Aydın şəhid olandan sonra Məcnun kişi canını qoymağa yer axtarırdı. Dərdi o qədər böyük idi ki, yerə-göyə sığmırdı. İxtiyar yaşında günü ağlamaqla keçirdi kişinin. Heç ağlına da gəlməzdi ki, nə vaxtsa şəhid nəvəsinin tabutunu qucaqlayacaq. Baba Aydının yoxluğunu düşündükcə, dəli olmaq dərəcəsinə çatırdı. Nəvəsinin həyatda olmamasını qəbul edə bilmirdi. Qisas hissi babanın səbr-qərarını əlindən almışdı. Elə hey fikirləşirdi ki, əlinə silah götürüb bu yaşında ermənilərin üstünə getsin. O bunda çox israrlı idi. Amma qızları, kürəkəni, nəvələri onu bu işdən çəkindirirdi. Bütün yaşlı qocalar kimi, o da əllərini ümidsizcəsinə dizlərinə çırpıb vaysınırdı:
- Ölüm mənim idi, ay oğul, niyə Əzrayıl səni apardı? Günümü görüb, dövranımı sürmüşəm. Kim tanıtdı sənin yaxanı o xainə? Hərdən zəng edirdi ki, baba, necəsən? Bağa yaxşı bax, ağaclar qurumasın, çiçəklər solmasın. Deyirdim, ay oğul, xətircəm ol, hər şey yerindədir, bircə sən yoxsan, sağlıq olsun, tezliklə gələrsən, evinə yiyəlik edərsən. Qismət olmadı balama ev-eşiyi. Bu evin sahibi Aydın olmalı idi. Çünki o mənim nakam balamın adını daşıyırdı. Nəvəmin də ömrü oğlumun ömrü kimi qısa oldu. Gözümü sənə dikmişdim, Aydın, deyirdim ki, məni çiynində son mənzilimə sən yola salacaqsan. Amma Allah sənin ölümünü mənə göstərdi, sinəmə çal-çarpaz dağ çəkdi fələk.
Babanın ağlamağı qızlarına, nəvələrinə çox pis təsir etdi. - Aydın axırıncı dəfə Yaşmaya gələndə həyətimizdən bir qucaq çiçək yığıb nişanlısına apardı. Çiçəklərin hər biri bir rəngdə idi. Mən həmişə gülləri yığıb qız-gəlinə hədiyyə verirdim. Deyirdilər ki, çox sağ ol, Məcnun baba, Aydının sağ olsun, hərbidən sağ-salamat ev-eşiyinə qayıtsın, toyunu görəsən. Ona o qədər dua edirdilər ki, balalarım, gərək Aydından güllə yan ötəydi. Amma ötmədi. Mən Aydınsız yaşaya bilmərəm, bala, heç yaşamağa üzüm də gəlmir. İki Aydınım qara torpağın altında yatır, amma mən yaşayıram hələ.
Baba Aydını uşaqlıqdan nəvəsi yox, oğlu hesab edirdi. O, Aydınla nəfəs alırdı. Həyatını Aydına bağlamışdı Məcnun kişi.
Məcnun kişi keçmiş Dəvəçi, indiki Şabran rayonunun Nohurlar kəndində doğulub boya-başa çatmışdı. Məcnun ailənin tək uşağı idi. Xudaverdi kişi Məcnunu elə tərbiyə etmişdi ki, oğlu böyüklə böyük, kiçiklə kiçik idi. Məcnun böyüyəndən sonra rayon mərkəzinə köçür, burada dəmir yolunda işləməyə başlayır. Həyat dolu, xeyirsevər gənclərdən idi Məcnun. Diribaşlığı, tərbiyəsi ilə dostları arasında böyük hörmət qazanan Məcnun Leyli xanımla ailə qurur. Leyli də ki, Şabranın adlı-sanlı nəsillərindən birinin övladı idi. Leylinin babası erməni zülmünə, bolşevik işğalına qarşı əlində silah mübarizə aparmışdı. Leyli xanımın babası Əfəndizadə Həmdulla Əfəndi İsmayıl oğlu 1888-ci ildə Qələgah kəndində anadan olub. O öz zəmanəsinin böyük din xadimi Əbdülvəhab Əfəndinin nəvəsi idi. Həmdulla Əfəndi ilk təhsilini mollaxanada alıb. Sonra Quba mədrəsəsində təhsili davam etdirib, burdan isə 2 sinifli rus məktəbinə keçərək oranı 1906-cı ildə bitirib. Ərəb, fars, türk və rus dillərini mükəmməl bilib, o bölgənin açıq gözlü, uzaqgörən ziyalılarından biri kimi tanınıb. O, Quba qəza polisinin rəisi Əli bəy Zizinski, pristav Mahmud bəy, qəza rəisi Səlim bəy, bir müddət sonra Azərbaycana rəhbərlik edən Mircəfər Bağırovla dostluq edib. 1918-ci ilin dəhşətli mart günlərində ermənilər Quba, Xaçmaz ərazisinə soxularaq adamları qırıb bu yurdu xarabaya çevirəndə Həmdulla Əfəndi xalqı ayağa qaldırıb, dostu qaçaq Mailin dəstəyi ilə birləşərək erməni quldurlarını oradan qovublar. O dövrdə baş verən siyasi hadisələrin bir çoxunda yaxından iştirak edən, "İttihad" partiyasının fəal üzvlərindən olan Həmdulla Əfəndi 1918-ci il dekabr ayının 7-də Azərbaycan Demokratik Respublikasının ilk parlamentinə üzv seçilib. 