Azərbaycanda prezident seçkilərini 300-dən çox beynəlxalq müşahidəçi izləyəcək. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.
O bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
M.Pənahov qeyd edib ki, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısamüddətli müşahidəçisi, eləcə də MDB-nin qısamüddətli müşahidəçiləri bu siyahıya daxil deyil: "Ümumilikdə, prezident seçkilərini müşahidə etmək üçün 47 ölkənin vətəndaşları müraciət edib".
Aprelin 11-də keçiriləcək prezident seçkilərində yerli müşahidəçilərin də sayı açıqlanıb. Məzahir Pənahov bildirib ki, dairələr üzrə müşahidə aparmaq istəyən 55 min 887 yerli müşahidəçi qeydiyyatdan keçib.
Komissiya sədrinin sözlərinə görə, 969 yerli müşahidəçi MSK-da qeydiyyatdan keçib.