Prezident İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC), Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının (CPMAJO) rəhbərliyi ilə görüşüb.
Baki-xeber.com-un Prezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbərinə görə, belə görüşlərin artıq ənənə halı aldığının, qarşılıqlı fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığının qeyd olunduğu söhbət zamanı bildirilib ki, bu görüşlər gələcək əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının rəhbərləri ölkəmizin uğurlarının getdikcə artdığını, Azərbaycana səfərləri zamanı bunun şahidi olduqlarını, Bakının gözəlliyinin onlarda dərin təəssürat yaratdığını bildiriblər. Belə görüşlərin həm Azərbaycan-ABŞ, həm də Azərbaycan-İsrail əməkdaşlığının inkişafına töhfə verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan-ABŞ əlaqələri yüksək səviyyədədir və yəhudi təşkilatları da bu prosesə töhfə verir.
Görüşdə əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.