Əsgər vurulanda yox, unudulanda ölür! - bu söz təkrar-təkrar beynində dolaşırdı. Aydının yaşının az olmasına baxmayaraq, ağzından çıxan sözlərinin çoxu dostlarının, əsgər yoldaşlarının dilində zərb-məsələ çevrilmişdi. "Əsgər vurulanda yox, unudulanda ölür" - sözü də əsgər yoldaşı İlkinin ömrü boyu unuda bilmədiyi bir məsəl idi. İlkin Aydını düşünəndə ilk yadına düşən bu söz olurdu...
Abdullayevlər ailəsinə barıt qoxulu səngərdən bir məktub gəlmişdi. Hərbi hissələrdən birində xidmət edən bir gizir yazmışdı məktubu. Ata məktubu tutiyə kimi gözlərinə tutmuşdu, elə bilirdi ki, bu məktubda ürəyinin dərmanı gizlənib. O, məktubu açmağa tələsmirdi. Məktubu yazan gizir vaxtilə Aydının əsgər yoldaşı olmuşdu. "N" saylı hərbi hissədə birgə xidmət etmişdilər. Aydının şəhid olduğunu məzuniyyətdə olanda eşitmişdi İlkin. Evdə divana uzanıb televizora baxırdı. Gündüz xəbərlərində Milli Ordunun Tərtərdəki "N" saylı hərbi hissəsinin bir gizirinin şəhid olduğu haqqında tez-tez informasiya verilirdi. Əvvəlcə şəhidin adına, soyadına fikir vermədi. Birdən Aydının adını qulağı aldı. Dəli kimi divandan sıçrayıb düz televizorun qarşısına qaçdı. Ekrandakı şəkilə lap yaxından baxdı:
- Ay aman, Aydın, sən nə etdin? Niyə belə oldu, qardaş?
Əli ilə saçlarını çəngəllədi İlkin. Təsadüfən televizorda eşitdiyi bu xəbər onun dünyasını alt-üst etdi, beynini qarışdırdı. Onlar Seyfəli poliqonunda hərbi təlim zamanı mərc gəlmişdilər. Aydınla bağlı yaşanan hər bir dəqiqə kino lenti kimi İlkinin gözləri qarşısında canlandı. İlkinə elə gəldi ki, Seyfəlidədir, Aydın da yanında. Onlar tez-tez güləşirdilər, gah İlkin Aydını yıxırdı, gah da Aydın İlkini, ancaq bir-birinin məğlub olmağını qətiyyən istəmirdilər. Bir dəfə onlar mərc gəldilər, bütün əsgər və zabitlər dostların mərcinə şahidlik etdi.
- Bilirsən də, qaqa, Şuşaya bayrağı mən sancacağam, - deyə Aydın üzünü dostuna tərəf çevirdi.
- Canın üçün, qaqa, imkan vermərəm sənə, özüm sancacağam - dedi İlkin.
Aydın təslim olmaq istəmirdi. Nə üçün olmalıydı ki? Çünki Şuşaya üçrəngli bayrağımızı sancmaq onun arzusu idi. Həm də bayrağımızı həmişə ürəyinin üstündə, qoynunda gəzdirirdi.
- İlkin, sən bayraq dalınca qaçana qədər mən bayrağı qoynumdan çıxarıb asacağam. Mən paxıl deyiləm, qardaş, bayrağı birgə asarıq, həm sən deyən olar, həm də mən deyən. Nə deyirsən?
- Gəl mərc gələk uşaqların yanında. Kim uduzsa, buradakı uşaqların hamısını yığıb qonaqlıq verəcək!
- Məni qonaqlıqla qorxudursan? Allah qoysa, torpaqlarımızın azad edilməsi əməliyyatlarına başlananda mən öz gücümü sənə göstərərəm.
Aydının bu sözü dostunun ürəyini açdı. Onlar qucaqlaşdılar.
- Sözümüz sözdü ha, - deyə Aydın dostunu dümsüklədi...
Hamı gülüşdü. Əslində, torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə hamı inanırdı. Əsgər və zabitlər, bir nəfər kimi, bu mübarək əməliyyatda canla-başla iştirak etməyə, fərqlənməyə hazır idi. Təbii, hamısının da ürəyindən Şuşaya, Xankəndiyə, digər torpaqlarımıza bayraq sancmaq keçirdi.
