Seyid Camal Əzimbəyli: "Bu dəyişikliklər Azərbaycanın münbit tolerant dövlət siyasətindən sui-istifadə etmək istəyənlərin zərərsizləşdirilməsinə kömək edəcək"
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. Qanuna edilən dəyişikliyə əsasən, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir.
Bundan başqa, xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilər.
Qanunun 24-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçiriləcək.
Şərqşünas Seyid Camal Əzimbəyli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu qərarı alqışlayır: "Bu dəyişikliklər Azərbaycanın münbit tolerant dövlət siyasətindən sui-istifadə etmək istəyənlərin zərərsizləşdirilməsinə kömək edəcək. Bu səbəbdən də milli-mənəvi dəyərlərimizi qorumaq üçün bu dəyişikliklərin qəbulu müsbətdir.
Digər ölkələrdən Azərbaycana zərərli düşüncələri yaymaq cəhdlərinin qarşısını almaq üçün bu qərar verilib. Prezident tərəfindən təsdiq olunan qanun bizim milli mənafeyimizi qorumaq məqsədi daşıyır. Azərbaycan dövlətinin maraqlarını qorumaq üçün hər kəs tərəfindən bu qərara hörmətlə yanaşılmalıdır".
Günel CƏLİLOVA