"Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır". Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə diplomatik missiyasının başa çatmasına həsr olunan (AmCham) aylıq işgüzar şam yeməyində bəyan edib.
O deyib ki, Azərbaycanın coğrafi mövqeyi və enerji ehtiyatları təkcə regionun yox, həm də dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır: "Bu, həm də digər amillər Azərbaycanın beynəlxalq arenada çəkisini artırır".
Səfirin sözlərinə görə, Azərbaycanın regionda vacib rolunu təmin edən digər amil ölkənin tranzit potensialıdır: “Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt qəsəbəsindəki yeni beynəlxalq dəniz limanı yeni “İpək yolu”nun vacib hissələrindəndir. Bu layihələr Çindən Avropaya yüklərin nəqlini 35 gündən 10-15 günədək azaltmağa imkan verəcək”.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına kömək etmək lazımdır”. Bunu da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir qeyd edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin davam etdiyini və münaqişəsinin beynəlxalq prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına kömək etmək lazım olduğunu yaddan çıxarmamalıyıq".
R.Sekuta bildirib ki, Azərbaycanın coğrafi mövqeyi ölkəyə yeni imkanlar təqdim edir, həmçinin onun beynəlxalq əhəmiyyətinin artmasına şərait yaradır: "Azərbaycan öz coğrafi mövqeyi sayəsində Avropadan Mərkəzi Asiya vasitəsilə Əfqanıstana hərbi yüklərin göndərilməsi üçün həyati əhəmiyyətli nəqliyyat kanalı olan "Şimal paylayıcı şəbəkəsi"nin mühüm tərkib hissəsinə çevrilib".
Bu il Azərbaycan Xalq Cümhüriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd edildiyini xatırladan diplomat deyib ki, Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsidir: "Bu gün Azərbaycan dünyəvi müsəlman ölkəsi, eləcə də müxtəlif etnik və dinlərarası tolerantlıq ölkəsi olaraq dünyaya nümunədir".