Yeknəsək, darıxdırıcı payız günləri başlamışdı. Başı göylərə dəyən gəlin çinarlar əlini qoynuna qoyub saralıb xəzələ dönən yarpaqlarının ardınca boylanırdı. Yarpaqlar da ağacların balalarıdır axı. Yarpaq sel kimi torpağa axıb tökülürdü. Ağaclar da, daşlar da, küçələr də fikirli idi, sanki hamısının canını qara qayğı almışdı. Şəhərdə nə isə anlaşılmaz bir ab-hava vardı. Yağışlı-yağmurlu oktyabr özü ilə bolluca qüssə gətirmişdi. Şəhərin canında qəribə bir süstlük vardı.
Suraxanı rayonu şəhid Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbdə adi dərs günlərindən biri idi. Məktəbin ibtidai sinif müəlliməsi Sücaət Dəmirova balaca şagirdlərinə dərs izah edirdi. Amma fikri nədənsə çox dağınıq idi. Dərs izah edə-edə arabir pəncərədən bayıra baxırdı. Ürəyi elə döyünürdü ki, elə bil içində atlı çapar vardı. Dərsi saxlayıb bir stəkan su içdi ki, bəlkə özünə gələ bildi. Müəllimənin yaratdığı fasilədən istifadə edən balacalar səs-küy salmağa başladı. Müəllim uşaqları sakitləşdirib dərsini davam etdi. Ancaq heç cür daxilində yaranan təlatümün, kədərin səbəbini anlaya bilmirdi.
- Görəsən niyə belə oldum? Heç belə olmamışdım, - deyə öz-özünə sual verdi.
Məktəbin direktoru Məlahət müəllimə adəti üzrə dəhlizə çıxıb siniflərə baş çəkir, davamiyyətlə maraqlanırdı. Məktəb direktoru Sücaət müəllimənin sinfinə daxil oldu. Şagirdlər onu görəndə bir nəfər kimi ayağa durdular. Direktor şagirdlərə:
- Uşaqlar, əyləşin! Sücaət müəllimə, bağışlayın mane oldum, sizə sözüm vardı.
- Buyurun, Məlahət müəllimə!
- Siz bu həftə vətənpərvərlik mövzusunda açıq dərs verə bilərsinizmi? Vaxtınız varmı? Ən təcrübəli, savadlı ibtidai sinif müəllimlərimizdənsiniz. Sizə güvənirəm.
Sücaət müəllimə razılıq əlaməti olaraq başını tərpətdi.
- Onda sizin açıq dərsi həftənin cümə gününə salaq.
- Olar, niyə olmur. Mən hazır, şagirdlər də həmçinin.
Direktor Sücaət müəllimənin hazırlığına, savadına, çətin vəziyyətlərdən çıxmaq qabiliyyətinə yaxından bələd idi. Ona görə də açıq dərsi onun sinfinə salmışdı. Direktor sinifdən çıxıb kabinetinə sarı gedərkən qapının ağzında xadiməni ağlayan gördü. Təəccübləndi. O bayaq xadiməni burada yeri silən görmüşdü, görəsən nə olub ki, o ağlayır.
- Nə olub, niyə ağlayırsan?
Xadimə direktorun səsini eşidib daha bərkdən hönkürdü.
Direktor çaş-baş vəziyyətdə ağlayan xadiməyə baxırdı. Handan-hana xadimə sakitləşib sual dolu baxışlarını ona dikən direktorun üzünə baxdı:
- Bizim məktəbin məzunlarından biri də şəhid olub, Məlahət müəllimə.
- Nə danışırsan? Kimdir şəhid olan?
- Aydın Abdullayev, atası Əmirsoltan kişi "JEK"də işləyirdi. Bilmirəm o oğlan yadınızdadırmı?
- Kim dedi şəhid olduğunu?
- Meyitini indi gətiriblər, indi hamı onların həyətinə yığışır, camaat danışır ki, erməni snayperlə düz alnından vurub. Can balam, can. Bilirsiniz necə yaxşı uşaq idi, heç adamı incitməzdi, başqa uşaqlar kimi nalayiq hərəkətlər etməzdi. Tərbiyəli, qanacaqlı şagird idi Aydın. Pərvizdən sonra Aydının şəhid olması məktəbimiz üçün ağır xəbərdir.
