Türkiyədə uğursuz çevriliş cəhdinin ardından Yunanıstana qaçan 8 əsgərin məhkəməsi olub.
Baki-xeber.com CNN Türk-ə istinadən xəbər verir ki, dünən Dədəağac şəhər məhkəməsində qiyamçıların məsələsinə baxılıb və məhkəmə onların hər biri barəsində ölkəyə qaçaq yolla giriş maddəsilə iki aylıq həbs qərarı verib.
Məhkəmədə sorğulanan əsgərlər İstanbul Aksaraydan yaralıları götürmək tapşırığı aldıqlarını, lakin onlara atəş açılması səbəbindən birliklərinə geri dönməyə məcbur qaldıqlarını bildiriblər. Onların sözlərinə görə, bundan sonra yaratdıqları Whatsapp qrupundan razılaşaraq saat 04:00 radələrində helikopterlə birlikdən ayrılıblar və boş bir əraziyə enərək haraya qaçmaq barədə məsləhətləşiblər. Qaçaq qiyamçılar onu da deyiblər ki, Yunanıstanı özləri üçün Bolqarıstandan daha təhlükəsiz hesab etdiklərindən buraya eniblər.
Hakimin "çevriliş cəhdinə qarışmadınızsa, niyə ölkədən qaçırdınız” sualına isə onlar bütün hərbçilərin təhlükədə olduğunu düşündükləri cavabını veriblər.
Məhkəmənin önünə əlində Türk bayrağı tutaraq toplaşanlar polis müşayiətində aparılan qiyamçılara təpki göstərib, "Hamınız qatilsiz” sözlərini səsləndiriblər. Vəkil Ramazan Arıtürk isə deyib ki, onlarda bu əsgərlərin qiyamçı olduğunu təsdiqləyən sənədlər var və onları məhkəməyə təqdim edəcəklər. "Bunlar Cumhurbaşqanının Marmarisdə qaldığı otelə basqın təşkil edən qatil sürüsüdür, basqınları nəticə verməyəndə İstanbulda dinc insanları qətl etdilər”- Arıtürk deyib.
Xatırladaq ki, iyulun 16-na keçən gecə Türkiyədə baş tutmayan uğursuz hərbi çevriliş cəhdinin ardından 8 hərbçi helikopterlə Yunanıstana qaçıb. Helikopter ertəsi gün Türkiyəyə qaytarılsa da, hərbçilər Yunanıstan ərazisinə qaçaq yolla girmədə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.