Aydın şəhid olmuşdu. İlkin heç vaxt Aydının şəhid olacağını xəyalına belə gətirməmişdi. Aydın civə kimi qaynayırdı, güllə ona necə dəyə bilərdi? İlkin fikirləşirdi ki, yəqin düşmən Aydını yatdığı yerdə vurub. Sonra öz-özünə:
- Aydın heç vaxt postda yatmaz. Bəs necə olub ki, düşmən vurub onu? Bəlkə düşmən arxasına keçibmiş Aydın. Elə hey deyirdi ki, imkan olan kimi düşmən arxasına keçib onları məhv edəcəyəm. Arada məktublaşırdıq, deyirdi ki, qaqa, ermənilərin başına oyun açırıq.
Sonra eşitdi ki, Aydını snayper düz alnından vurub. Sızıldadı İlkin.
- Qardaş, sənin alnın açıq, üzün ağ olub həmişə, alnından öpüb böyüklərimiz sənin. O güllə nə idi alnına dəydi?
İlkin Aydının dəfnində iştirak edə bilməsə də, yas mərasiminə gəldi. Özünü elə pis hiss edirdi ki, heç olmayan kimi. Ona elə gəldi ki, zaman dayanıb, saatlar yatıb, insanlar hərəkət etmir, yollar bağlanıb. Çox qəribə hisslər keçirirdi. Bədəni büsbütün süstləşmişdi. İlkinə Aydının şəhid olması çox pis təsir etmişdi. O, hərbi hissəyə qayıdanda rəngi soluxmuşdu, heç səhhəti də qaydasında deyildi. Aydının Tərtər istiqamətində şəhid olduğunu, Aydının yas mərasimində iştirak etdiyini əsgər və zabitlərə danışanda hamısı çox pis oldu. Əsgərlərin çoxu Aydını yaxından tanımasalar da, hərbi hissədə onun haqqında dolaşan əfsanələri çox eşitmişdilər. Onu tanıyanlar da, tanımayanlar da Aydının şəhid olması xəbərini ürək ağrısı ilə qarşıladılar.
- Aydının arzuları çox idi, həddən artıq çox. O qalib olmaq istəyirdi. Aydın ən qaynar nöqtələrdə olmağı xoşlayırdı...
Hərbi hissədə İlkin hamının gözünə çox kefsiz görünürdü. Dost itkisi onu ağrıdırdı. Gecədən xeyli keçməsinə baxmayaraq, İlkinin gözünə yuxu getmirdi. Əsgər vaxtlarında belə hallar tez-tez olurdu. Çünki gecələr Aydınla xısın-xısın danışır, bəzən məktub yazır, bəzən də gündəlik baş verənləri, arzu və istəklərini cib dəftərçəsinə köçürürdülər. Əl fənərinin işığında yazdıqları hər bir cümlə, hər bir söz onlara sevinc bəxş edirdi.
Aydını xatırlayan İlkin Aydının ailəsinə məktub yazmaq istədi. Özündə məktub yazmağa böyük ehtiyac duyan İlkin Aydınlı günləri göz yaşı içində göz önünə gətirə-gətirə yazırdı. İlkinin məktubundan:
Tale elə gətirdi ki, biz Aydınla eyni hərbi hissədə qulluq etməli olduq. İlk baxışdan zəhmli görünən Aydının ipək kimi ürəyi vardı. Sizin oğlunuz anadan cəsur doğulmuşdu. Əsgəri xidmətdə olduğumuz müddətdə o hər kəs üçün gerçək bir nümunə ola bildi. Aydın qaynar nöqtələri, təhlükəli yerləri çox sevirdi. O, İsveç-alman yazıçısı, şairi, rəssamı, Nobel mükafatçısı Herman Hessenin maraqlı bir fikrini tez-tez xatırlayırdı: "Təhlükəsiz yola ancaq zəif insanları göndərirlər". O güclü idi və təhlükəli yollarla getməyi sevirdi. Aydın ömrünü hərbə bağlamaq istəyirdi, mən də onun kimi bu niyyətdə idim. Amma Aydın deyirdi ki, mən cəbhə bölgəsində xidmət etmək istəyirəm. Atalar demişkən, niyyətin
hara, mənzilin də ora. Aydın cəbhə bölgəsində gizir kimi xidmət edib Vətənə öz borcunu ləyaqətlə, şərəflə qaytardı.