Direktorun gözləri yaşla dolmuşdu, o da ana idi, o da itkini canı-qanı ilə hiss edirdi.
- Çox pis xəbər oldu. Aydın Sücaət müəllimənin şagirdi olub. Bu xəbər ona dəhşətli dərəcədə pis təsir edəcək. Çünki o, Aydını çox istəyirdi və onun cəbhə bölgəsində xidmət etməsi ilə fəxr edirdi. Aydın məzuniyyətdə olanda həmişə məktəbimizə gəlirdi.
Məlahət müəllimə kabinetinə getməyib geriyə Sücaət müəllimənin sinfinə qayıtdı. Direktorun getdiyi kimi də geri qayıtdığını görən müəllimə onun qabağına irəli yeridi. Məlahət müəllimənin üzündəki kədəri, gözündəki yaşı görüb təəccübləndi.
- Nə olub Məlahət müəllimə, niyə ağlayırsınız? Olmaya uşaqlara bir şey olub?
- Bəli, sənə pis xəbərim var, Sücaət müəllimə, hazır olun.
Direktorun sözü müəlliməni özündən aldı, rəngi sapsarı saraldı.
- Nə olub, gizlətməyin nə olar?
- Sənin ibtidai sinifdə dərs dediyin, yazıb-oxumaq öyrətdiyin Aydın Abdullayev şəhid olub. Sücaət müəllimə, Vətən sağ olsun!
Aydının şəhid olmaq xəbərini eşidən Sücaət müəllimə, sözün əsl mənasında, balasını itirmiş ana kimi hönkürdü. Əlbəttə, hər bir müəllim üçün şagird onun doğma övladı kimidir.
- Heyif, Aydın, səndən çox heyif. Sən şəhid olası oğlan deyildin, zəfər qazanacaq oğul idin. Deyirdi ki, müəllimə, siz arxayın olun, bizim əsgərlər ermənilərin lazımi dərəcədə dərsini verir, sadəcə, biz qəhrəmanlığımızı çox dilə-dişə salmırıq.
Aydın danışırdı ki, dəfələrlə o da, başqa gizirlər də, onların əsgərləri də ermənilərin canlı qüvvəsini məhv edib, texniki qurğularını sıradan çıxarıblar. Aydın çox cəsur oğlan idi, ata-anası ona çox yaxşı tərbiyə vermişdi. O həm də güclü idmançı idi, o qədər medalı vardı ki, bəzən deyirdim ki, Aydın, bu qədər medalı neynəyirsən? Deyirdi ki, müəllimə, yığıb muzeyə verəcəyəm. Gülüşürdük. Aydın çox ağıllı, zəkalı, tərbiyəli bir uşaq idi. İbtidai sinifdə oxuduğu illərdə də ağlına, fərasətinə görə hamıdan seçilirdi. Aydın heç vaxt məni yormazdı. Çox ağıllı gözləri vardı. O gözlərdən onun işıqlı gələcəyi boylanırdı. Pərviz də ağıllı uşaq idi. Qəribədir, bütün qəhrəmanların taleyi, həyatı, məktəbə, ata-anaya münasibəti eyni cür olur. Pərviz şəhid oldu, indi məktəbimiz onun adını daşıyır, indi də Aydının şəhidlik xəbəri yayılıb. Allah hər ikisinə rəhmət eləsin!
Sücaət müəllimənin qan yaşla dolan gözləri şagirdlərin nəzərindən yayınmadı. Üçüncü sinif şagirdləri onu sual atəşinə tutdular.
- Müəllimə, niyə ağlayırsınız?
- Keçmiş şagirdim şəhid olub.
- Adı nə idi?
- Aydın. Aydın işıq kimi hər tərəfə nur saçan oğul idi. Həm yaxşı oxuyurdu, həm tərbiyəli idi, həm də idmanla məşğul olurdu. Siz də böyüyəndə Aydın kimi ağıllı, tərbiyəli olun.
Uşaqlar müəlliməyə söz verdilər ki, yaxşı oxuyacaqlar...
