Azər Allahverənov: “Nəzərə almaq lazımdır ki, bu, sırf hüquqi müstəvidə öz həllini tapan məsələdir”
"Statuslarından asılı olmayaraq, Azərbaycanda sığınacaq axtaran hər bir şəxsin hüquqları qanunvericiliklə tənzimlənir". Bunu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayev sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə deyib.
O qeyd edib ki, Azərbaycanda sığınacaq almaq istəyən şəxslərin Dövlət Miqrasiya Xidmətinin qərarlarından məhkəmələrə etdikləri müraciətlərin sayı ildən-ilə artır: "2015-ci ildə məhkəməyə müraciətlər 8, 2016-cı ildə 11, 2017-ci ildə isə iki dəfə artıb. Belə müraciətlərin sayı ümumilikdə 38 olub. Təkcə 2018-ci ilin 2 ayı ərzində 11 belə iddia daxil olub".
R.Rzayev bildirib ki, həmin müraciətlərdən 30-u rədd edilib: "Məhkəməyə müraciət edən əcnəbilər əsasən Əfqanıstan, Türkiyə, İran və Rusiya vətəndaşlarıdır".
Məsələ ilə bağlı fikir bildirən miqrasiya sahəsi üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın ərazisi hər zaman miqrant axını üçün cəlbedici olub: “Ölkəmizə müxtəlif məqsədlərlə çoxlu sayda miqrant gəlib. Əmək fəaliyyəti ilə məşğul olmaq, burada yaşamaq və ya qaçqın statusu almaq istəyənlər də var. Hazırda miqrant axını yaşanır. Ancaq bu o demək deyil ki, bütün miqrantlar öz arzusuna çatmır. Kimsə qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Ancaq o şəxs imtina cavabı aldıqda məhkəməyə müraciət edir. Kimsə imtina cavabı alırsa, o şəxs hesab edir ki, məhkəməyə müraciət edərsə, ona müsbət cavab verilər. İstənilən halda, Azərbaycanda Dövlət Miqrasiya Xidməti ilə miqrantlar arasında və ya sığınacaq üçün müraciət edən şəxslər arasında olan münasibət sırf hüquqi müstəvidə öz həllini tapır. Belə bir rəy yaradılmamalıdır ki, Azərbaycanda sığınacaq almaq çətindir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda sığınacaq almaq statusunda olan miqrantlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olan şəxslərdir”.
Həmsöhbətimizin sözlərinə görə, hər hansı bir şəxsin qaçqın statusu almaq üçün müraciətinə imtina cavabı verilibsə, bunun üçün əsaslar var. Müraciətə müsbət cavab verilərsə, yenə də bu, əsaslı şəkildə həll olunur: “Beynəlxalq Konvensiya və qanunvericiliyə uyğun olaraq, bütün məsələlər tənzimlənir. Nəzərə almaq lazımdır ki, bu, sırf hüquqi müstəvidə öz həllini tapan məsələdir. Hansısa miqrantın sığınacaq almaq arzusu üçün əsaslar yoxdursa, təbii ki, ona imtina cavabı veriləcək. Bu normal prosedurdur”.
Günel CƏLİLOVA