Aydın əsgərlikdə olarkən hər gecə kiçik dəftərçəsinə nə isə yazırdı. Amma yazdığını mənə göstərmirdi. Bir dəfə Aydından xəbərsiz onun cib dəftərçəsini ələ keçirdim. Orada maraqlı bir fikir vardı. Aydın yazırdı ki, əsgər vurulanda yox, unudulanda ölür! Bu söz məni özümdən alıb apardı. Dostum necə də dərin düşünə bilirdi... Onun ağlı hamımıza gərək olurdu. Nə olsa, tez onunla məsləhətləşirdik. Aydın əsl qəhrəman idi. O, Şuşaya bayrağımızı sanca bilmədi, əcəl Aydına macal vermədi. Sizə söz verirəm ki, o bayrağı Aydının adından Şuşaya mən sancacağam və həmin yeri hər il pir kimi ziyarət edəcəyəm".
Abdullayevlər ailəsində İlkinin məktubu əl-əl gəzirdi. Hər kəs o məktuba toxunmaq istəyirdi. Məktub Aydının əsgərlik yoldaşından gəlmişdi.
Ata məktubu səliqə ilə qatlayıb Aydının şəkillərinin arasına qoydu. Şəkillər olan siyirtmədə Aydının əsgərlikdə yazdığı kiçik dəftərçə də vardı. Amma nədənsə indiyə qədər onun bu kiçik dəftərini vərəqləməmişdilər.
Aydının əsgərlik gündəliyinin üzü cırılmışdı. Əsgərlikdən gələndən sonra gündəliyini bir tərəfə atmışdı. O bilmirdi ki, gün gələcək onun dəst-xətti ilə yazılmış adicə bir söz də ailəsi üçün qızıldan qiymətli olacaq. Aydın səliqə ilə yazmışdı gündəliyini. Hər söz, hər şeir Aydının ətrini verirdi. Onun kiçik ürəyində anaya, Vətənə nə qədər böyük sevgi vardı ilahi!
Aydın hələ əsgərlikdə olanda Vətən üçün canını fəda etməyə hər an hazır idi.
Aydının gündəliyindən:
Onsuz da ölümdü dünyanın sonu,
Hər kəs dadlı şərbət içdi həyatdan.
Mən ölsəm qəbrimə yazarsız bunu,
On səkkiz yaşında bir cavan oğlan
On qram güllədən köçdü həyatdan.
Aydının üzü cırılmış gündəliyini evdə müqəddəs kitab kimi öpüb göz üstə qoyurdular. Nakam oğlanın çiçək açmamış arzularının tərcümanı idi gündəlik. Gündəlikdə onun əlinin hərarəti, könlünün Vətən sevgisi canlanır, ürəyi döyünürdü. Aydın çox mətin, mətin olduğu qədər də duyğusal bir gənc idi. Xalası gündəliyi vərəqlədikcə, gözünün yaşını sel kimi axıdırdı.
Ağlama sevgilim, islanar yaylıq,
Mən əsgər gedirəm on səkkiz aylıq.
Əgər unutmayıb gözləsən məni,
Mən də unutmaram, sevgilim, səni.
İlyarım səfərdən qayıdan zaman
Hər yazı qütbtək saralan gördüm.
Dünyalar qədər sevdiyim qızın
Yanında körpəsin ağlayan gördüm.
Gündəlikdən bu şeiri oxuyanda Aydının xalası daha möhkəm hönkürdü.
- Can ay Aydın, can balam, sənin özünə də, sevginə də, nakam taleyinə də qurban. Ay ürəyimi dağlayan oğul, sən əsgərlikdə olanda ölüm haqqında fikirləşirdin? Bir parça uşaq idin Aydınım, sən nə bilirdin ölüm nədir? Deyirdin ki, bacı, darıxma, müharibə qurtarsın, evə qayıdacağam, sənin qulluğunda duracağam. Harda qaldı verdiyin o söz?
Aydının gündəliyini vərəqlədikcə, sanki xalasının barmaqları od tutub yanırdı. Hər söz, hər hərf bir köz parçası idi. Aydının şeirlərini xalası göz yaşı içində oxuyurdu.