Dərs bitəndən sonra məktəb rəhbərliyi və bütün müəllimlər Aydının yas mərasimində iştirak etmək üçün Əmirsoltan kişinin evinə getdilər. Həyətdə yas çadırı qurulmuşdu. Havanın yağışlı, soyuq olması adamların əhvalını daha da pisləşdirirdi. Aydının dəfn mərasimində böyük izdiham yaşandı. Bütün Suraxanı rayonu, demək olar ki, orada idi. Hər kəs şəhidə ehtiramını bildirir, onun qəhrəmanlığı ilə öyünür, ruhuna dualar oxuyurdular.
Yas məclisinə gələn müəllimlər Aydının anasının, xalasının, gəlinlərinin, doğmalarının hansı hallara düşdüyünün şahidi oldular. Məktəb direktoru Məlahət müəllimə göz yaşı içində anaya təsəlli verir, şəhidliyin uca məqam olduğunu, şəhidlərin hər zaman cavan qaldığını deyirdi.
- Biz oğullarımızı ona görə dünyaya gətirib böyüdürük ki, onlar sabah bizim arxa-dayağımız olsun, Vətənin dar günündə əlinə silah götürüb düşməni susdura bilsin. Sevil xanım, sizin oğlunuz şəhidlik köynəyini hərbi paltarının altından geyib Vətənin müdafiəsinə qalxıb. O, düşmənə baş əymədi, əksinə, düşməni məhv etdi. Aydın 7 erməni hərbçisi öldürüb, onların zirehli texnikasını məhv edib, kəşfiyyatçı kimi erməni məkrini, planını ifşa edib. Aydının yas məclisində iştirak edən bacılar, xanımlar, keçmiş şagirdimizin şəhid olması xəbəri bu gün məni, Sücaət müəlliməni, bir sözlə, bizim məktəbin kollektivini yandırdı, hamı heyfsləndi ki, belə igid bir oğlan qara torpağın altında yatacaq. Şəhidlər ölməz, Vətən bölünməz, analar, bacılar. Allah bütün şəhidlərə rəhmət eləsin!
Aydının dəfn mərasimi şəhidin adına layiq keçirildi. Əlbəttə, hər kəs 23 yaşlı Aydının şəhid olmasından sarsılmışdı. Bununla belə, insanların üzündə, bir çimdik də olsa, fəxr, qürur hissi nəzərə çarpırdı. Şəhid son mənzilə yola salınandan sonra hər kəs bir az oturub ata-anaya, qardaşlara təsəlli verib evlərinə dağılışdı. Məktəbin kollektivi də yas yerini tərk etdi.
Aydının şəhid olmasına ən çox yananlardan biri olan Sücaət müəllimə heç cür özünə gələ bilmirdi. Şəhid şagirdinin nakam taleyi, özünə tufan edən nişanlısının fəryadı, anasının ah-naləsi müəllimənin qulaqlarından getmirdi. Ananın tükürpədən səsi hələ də müəllimənin qulaqlarında idi.
Evə gələndə bu gün yaşadıqları dəhşəti bütün təfərrüatına qədər göz önündə canlandır, ağlayır, heyfslənir, Aydının anasının vəziyyətini gözləri qarşısına gətirib aciz-aciz əllərini dizlərinə çırpdı. Axı Aydının anasını sakitləşdirmək mümkün deyildi. Sücaət müəllimə qəti fikrə gəldi:
- Bu həftə açıq dərsi Aydına həsr edəcəyəm, hamımızın yaxından tanıdığı balamızdır.
Cümə günü yetişdi, nəhayət ki, Sücaət müəllimənin sinfində açıq dərs keçirildi. Uşaqların fəallığı, özünün hazırlığı imkan verdi ki, dərs yüksək səviyyədə keçsin.
