pri"dən daha maraqlı keçəcəyinə inanırıq, daha çox qonaqların gələcəyini gözləyirik. Yeni Formula 1-i sevən Bakı azarkeşləri də bu yarışa qatılacaqlar".
“Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün bilet satışları normal qaydada davam edir. Artıq 40-dan çox ölkədən yarışlara biletlər alınıb”. Bunu isə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, hər şey plana uyğun olaraq gedir: “Tikinti işləri bu aydan başlayacaq. Təbliğat işləri davam edir. Bilet satışı ilə bağlı ilk kampaniya 31 yanvarda sona yetdi. Nəticələrdən razıyıq, gözləntilərimiz özünü doğrultdu. Dünyanın 40-dan çox ölkəsindən biletlər alınıb. Ən çox Rusiyadan, Böyük Britaniyadan, Avropa və ərəb ölkələrindən biletlər alınıb”.
O əlavə edib ki, bu dəfə də yarışlarla bağlı konsertlərə dünya ulduzlarının dəvət olunması gözlənilir: “Üç konsert proqramının təşkil olunması nəzərdə tutulur. Konsert proqramlarında dünya ulduzlarının da iştirak etməsi gözlənilir. Hazırda bununla bağlı danışıqlar gedir, razılıq əldə olunduqdan sonra onların adları ictimaiyyətə açıqlanacaq”.