Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Raxat Əliyev Vyanada həbs edilib. Bu barədə, onun vəkili Manfred Ainedterə istinadən «Austria Presse Agentur» məlumat yayıb.
Vəkilin sözlərinə görə, Nursultan Nazarbayevin sabiq kürəkəni Vyana hakimiyyətinə könüllü təslim olub.
Vaxtilə böyük nüfuza malik olan Raxat Əliyev müxtəlif illərdə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsində, Gömrük Xidmətində və XİN-də yüksək vəzifələr tutub, eləcə də Avstriyada Qazaxıstanın səfiri olub. 2008-ci ildə gözdən düşmüş Raxat Əliyev cinayətkar qrup təşkil etmək, insan oğurluğu və hakimiyyəti ələ keçirmək ittihamı ilə qiyabi şəkildə uzunmüddətli həbsə məhkum edilib.
2011-ci ildə prezidentin böyük qızı Dariqa Nazarbayeva ilə evli olan Əliyevə qarşı Qazaxıstanda daha bir cinayət işi başlanılıb. Bu dəfə o ölkənin ən iri banklarından birinin baş menecerinin qətlində şübhəli bilinib.
Əliyev 2012-ci il prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olmasına işarə edərək bu ittihamları siyasi əsaslı adlandırıb. 2011-ci ildə Avstriya sabiq səfirlə bağlı araşdırmalara başlayıb, lakin vətəndə ona ədalətli mühakimə təmin edilməyəcəyindən ehtiyatlanıb və Qazaxıstanın Əliyevi ekstradisiya etmək müraciətini iki dəfə rədd edib.