Mövzu vətənpərvərliklə bağlı olduğu üçün, uşaqlar olduqca fəal iştirak edir və fikir bildirirdilər. Dərsin sonuna yaxın məktəb direktoru danışmaq üçün ayağa durdu və açıq dərsin gedişatından, şagirdlərin cavabından, müəllimənin savadından danışdı. Sözü çox uzatmayıb Aydın Abdullayevlə bağlı xatirələrə keçid aldı:
- Mən Aydının valideynlərini 30 ildir tanıyıram. Çünki Abdullayevlər ailəsinin hər üç övladı bizim məktəbdə təhsil alıb. Nicat da, Cavad da, Aydın da çox tərbiyəli, sağlam ruhlu, çalışqan şagirdlər olub. Həm davranışlarında, həm də oxumaqlarında hamıdan seçiliblər. Əmirsoltan kişi də, Sevil xanım da daim məktəblə əlaqə saxlayır, övladlarının dərsləri, davranışları ilə maraqlanırdılar. Əmirsoltan kişi məktəbimizin ictimai işlərində də yaxından iştirak edib. Ona görə də hər kəs bu ailəyə həmişə hörmətlə yanaşıb. Rəhmətlik Aydın məktəbizimin gözü, qaymağı olan şagirdlərdən biri idi. O, möhkəm xarakteri, xeyirxahlığı, böyük-kiçik yeri bilməsi, müəllimlərinə, şagirdlərə, dostlarına münasibəti ilə nümunə olub. Aydın həmişə haqqın tərəfində idi. Abdullayevlər ailəsinin sonbeşiyi qeyrətli, təəssübkeş, vətənpərvər bir uşaq idi. O əsasən yuxarı sinif şagirdləri ilə yoldaşlıq edərdi, hamı bir nəfər kimi onun xətrini çox istəyirdi. Hansı dostu dara düşsə, Aydın mütləq onun dadına yetirdi, dostunu çətinlikdən qurtarırdı. Aydın cəsur oğlan idi. Arzu edirəm ki, mənim balalarım, siz də Aydın kimi qorxmaz olasınız. Aydın balamız Vətənimizi düşməndən qorumaq üçün kişi kimi cəbhə bölgəsinə getdi, burada xidmət etdi və şücaətlər göstərdi. O şəhid olsa da, izləri yaşayır. Təsəllimiz odur ki, Aydın kimi qəhrəmanlar ölmür, onlar şəhid olmaqla yenidən dünyaya gəlirlər. Şəhid valideynlərinə demək istəyirəm ki, başınızı dik tutun, buna sizin haqqınız çatır.
Aydının vaxtilə təhsil aldığı məktəbdə 1750 şagird təhsil alırdı. Şagirdlərin hər biri Pərvizlə Aydını özləri üçün örnək hesab edirdilər.
Aydının şəhid olmasından dörd il ötürdü. Hər bayramda, Aydının ad günü və xatirə günlərində məktəb kollektivi şəhid gizirin xatirəsini əziz tutur, tədbirlər keçirir, şagirdlər şəhidlərə aid şeirlər söyləyirdilər.
Vaxtilə təhsil aldığı, doğma məktəbdə Aydının adını hər kəs böyük ehtiramla çəkirdi. Aydının şəkli məktəbin dəhlizindən asılmışdı, məktəbə gələn hər bir şagird, valideyn şəhidin şəkli qarşısına keçir, onun ruhunu anırdı.
Oktyabr Abdullayevlər ailəsinə kədər, qüssə, bir də qiyamətə qədər davam edən ayrılıq gətirmişdi. Bu ayrılıq müəllimləri də, Aydının ailəsini də hədsiz dərəcədə kədərləndirsə də, onlar A.Abdullayevin canını Vətən yolunda qurban verməsindən fəxr hissi keçirirdilər.
Sücaət müəllimə Aydının şəkli qarşısında dayanmışdı. Tənəffüs olduğundan, məktəbin bəzi müəllimləri onun başına toplaşmışdı.
- Hər kəs dünyadan köçür, amma kim necə köçür, əsas məsələ budur. Aydın sadə bir ailədə doğuldu, ancaq dünyadan qəhrəman kimi köçdü, - deyib, Sücaət müəllimə titrək əlləri ilə keçmiş şagirdinin şəklini sığalladı. Müəllimə göz yaşlarını güclə boğsa da, yaş yanaqları aşağı axmağa başladı. Bayırda göydən leysan ələnirdi...
İradə SARIYEVA