Somalinin paytaxtı Moqadişoda terrorçuların mikroavtobusa hücumu nəticəsində Azərbaycan, Türkiyə və Somali vətəndaşları xəsarət alıb. Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, nəticədə bir Azərbaycan və bir Türkiyə vətəndaşı həlak olub, iki Azərbaycan vətəndaşı və bir neçə Türkiyə vətəndaşı isə yaralanıb.
Xəbərə görə, insident martın 30-da Türkiyənin bu ölkədəki Səfirliyi qarşısında baş verib. Naməlum şəxslər avtomobildən işçiləri Türkiyə xəstəxanasına aparan mikroavtobusu atəşə tutub. Həlak olan Azərbaycan vətəndaşının Göyçay rayonunun Ləkiçılpaq kənd sakini İsmayılova Kəmalə Savalan qızı olduğu xəbər verilir. Onun iki azyaşlı övladı isə ağır yaralanıb və hazırda xəstəxanadadır. Həlak olan xanımın həyat yoldaşının aldığı xəbərdən komaya düşdüyü də gələn xəbərlər sırasındadır. Xəbərdə o da bildirilir ki, ailə uzun müddət türkiyədə yaşayıb, sonradan "Turkish Airlines”-in Somali nümayəndəliyində işləmək üçün bu ölkəyə gedib.
Xatırladaq ki, Somalidə "Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatına bağlı "Aş-Şabab” radikal qruplaşması fəaliyyət göstərir. "Aş-Şabab” mərkəzi hökumətə və BMT-nin ölkədə humanitar fəaliyyətinə qarşı mübarizə aparır.
Somalinin paytaxtı Moqadişoda nəqliyyat vasitəsinə hücum zamanı həlak olmuş Azərbaycan vətəndaşının meyiti yaxın vaxtlarda Vətənə çatdırılacaq. Bunu "Trend”-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyi bu məsələni həll etmək üçün ölkənin hakimiyyəti ilə əlaqə saxlayır: "Türkiyə XİN ölənin şəxsiyyətini rəsmən təsdiq edib. Bu Kəmalə İsmayılovadır".