İraq və Suriyada gedən döyüşlərdə 300 Azərbaycan vətəndaşı həlak olub. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib.
S.Heydərov deyib ki, bu ölkələrdə radikal qrupların tərkibində döyüşlərdə iştirak etmiş 92 nəfər ölkəyə gətirilərək məsuliyyətə cəlb olunub: "İraq və Suriyada bu qrupların tərkibində iştirak etmiş 260 nəfər də müəyyənləşdirilib və onlar vətəndaşlıqdan çıxarılıb".
S.Heydərov əlavə edib ki, İraq və Suriyada döyüşlərdə iştirak etmiş bir qisim Azərbaycan vətəndaşı isə üçüncü ölkələrdə gizlənirlər.
Onun sözlərinə görə, həmin şəxslərin də müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində işlər aparılır.
Səyavuş Heydərov deyib ki, İraq və Suriyada olan 19 azərbaycanlı uşaq bu yaxınlarda Azərbaycana gətiriləcək. O bildirib ki, onların gətirilməsi ilə bağlı texniki məsələlər artıq öz həllini tapıb.
S.Heydərovun sözlərinə görə, hazırda Suriya və İraqda 300-dən çox azərbaycanlı qadın və uşagın olması barədə məlumatlar var, ancaq bu, dəqiq rəqəm deyil: "Onların dəqiq sayının müəyyənləşdirilməsi və ölkəyə gətirilməsi istiqamətində işlər aparılır".