Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyini qeyd edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən “Trend”-ə verilən məlumata görə, Azərbaycanın bu təntənəli bayram tədbirini qeyd etmək üçün məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar iştirak edib.
Çıxış edən şagirdlər tədbir iştirakçılarını salamladıqdan və təbrikləri çatdırdıqdan sonra səhnəciklə davam ediblər. Şagirdlər səhnəcikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş “Əli və Nino” filmində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bağlı səhnəni ifa edib.
Bu zaman məktəbin şagirdləri AXC-yə məxsus əsas dəyər və vətəndaşlara verilən hüquqlar haqqında məlumat verib. Daha sonra uşaqlar Azərbaycan himni ifa edib. Tədbirdə hər bir şagirdin iştirakı ilə milli ruhda Azərbaycan haqqında şerlər söylənib və milli rəqslər nümayiş etdirilib.