1920-ci ilin aprelində Rusiya bolşeviklərini və onların istilaçı ordusunu Azərbaycana gətirən XI zirehli qatar rayonumuzun ərazisindən keçərkən Həmdulla Əfəndi elin cəsur oğullarını başına toplayaraq, rus ordusunun qabağını kəsib. Onlarla açıq mübarizəyə girişib, lakin qüvvələr qeyri-bərabər olduğundan, bu fədakar dəstə geri çəkilməyə məcbur olub. Həmdulla Əfəndi çox xeyirxah, müdrik, kasıblara əl tutan, elin qeyrətini çəkən bir şəxsiyyət kimi şöhrət qazanıb. Nəcib əməllərinə görə camaat ona böyük ehtiram bəsləyib. Lakin Sovet hökumətinin amansız repressiyası Həmdulla Əfəndidən də yan keçməyib. O, 1928-ci ildə həbs olunaraq uzaq Sibirə sürgün edilib. Bununla kifayətlənməyən sovet hökumətinin məmurları Həmdulla Əfəndinin qohum-qardaşından da əl çəkməyib. 1930-cu ildə bu ailə elliklə Naxçıvana sürgün olunub. Qeyrət və igidlik nümunəsi olan bir ömür sürmüş Həmdulla Əfəndi özündən sonra gələn nəsillərin yaddaşında silinməz izlər qoyub (Sitat Nizami Rəhmanlının "Çıraqqala yurdunun övladları" kitabından götürülüb).
Aydının ana nənəsi xəttinin belə bir mötəbər kişiyə gedib çıxması ailə üçün həqiqətən də qürurvericidir.
Məcnun yaxşı bilirdi ki, Leyli hansı kişinin kökünə bağlıdır və Leyli xanım son nəfəsinə qədər baba adına ləkə salmadı, gözəl övladlar ərsəyə gətirdi. Leyli və Məcnunun məhəbbəti evliliklə nəticələndi. Ər-arvad əl-ələ verib kərpic kəsib ev tikiblər. Onların izdivacından Sevil, Esmira və Aydın doğulub. Leyli xanım dünyasını erkən dəyişib. Üç övladı həyat yoldaşına əmanət qalıb. İş belə gətirib ki, Leyli xanımın 40-ı çıxmamış Aydını cərəyan vurur, o rəhmətə gedir. Hadisə baş verən gün Leyli xanımın cüməaxşamı mərasimi idi. Camaat Məcnun kişinin həyətinə toplaşmışdı. Bu zaman işıq sönür. İşıqçının gec gəldiyini görən 16 yaşlı Aydın hövsələsizlik edərək işıq dirəyinə qalxır və elə oradaca cərəyan onun həyatına son qoyur. Aydının vəfatı ailənin hələ qanı qurumamış yarasının üstünə daha dərin yara vurur. Ata tək oğul övladını, Esmira və Sevil isə yeganə qardaşlarını itirir. Məcnun kişi iki qızla qalır. Qızlar ərsəyə çatıb hərəsi bir evin çırağını yandırır. Məcnun kişinin qızı Sevil Əmirsoltan adlı oğlanla evlənir. Əmirsoltanın istiqanlılığı, qayğıkeşliyi, ailəcanlılığı Məcnun kişinin oğul yarasının üstündən sığal çəkirdi. O, Əmirsoltanın timsalında özünə oğul tapmışdı elə bil.
- Əmirsoltan, sən o qədər yaxşı oğlansan ki, elə bilirəm doğma balamsan. Sən mənim qızıma yaxşı baxırsan, bu da mənim ürəyimi açır, sevinirəm. Tanrı sənə heç vaxt neynəyim, necə eləyim dedirtməsin, oğul, - deyə Məcnun kişi Əmirsoltana üz tuturdu.
Bunlar ailənin həmişə xatırladığı hadisələrdir. Bəzən xatirələr elə şirin olur ki, acısı da adam üçün əziz görünür.
Məcnun kişi arvadının vaxtsız vəfatından sonra Yaşmaya köçür və dəmir yolu stansiyasında işini davam etdirir.
Aydının babasının Yaşmadakı evinin geniş həyəti, yaxşı bağı-bağatı vardı. Öz zəhməti hesabına bağ salmışdı. Babanın bağında hər cür meyvə vardı. Onun evi hərbi hissəyə yaxın olduğundan, meyvələr yetişən kimi əsgərlərə pay aparırdılar. Aydın uşaq olanda babası onun əlindən tutub əsgər dostlarının yanına aparırdı. Aydın onların geyiminə, papağına maraqla baxırdı. Babasına deyirdi ki, böyüyəndə o da əsgər paltarı geyib onlar kimi olacaq.
