Kamran Əsədov: “Gənclərin dövlət qulluğuna qəbulun müsahibə mərhələsində iştirak etməməsinin səbəbi onların özünə inamının olmamasıdır”
“Dövlət qulluğuna qəbulla bağlı test imtahanından sonra təşkil edilən müsahibələrlə bağlı qanunvericiliyə bəzi dəyişikliklər ediləcək”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, dövlət qulluğuna işə qəbulla bağlı test imtahanında iştirak edərək sertifikat əldə edən hər bir şəxs 5 il ərzində müsahibələrdə iştirak edə bilər: “Mərkəzin saytında dövlət qulluğuna işə qəbul imtahanı ilə bağlı cədvəllər yerləşdirilib. Həmin cədvələ baxan şəxs rahatlıqla görə bilər ki, neçə namizəd müsahibə üçün qeydiyyatdan keçib, onlardan neçəsi müsahibədə iştirak etməyib. İnsanlar müsahibəyə yazılır və biz bununla əlaqədar hazırlıq işləri görürük. Dövlət İmtahan Mərkəzi müsahibə üçün regionlara öz ekspertlərini, dövlət qurumları isə öz nümayəndələrini ezam edirlər. Bizim regionlardakı işçilərimiz də bu prosesə cəlb olunur. Amma bəzi namizədlər müsahibədə iştirak etmir. İştirak edən namizədlərin də bir çoxu bu prosesə qeyri-ciddi yanaşırlar. Onlar 5 illik sertifikat əsasında növbəti müsahibələrdə iştirak edə biləcəklərini, burada hər dəfə bir az təcrübə topladıqlarını və nə vaxtsa işə qəbul olunacaqlarını düşünürlər”.
M.Abbaszadə dövlət qulluğuna qəbulun müsahibə mərhələsinə qeyri-ciddi yanaşmanı aradan qaldırmaq üçün qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi ilə əlaqədar DİM tərəfindən təkliflərin hazırlanacağını da qeyd edib.
Dövlət qulluğuna qəbulun müsahinə mərhələsinə namizədlərin daha ciddi yanaşması üçün bu sahədə hansı dəyişikliklər edilməlidir? Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Məlum olduğu kimi, 2015-ci ildən etibarən dövlət qulluğuna qəbul dayandı. Müəyyən fasilədən sonra, 2017-ci ilin noyabr ayından etibarən Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul keçirməyə başladı. 2016-cı ilə qədər bu prosesi Dövlət Qulluğuna qəbul üzrə Komissiya həyata keçirirdi. O zaman keçirilən bütün imtahanlar pulsuz idi. 2016-cı ildə ölkə başçısının imzaladığı sərəncamdan sonra vahid Dövlət İmtahan Mərkəzi yaradıldı. Buna qədər pulsuz olan imtahanlar artıq pullu oldu. Həmçinin, müraciət edənlərin sayında da kəskin azalma hiss olunmağa başladı. Hazırda 110 manat xidmət haqqı ödəyib test imtahanından keçənlərin çoxu müsahibə mərhələsində iştirak etmir. Həmin şəxslərin müsahibə mərhələsində iştirak etməməsinin səbəbi onların özünə inamının olmamasıdır. Zənnimcə, bu yanlış fikirdir. Əvvəlki illərdə dövlət qulluğuna qəbul zamanı kənar müdaxilələr baş verirdisə, indi bu mümkün deyil”.
Həmsöhbətimiz onu da bildirdi ki, dövlət qulluğunda əməkhaqqının aşağı olması bu sahəyə müraciət edənlərin sayına təsir edir. Bu gün ali təhsilli şəxslər ağır dövlət qulluğu rejimində işləməkdənsə, yüksək məvaciblə özəl sektorda çalışmağa üstünlük verirlər: “Hesab edirəm ki, gənclərin özəl sektora meyl etməsi məhz məvaciblə bağlıdır”.
K.Əsədovun fikrincə, bütün hallarda, DİM sadələşdirmə rejiminə keçməlidir. Çünki bu gedişlə dövlət orqanlarında işləməyə gənc kadrlar meyl etməyəcəklər.
Günel CƏLİLOVA