"Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişə zonasında vəziyyətin eskalasiyasının əsas səbəbidir və Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasına başlıca maneədir". Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Azərbaycanın bütün səfirlik və diplomatik nümayəndəliklərinə akkreditə olunduqları ölkələri erməni təxribatı barədə məlumatlandırmaq tapşırılıb: "Xarici işlər naziri Elmar Məmmədyarov artıq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə son insidenti müzakirə edib. Kaspşik və onun köməkçisi hazırda atəş yerində araşdırma aparırlar. ATƏT anlamalıdır ki, Ermənistanın bu fəaliyyəti danışıqlar prosesinin pozulmasına istiqamətlənib".
"Ötən gün Alxanlı kəndi istiqamətində atəşkəs rejimi pozulub. Düşmən 82 və 120 mm-lik minaatan və qumbaraatanlardan istifadə etməklə, Silahlı Qüvvələrimizin mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutub. Bu təxribat nəticəsində 2 nəfər həlak olub, bir nəfər yaralanıb. Yaralı hospitala çatdırılıb, onu xilas etmək mümkün olub. Hazırda həyatı üçün təhlükə yoxdur. Daha sonra düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulub".
APA-nın məlumatına görə, bunu da mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
V. Dərgahlı bildirib ki, düşmən tərəfinin itkiləri olsa da, gizlədilir.
"Yaxın vaxtlarda məcbur olub məlumat verəcəklər. Ermənistan dərhal dünya ictimaiyyətini aldadaraq yalan məlumatlar yayaraq, Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini bildirib. Biz bunu qəti rədd edirik. Bildiririk ki, Ermənistan həmişəki kimi mülki əhalini atəşə tutub. Alxanlıda nə qərargah, nə də atəş nöqtəsi var. Digər məlumatda bildirirlər ki, Azərbaycan guya ABŞ-a məxsus reaktiv sistemlərdən istifadə edib. Bu da ağ yalandır. Qəti olaraq bu məlumatı təkzib edirik. Ermənilərin qeyd etdiyi yaylım atəşi sistemi ABŞ deyil, Türkiyə istehsalıdır. Düşmən hər vəchlə yalan məlumatlardan istifadə etməklə təxribat törədir. Dünən isə bu silahdan ümumiyyətlə istifadə olunmayıb. Dünən baş verən hadisə bir daha göstərir ki, ötən ilin aprelində Azərbaycan tərəfindən əməliyyatlar cavab addımı olaraq həyata keçirilmişdi".
V. Dərgahlı qeyd edib ki, bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq: "Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, ötən gün Alxanlıda baş verən hadisə ilə bağlı artıq Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb. "İstintaq qrupu yaradılıb. Hadisə yerinə və meyitlərə baxış keçirilərkən hadisə yerində, meyitlərin bədənində qumbaraatan mərmilərin qəlpələri aşkar edilib. Cinayət işi üzrə obyektiv araşdırma aparılmaqla, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir", - deyə o qeyd edib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.