Qobustan Rayon Olimpiya İdman Mərkəzində Azərbaycan Qocyuru Okinava Karate do və Kobudo Federasiyası (AQOKKNF) Qobustan Rayon İcra Hakimiyyəti ilə birgə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş açıq respublika turniri keçirib.
Yarışda Bakının Yasamal, Nizami, Xətai, Qaradağ və eyni zamanda, respublikamızın Qobustan, Yevlax, Hacıqabul, Şirvan, Göyçay, Zərdab rayonlarından olan 100-dən çox idmançı iştirak edib. Həmin idmançılar müxtəlif yaş qrupları və çəki dərəcələrində gücünü sınayıb.
VKF və kata növləri üzrə keçirilən turnir gərgin idman mübarizəsi şəraitində keçib. Bu yarışda Bakı şəhərindən "Ağ at", "Sərhədçi", "Ruslan" idman klublarından, Yasamal, Qaradağ, Qobustan, Yevlax və Şirvan rayonlarından olan idmançılar xüsusilə fərqlənib.
Yarışların birinci mərhələsində idmançılardan Seyid Abbasov, Hüseyn Məmmədov, Rəvan Əkbərov, Fəqan Şərifzadə, Abdulla Abdullayev, Tofiq Sabirli, Zaur Talıbov, Allahverdi Allahverdili, Qasım Zərbəliyev, Nizami Mustafayev fərqlənərək birinci yeri tutublar.
İkinci mərhələdə kata növləri üzrə isə Şükran Həsənli həmyaşıdları arasında fərqlənərək birinci yerə layiq görülüb. Respublika çempionatının ikincisi Həsən Davudzadə isə yenə də ikinci yerlə kifayətlənib.
7 yaşlılar arasında kata növü üzrə isə birinci yerə Yusif Dadaşov layiq görülüb. Qeyd edək ki, Yusif Dadaşov həm respublika çempionu, həm də MDB ölkələri arasında kata növü üzrə birinci yerə layiq görülən idmançıdır.
Bütün bu uğurlara görə federasiyanın prezidenti, əməkdar məşqçi Tarverdi Allahverdiyev başda olmaqla, qocaman ustad idmançımız Aydın Dadaşov, Fərid Əzizov və adını çəkmədiyimiz onlarla idmançının böyük əməyi var.
Biz də, öz növbəmizdə, idmançılarımıza uğurlar arzu edirik. İnanırıq ki, onlar şəhidlərimizin qanını yerdə qoymacaq, Azərbaycan bayrağını daim ucalarda, dünya arenalarında dalğalandıracaq.