Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri xalqın seçimidir. Trend-in məlumatına görə, bunu mətbuat konfransında Portuqaliya müşahidə missiyasının rəhbəri Mario Deyvid deyib.
M.Deyvid əlavə edib ki, Azərbaycanda prezident seçkiləri pozuntusuz və qanunvericiliyə uyğun, demokratiya və ədalətli seçki prinsiplərinə əməl olunmaqla keçirilib.
O bildirib ki, bütün namizədlərə öz fikirlərinin seçicilərə çatdırılması üçün zəruri şərtlər yaradılmışdı: “Seçki prosesi açıq və şəffaf keçdi. Seçicilərin fəallığı 74,51 faiz təşkil etdi. Bu isə xalqın öz fikrini bildirmək və seçim etmək arzusunu əks etdirir”.
Mərkəzi Seçki Komissiyası tərəfindən tətbiq olunmuş müsbət praktikadan danışan M.Deyvid seçki günü ərzində keçirilən rəy sorğularını qeyd edib.