NATO-nun sentyabrın 3-də Gürcüstanın Orpolo regionunda start götürən “Agile Spirit” təlimlərinin loqotipində Azərbaycan bayrağının yer alması Ermənistanda narazılıqla qarşılanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu ölkənin “panarmenian” saytında Gürcüstanın təlimlərdə Azərbaycanın iştirakı ilə bağlı öncədən məlumat verməməsi qınanılır. Məsələ burasındadır ki, Ermənistan bu yarışlara çox həvəslə qatılacağını bilduirmişdi, lakin son anda bilinməyən səbəbdən ölkə rəhbərliyi əks qərarını açıqladı. Bu isə elə ölkə içərisində geniş narazılıq doğurdu, çünki alınan qərara heç bir sanballı izah verilmədi. Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan isə bildirdi ki, guya ölkəsinin sözügedən təlimlərdə iştirak edəcəyilə bağlı rəsmi açıqlama olmayıb. Nazir müavini onu da deyib ki, “Agile Spirit” təlimlərinə qatılmaması o demək deyil ki, Ermənistanın NATO ilə əməkdaşlığında hansısa geriləmə baş verib. Onun sözlərinə görə, bu əməkdaşlıq bağqa sahələrdə davam edəcək.