İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin təxribat törətdiyi Füzuli rayonunun Alxanlı kəndində vəziyyət sabitdir. Bu barədə Trend-ə açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məlumat verib. Onun sözlərinə görə, hazırda kənddə əhali gündəlik həyat tərzini davam etdirir: "Ermənilərin təxribat törətməsi birinci dəfə deyil. Onlar mütəmadi olaraq Azərbaycan ərazilərini atəşə tuturlar. Amma Füzuli camaatını bu cür təxribatlar qorxutmur. Hazırda Alxanlı kəndində və rayonda hər şey qaydasındadır, əhali gündəlik işi ilə məşğuldur”.
İcra başçısı bildirib ki, ötən gün baş verən insident erməni vandalizminin növbəti nümunəsidir.
A.Alıyev əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri prosesləri tam nəzarətdə saxlayır.
“Ermənilər demək olar ki, hər gün axşamlar Alxanlı kəndini atəşə tuturlar”. Bunu isə Trend-ə açıqlamasında Füzuli rayonunun Alxanlı kənd sakini Sevinc Məmmədova deyib.
Kənd sakini bildirir ki, ermənilər son vaxtlar yalnız yaşayış məntəqələrini atəşə tuturlar: "İyulun 4-də gecə kənd atəşə tutuldu. Kəndə 4-5 yerə mərmi düşdü. Əvvəllər qəbristanlıqları, obyektləri atəşə tuturdular. Amma son vaxtlar birbaşa kəndi atəşə tuturlar. Dünən axşam ermənilər kənd istiqamətində hücuma keçdilər. Azərbaycan Silahlı Qüvvələri təxribatın qarşısını aldılar. Ermənilər hər axşam kəndi atəşətə tuturlar, dayanmırlar".
S.Məmmədova bildirir ki, hazırda kənddə sakitlikdir: "Əhali öz işi ilə məşğuldur. Artıq əhali erməni təxribatlarına öyrəşib. Bu, birinci dəfə deyil ki".
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.