Azərbaycanda fəaliyyət göstərən mobil operatorların səhvi üzündən bu gün səhər saatlarından ölkədə "zaman çaşqınlığı” yaşanır. Məsələ burasındadır ki, mobil operatorlar ölkədə qış və yay vaxtına keçidlə bağlı saatların irəli-geri çəkilməsinin avtomatik sistemə salıb. Zamanında bu üsul çox təqdirəlayıq hal idi və insanları zamanla bağlı bəzi anlaşılmazlıqlardan xilas edirdi. Lakin bu il Nazirlər Kabinetinin 1997-ci ildən qüvvədə olan yay vaxtına keçidlə bağlı sərəncamın ləğvi barədə verdiyi müvafiq qərardan ya operatorlar xəbərsizdir, ya da avtomatik sistemə keçirdikləri prosesi gözardı ediblər. Nəticədə də bu gün səhər açılandan az qala hamı bir-birinə zəng edərək vaxtı dəqiqləşdirməli olub.
Ümid edək ki, mobil operatorlarımız gün ərzində buraxdıqları səhvin fərqinə varıb onu düzəldəcək. Axı sabah iş günüdür...