Məhkəmə Telman İsmayılovun Las-Veqasdakı ticarət mərkəzinə həbs qoyub.
Baki-xeber.com-un “kommersant”a istinadən xəbərinə görə, buna səbəb Moskva Bankının Amerika məhkəməsinə müraciət etməsidir. Moskva Bankı iş adamını “Rusiyada kredit ödənişini dayandırıb alınan vəsaiti ölkə xaricinə çıxarmaqla dələduzluq etməkdə” suçlayır. Telman İsmayılovun ABŞ-da aktivlərinin olması barədə məlumat isə “Kipr Respublikasının ədalət məhkəməsinin iş adamı barəsində çıxardığı qərar” nəticəsində ortaya çıxıb və kreditorlar bundan xəbər tutub.
Xatırladaq ki, bu ilin fevral ayında Moskva Bankının hüquqşünasları Nikosiya məhkəməsinə müraciət edərək, Ismaiılova məxsus “Vesto Trading Limited” şirkətinin maliyyə dövriyyəsinin açıqlanması ilə bağlı Kiprin bir sıra bankları qarşısında tələb qoyulmasını istəyib. Bildirilir ki, sözügedən şirkət və iş adamının özü 2012-ci ilin sentyabrından 2014-ün fevralına kimi Moskva Bankının “Tropicano Finance B.V” holland şirkətinə kredit verməsinin təminatçısı olub. Bu şirkətlər də AST Şirkətlər Qrupuna daxil olub və ümumilikdə üç tranşa 230 milyon dollar kredit alıblar, lakin sonradan kredit ödənişi dayanıb.
Qəzetin xəbərinə görə, hazırda Telman Ismayılovun cərimə və penyalarla tam borcu 19 milyard rubl təşkil edir. Bu ilin yanvarında isə Moskva Arbitraj Məhkəməsi biznesmenin müflis elan olunması ilə bağlı şikayətinə baxılması istəyini rədd edib.