Babası həmişə Aydından:
- Balam, böyüyəndə kim olacaqsan? Yəqin mənim kimi dəmiryolçu olarsan.
- Yox, ay baba, əsgər olacağam, özümün də avtomatım olacaq.
Əslində, baba Aydını elə hərbçi görmək istəyirdi.
Nəvəsi şəhid olandan sonra baba evinin yaxınlığındakı hərbi hissəyə daha sıx-sıx gedir və əsgərlərə bağındakı meyvələrdən sovqat aparırdı ki, əsgərlər yeyib Aydına rəhmət oxusun.
Baba sonuncu dəfə əsgərlərin yanına gedəndə onun üzü solğunlaşmışdı, heç dizində də əməlli-başlı təpər yox idi. Əsgərlər babanı dövrəyə alıb ona təsəlli verirdilər:
- Ay baba, bizim komandirlər Aydını yaxşı tanıyırdı. O, Gəncədə hərbi xidmətdə olanda bizim hərbi hissəyə təlimə göndərilmişdi. Yadına gəlir?
- Niyə gəlmir, ay bala. O vaxt hərbi hissələrə gedib xüsusi təyinatlı ordu hissələrinə əsgərlər cəlb edirdilər. Buradan Gəncəyə gedib oradan da əsgər gətirmək istəyirdilər. Onlar orada olanda Aydın turnikdə məşq edirmiş, elə onu oradan seçib Yaşmaya gətirmişdilər. Mən də istəyirdim ki, o elə burada qalıb xidmət etsin ki, axşam-səhər balamı görə bilim. Aydının burada bir dostu vardı, o oğlan da Zeyvədən idi, Aydının kəndindən. O oğlan indi haralardadır? Aydın o vaxt burada xüsusi təyinatlıların təlimində olanda tanış olmuşdular. Aydın atasına zəng vurub Zeyvədən bir əsgərlə təlimdə olduğunu demişdi.
Onlar burada qardaşlaşmışdılar, söz vermişdilər ki, dostluqları əbədi olacaq. Aydın onda Babəklə mərcləşmişdi.
- Nəyə görə, baba? - deyə əsgərlər bir ağızdan soruşdu.
- Aydın özü kimi güclü, cəsarətli, təpərli oğlan görəndə həmişə onunla prinsipial bir məsələ üstündə mərcə girirdi. Uşaqlıqdan belə idi. Qələbə qazanmağı, qalib olmağı sevirdi balam. Babək demişdi ki, Aydın, Şuşaya bayrağı mən sancacağam. Aydın da demişdi özüm sancacağam. Beləcə mərcə girmişdilər. Amma balama qismət olmadı bu gün. Murazı gözündə getdi balam.
Əsgərlərdən biri babaya Babək haqqında məlumat verdi:
- Babək Abidov da igid oğlandır, baba, o indi gizir kimi cəbhə bölgəsində xidmət edir.
- Allah işini avand etsin, bala, hamınızı Tanrıya əmanət edirəm. Haqq-salamınızı, mehr-məhəbbətinizi mənə halal edin. Yəni ömrüm Aydının ilinə qədər vəfa etməz. Baba hərbçilərlə halallaşıb evə qayıtdı. Aydının ili tamam olandan sonra baba da dünyadan köçünü çəkib getdi. Ümidi, muradı saydığı Aydından sonra onun da dünyadan köçməsi Sevil xanımın dərdinin üstünə bir dərd də gətirdi.
Aydın şəhid olandan 3 il sonra isə Babək qəhrəmancasına şəhidlik zirvəsinə qovuşdu. Cəsur, igid, vətənpərvər oğlan olan Babək Abidov 2016-cı ildə baş verən şanlı aprel döyüşlərində düşmən təxribatının qarşısını alarkən böyük şücaət göstərərək həlak oldu. Bu xəbər Aydının ailəsinə çatanda onlar əməlli-başlı məyus oldular. Sevil ana, Əmirsoltan kişi zeyvəli balası Babəkin şəhid olmasına valideynləri qədər yanıb göz yaşı axıtdılar. Onlar həmişə deyirdilər ki, Aydın şəhid olsa da, onun arzularını hərbçi dostları yaşadır. Aydın kimi, Babəkin də arzusu Şuşaya bayraq sancmaq idi.
- Ah arzular, arzular, sən hər bir insanın ürəyindən keçirsən, amma çox az adam sənin vüsalına yetir, - deyə Əmirsoltan kişi pıçıldadı.
O dərindən köks ötürüb əlinin dalı ilə gözlərinin yaşını sildi. İçində bir ümid göyərdi anındaca:
- Əminəm ki, Aydının, Babəkin yerinə ordumuzda yeni əsgərlər, gizirlər var, olacaq da, onlar bayrağımızı Şuşaya sancıb şəhid ata-analarının əlindən tutub o yerləri ziyarət etməyə aparacaq, - deyib əl uzadıb arvadının yaşlı gözlərini sildi... İçində ağlayan ürəyini köynəyinin altında bərk-bərk gizlədib arvadına ümid verdi...
İradə SARIYEVA