Ermənistanın Müdafiə Nazirliyi son vaxtlar yeganə ümidi olan və danışdıqlarına hətta özünün də inanmadığı "komandos” ləqəbli bir ünsürün xidmətlərindən tez-tez istifadə etməyə başlayıb. Bunu ehtiyatda olan erməni general Arkadi Ter-Tadevosyanın guya Ermənistanın hansısa "gizli silah"a sahib olması barədə sərsəm fikirlərini şərh edən Azərbaycanın sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
Y.Aydəmirov bildirib ki, guya erməni "sənətkarlar”ın əli ilə yaradılan və hələ heç kəsə məlum olmayan, ən çətin gün üçün saxlanılan "gizli erməni silahı” barədə istifadə müddəti bitmiş birinin lovğalanaraq dilə gətirdiyi cəfəng fikirlər isə yaşlaşdıqca ağlını itirənin sayıqlamasıdır. Bu, ancaq gülüşlə qarşılanmalıdır.
Onun sözlərinə görə, həqiqətdə isə son vaxtlar cəbhədə canlı qüvvə, hərbi texnika sarıdan xeyli sayda itki verən düşmən səriştəsizliyini ört-basdır etmək üçün bu cür uydurma və sayıqlamalarla dolu boş nağıllarla erməni xalqını doyurmağa çalışır: "Amma bu üzdəniraq erməni "qəhrəmanı” özü də yaxşı bilir ki, son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi taktiki üstünlüyün və əsgərlərimizin qazandığı uğurların nəticəsidir ki, qoşunların təmas xəttinə yaxın işğal olunmuş yaşayış məntəqələrində məcburən yerləşdirilən erməni əhali köçür".