Düz 29 il. Neçə ay var, neçə gün var bu illərin içində. Onu riyaziyyatçılar daha yaxşı hesablayar. Hər keçən illə sanki ürəyimlə duelə çıxıram. Dərdimin, həsrətimin yaşı da böyüyür ilbəil. Tanıdığım insanlar dünyanın o biri üzünə köç edirlər. Bax, indi onların ağrısını daha yaxından hiss etməyə başlayıram.
Nisgilli ölmək dünyadakı ölümlərin ən çətiniymiş. Bir ömürdə iki köç yaşamaq. Doğulduğun torpaqdan qovulmaq və dünyanın görünən tərəfindən görünməyən, hələ heç kim gəlməyən tərəfinə köç etmək. Çətindi, çox çətindi...
29 il keçib. Bu illər ərzində diri qalan xatirələrin ümidinin işığında itənləri, ötənləri axtarmaq heç də asan deyil. Ağlı-qaralı şəkillərdən boylanan uşaqlığını, gəncliyini axtarmaq bir anlıq xoşbəxtlikdi. 1989-cu ildən sonrakı ömrün illərindən o üzə boylananda Vətəndə qəriblik içini gəmirir.
Mənim itirdiyim dönüb olur bizim itirdiyimiz adlı dərdə. Biz nələri itirdik, İlahi. Yatsaydıq yuxumuza gəlməzdi ki, ilkinliyimiz və son məzar yerimiz olan torpaqlardan pələsəng olacağıq. Görünməz əllər özümüz kimi göylərimizdəki quşları da perik-perik salacaq.
Hər daşında, qayasında möhürümüz olan yurdlarımız bu gün bizi daha çox özünə çəkir. Ana ürəyi balasının nə çəkdiyini hiss edən kimi biz dəüstündə yağı gəzən torpaqların ağrısını, sızıltısını, göynərtisini hiss edirik. Torpaq da darıxıb, biz də.
Və...
Sönən ocağını qalayacaq kim? Gedişi asandı, dönüşü tilsim. Bu köç hara gedir, yönü haradı...
Hafiz Təmirov, polis mayoru