İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail hakimiyyəti, Britaniyanın Qərbi Şəriyədəki İsrail yaşayış məntəqələrinə qoyduğu məhdudiyyətlərə cavab olaraq, Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq və digər tədbirlər həyata keçirəcək.
"Təəssüf ki, İsrailə qarşı sistematik şəkildə fəaliyyət göstərən düşmən Leyboristlər Partiyası hakimiyyətdədir. Bu da, bizə düşmən hərəkətlərinə cavab verməkdən başqa çarə qoymur" - "The Times of Israel" qəzeti Saarın sözlərindən sitat gətirib.
İsrail həmçinin Britaniya parlamentinin 11 üzvünün ölkəyə girişinə qadağa qoyacaq, ABŞ-ın maliyyələşdirdiyi Qəzza üçün Beynəlxalq Dəstək Mərkəzindəki Britaniya nümayəndələrini ölkədən çıxaracaq və Ramallahda Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələrinə təlim keçən Britaniya komandasının işini də dayandıracaq.
Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyi 11 Avropa ölkəsi və Kanadanın Qərbi Şəriyədəki İsrail yaşayış məntəqələrinə ticarət məhdudiyyətləri tətbiq etmək niyyətində olduğunu bildirmişdi. Qərb mediası məhdudiyyətlərin tikinti, maliyyə və daşınmaz əmlak xidmətləri göstərən şəxslərə və şirkətlərə təsir edəcəyini bildirmişdi. ABŞ dövlət katibi Marko Rubio isə Vaşinqtonun bu cür tədbirlərə qoşulmayacağını bildirib. Eyni zamanda, o, xüsusilə də hazırda regionda baş verən digər hadisələri nəzərə alınmaqla, Qərb Şəriyəsində vəziyyətin qeyri-sabitləşməsinin qarşısını almağa çağırıb.
Tahir TAĞIYEV