Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən 4 təşkilat qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
"Exit-poll" keçirəcək təşkilatlar “Els" Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə) və Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzidir (Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə).
Azərbaycanda prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçiriləcək dairələrin sayı da məlum olub. Komissiya sədrinin müavini Natiq Məmmədov bildirib ki, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə 118, “Els" Müstəqil Araşdırmalar Mərkəzi 118, “RƏY” Monitorinq Mərkəzi 48 və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə 40 seçki dairəsində monitorinq keçirəcək.
Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.