Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri açıqlanıb.
Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev səslərin 3,04 faizini; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,11%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,39%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev isə səslərin 0,75% faizini toplayıb".
M.Pənahov bildirib ki, indiyə qədər hesabat vermiş seçki məntəqələrinin sayı 5201 təşkil edir, sayılmış bülletenlərin sayı isə 3 milyon 723 min 278-dir.
MSK sədri deyib ki, bəzi seçki məntəqələrindən bülletenlərin gəlməsində müəyyən ləngimələr var. Onlar da daxil olduqdan sonra tam nəticələr gün ərzində ictimaiyyətə açıqlanacaq.