Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “respublika” quran ermənilər indi də onun de-yure tanınması üçün azərbaycanlı qaçqınlara ümid bağlayıb.
Ermənistanın “Lragir.am” saytının xəbərinə görə, qondarma “respublika”nın qondarma “prezidenti” Bako Saakyan deyib ki, azərbaycanlı qaçqınlar “Artsaxın müstəqilliyini” tanımaları şərtilə Qarabağa geri qayıda bilər. Xəbərə görə, bu fikirləri o, “Mirror Spectator”a müsahibəsində səsləndirib. Maraqlıdır ki, Saakyan bu “unikal” fikrə çıxdığı “dünya turnesi”nin ardından düşüb. Yəqin xatırlayırsınız ki, az əvvəl qondarma “prezident” Vaşinqtona səfər etmiş, Konqresdə görüşlər keçirmişdi. Həmin məsələyə Azərbaycan XİN-in reaksiyası çox sərt oldu və ABŞ tərəfi sözügedən səfərin heç bir rəsmi xarakter daşımadığını, görüşlərin isə erməni lobbisinin nümayəndələrilə keçirildiyini bəyan etdi. Ardınca isə Azərbaycan XİN-ə dəvət olunan ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Vaşinqtonun Qarabağ məsələsində mövqeyinin dəyişməz olduğunu və ölkəsinin Minsk Qrupunun həmsədri olaraq münaqişənin sülh yolu ilə tənzimlənməsi missiyasına sadiq qaldığını bildirdi. Bunun ardınca qondarma “prezident” hansısa Afrika ölkəsinə də səfər etdi və həmin ərəfədə ermənipərəst “Reuters” agentliyi onun Moskvaya “rəsmi səfərə” dəvət olunmasının gərəkliyini gündəmə gətirməyə cəhd etdi. Görünür, bütün bu uğursuz çabalar nəticəsiz qalıb. Belə olmasaydı, uğursuz “prezident” indi də ümidini Qarabağın Azərbaycanlı İcmasına bağlamazdı. Amma razılaşaq ki, belə həyasız təklifi səsləndirmək üçün elə erməni olmaq lazımdır. Bir ölkənin əzəli və əbədi tarixi torpaqlarını qanlı qırğınlar törədərək işğal edən, onilliklər ərzində dünya birliyinin tanımaması üzündən öz parlamenti də bu addımı atmağa cürət etməyən bir toplumun “prezident” dediyi birinin tökülən qanlar səbəbindən qaçqın düşən aborigen əhalini şərtlə geriyə çağırması məhz həyasızlığın son həddidir ki, bu sifəti də yalnız bu toplum sərgiləməyə qadirdir. Əksini düşünən varmı?
SAMİRƏ