Ağ Ev nümayəndə heyətinin Moskva və Kiyevə səfərlərindən sonra Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, söhbət düz bir saat davam edib.
Söhbətin konstruktiv və çox səmimi keçdiyini deyən Uşakovun sözlərinə görə, liderlər ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerin 5-6 sentyabr tarixlərində Moskva və Kiyevə səfərlərinin nəticələri barədə fikir mübadiləsi aparıblar.
O, bildirib ki, Rusiya prezidenti ABŞ-ın Ukraynadakı hərbi əməliyyatlara tez bir zamanda son qoymaq üçün ata biləcəyi addımları açıqlayıb.
"Xüsusi hərbi əməliyyat zamanı hazırda baş verənlər və ümumiyyətlə, döyüş meydanında irəliləyiş perspektivlərini və xüsusi hərbi əməliyyat üçün müəyyən edilmiş məqsəd və vəzifələrə çatmağı necə gördüyümüz obyektiv və hərtərəfli təhlil edilib. Yeri gəlmişkən, o (Rusiya Prezidenti) amerikalıların hərbi əməliyyatları tez bir zamanda başa çatdırmaq üçün real olaraq nə edə biləcəklərini açıqlayıb" - deyə Uşakov bildirib.
Uşakov əlavə edib ki, Putin Amerika tərəfinin və şəxsən Donald Trampın Ukrayna münaqişəsinin həlli yollarının tapılmasındakı vasitəçilik səylərini müsbət qiymətləndirib: "Prezidentlər əlaqə saxlamağa və lazım olduqda bir-birlərinə təcili zəng etməyə razılaşıblar", - deyə Rusiya prezidentinin köməkçisi bildirib.
Tahir TAĞIYEV