Mayın 25-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Müstəqil Azərbaycan Azərbaycan Xalq Cumhuriyyətinin varisidir" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, hüquqşünas alimlərin, tarixçilərin, elm və tədris müəssisələrinin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı ilə keçirilən konfransı ədliyyə nazirinin müavini Azər Cəfərov açaraq xalqımızın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cumhuriyyətinin rolundan və mühüm xidmətlərindən bəhs edib.
Bildirilib ki, Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyəti dövründə bir çox tarixi qərarlar qəbul olunub, dövlət atributları müəyyən edilib, ana dili dövlət dili elan olunub, vətəndaşlara bərabər hüquqlar, o cümlədən qadınlara seçki hüququ verilib, hüquq sistemi yaradılaraq Ədliyyə Nazirliyi təsis edilib, məhkəmə və istintaq orqanlarının, prokurorluğun fəaliyyəti bərpa olunub. Azərbaycanın müstəqil dövlət kimi tanınması, digər dövlətlərlə əlaqələrin qurulması Cumhuriyyətin böyük uğurlarından biri olduğu qeyd edilib.
Konfransda, həmçinin, Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin tarixinin ayrı-ayrı məqamları üzrə dolğun və elmi təhlillərə əsaslanan mövzularda çıxışlar edilib, xalqımızın istiqlal yolu və müstəqillik amallarının gerçəkləşməsi, cümhuriyyət ənənələrinin yaşadılması, indiki və gələcək nəsillərə aşılanması, iki illik fəaliyyəti dövründə demokratik dövlət quruculuğu, qanunvericilik, ədliyyə və digər mühüm sahələrdə xidmətləri, ictimai təşkilatların fəaliyyətinin hüquqi əsasları və digər məruzələr dinlənib, faydalı müzakirələr aparılıb.
Baki-xeber.com