16 aprel 2017-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin nümayəndələri Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər rayonunda yerləşən Regional Peşə Təlim Mərkəzini ziyarət etmək üçün regiona səfər edib.
Səfərin məqsədi ABŞ-ın Azərbaycandakı Səfirliyinin sifarişilə həyata keçirilən "Qadınlar İcma Sosial Ədalət: Məcburi Köçkün İcmalarında Gender əsaslı Zorakılığın Müzakirəsi" layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərlə tanış olmaq və məcburi köçkün icmalarının qadınları ilə görüşmək idi.
Səfər çərçivəsində ABŞ-ın Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə müşaviri Ami Pitersen və qrantlar üzrə mütəxəssisi Nigar Əliyeva Tərtər Regional Peşə Təlim Mərkəzi ilə tanış olub. Mərkəzin fəaliyyəti, burada həyata keçirilən təlimlər və mərkəzə aid olan digər obyektlərlə qonaqları tanış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev daha sonra qonaqlarla birlikdə "Qadınlar İcma Sosial Ədalət: Məcburi Köçkün İcmalarında Gender əsaslı Zorakılığın Müzakirəsi" layihəsi çərçivəsində Tərtər rayonundan seçilmiş Məcburi köçkün qadınlara keçirilən "Qadın hüquqları" mövzusunda təlimdə iştirak edib. Təlimdən sonra BAMF prezidenti Umud Mirzəyev səfirliyin əməkdaşları ilə birlikdə layihənin gələcək fəaliyyətləri və ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə layihənin davamlılığını saxlamaq üçün birgə əməkdaşlıq perspektivlərini müzakirə edib.
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu ABŞ-ın Azərbaycandakı səfirliyinin sifarişilə Bərdə, Tərtər, Ağdam və Füzuli rayonlarının məcburi köçkün icmalarında "Qadınlar İcma Sosial Ədalət: Məcburi Köçkün İcmalarında Gender əsaslı Zorakılığın Müzakirəsi" və "Regionlarda Məcburi Köçkün Gənclərinin Vətəndaş Cəmiyyəti Quruculuğunda iştirakının dəstəklənməsi" layihələrini həyata keçirir.