Kim açmaq istəsə bu bloknotu,
Bilsin ki, burada bir ürək yatır.
Astaca çevirin vərəqlərini,
Burada nakam arzu, bir istək yatır.
Aydının əsgərlik illərindən qalan bir parça gündəlik hamını yandırıb yaxırdı.
Dekabrın altısını salmışam yola,
O qara gözlərə yaş dola-dola.
Ay ana, sən Allah az boylan yola.
Dünyada hər kəsdən əzizdir ana,
Ürəyi bir dərin dənizdir ana.
İnan ki, günəş tək güləcəm, ana,
Darıxma, tezliklə gələcəm, ana.
Aydın əsgərlikdə olanda ev üçün çox darıxırdı. Bu onun gündəliyində də dərin izlər buraxmışdı. Anasını daha çox istəyirdi. Bilirdi ki, anası günləri sayır. Aydın da təqvimdə günləri xətləyirdi. Gündəliyində ən çox anasından yazmışdı Aydın. Aydın hər cümləni yazanda anasını düşünürdü.
Ananın qədrini bilməyən oğul
Əsgərlik məqamı çatanda bilər.
Ana əllərinin hərarətini
Soyuqda oturub donanda bilər.
Uşaq vaxtı incitmişəm mən səni,
Yazdığım şeirə bağışla məni.
İndidə həsrətəm gözəl laylana,
Ehtiyac duyuram sənin qayğına.
Böyüdüb göndərdin Vətən yoluna,
Gözün yollar çəkir, əsgər anası.
Aydının gündəliyinə hamı sehirli bir aləm kimi baxırdı. Aydının kiçik dəftərçəyə köçürdüyü hisslərini əzizləri öz ürəyində yaşayırdı. Cavadla Nicat Aydının gündəliyini vərəqləyirdi.
Aydın yazırdı: Bu gün fevralın 19-dur. Seyfəli poliqonundayıq. Akopda lomkaçılıqdır.
Nicat üzünü Cavada tutaraq:
- Aydın nə üçün belə yazıb görəsən?
- Yəqin onlara istirahət verilibmiş, ona görə belə deyir. İstirahətdənsə təlim olmasını istəyirdi Aydın.
- Aydın bir yerdə dayanıb durmağı sevmirdi. Elə hey istəyirdi ki, hərəkətdə olsun, - dedi Nicat.
- Nicat, bax, Aydın əsgər yeməkxanasında əsgərə verilən qidanın da siyahısını verib. Gör nə qədər diqqətli imiş ki, heç nə gözündən, fikrindən yayınmayıb.
Qardaşları Aydının gündəliyini vərəqləyirdi.
Əlinizi çiynimə qoyanda
Ürəyim açılır həmin o anda.
Düşünüb səhvlərimi salıram yada,
Sizin üçün darıxıram, qardaşlar!
Qardaşlarım dayağımdır hər zaman.
Ayrılıq ağrısı ağırdır yaman.
Görməsin yolunuz nə çən, nə duman,
Atam əvəzisiz ikiniz mənə,
Könlüm könlünüzdə qıza, isinə.
Siz çatasınız müdam xoş günə,
Nicatla Cavad qardaşlarının yazdığı şeirdən kövrəldilər. Böyük ürəkli Aydın onları nə qədər sevirmiş, Tanrı.
- Aydın qayğıkeş olsa da, bizə sevgisini elə də hiss etdirmirdi. Bəzən deyirdim ki, Aydın bizi o qədər də çox istəmir. Amma yanılmışam. Qardaşım bizi dünyalar qədər sevirmiş, - deyə Nicat qəhərlənə-qəhərlənə dilləndi.
- Yox, Aydın bizi həmişə çox istəyib. Sadəcə, əvvəl uşaq idi, ərköyünlük edirdi. Amma əsgərlik məktəbi, evdən uzaqda olmaq onun bütün duyğularını açıb.
İnsanı insandan ayıran dünya,
Mən də ilyarımlıq ayrıldım səndən.
Həyatı hərbidə öyrədən dostum,
Dostluq nə deməkdir, öyrəndim səndən.
Dost sözünün mənasını tapıb öyrənsən,
Dostluq nə olduğunu yaxşı bilərsən.
Aydın əsgərlikdə olanda dostlarını da çox düşünürdü. Bakıda qoyub getdiyi dostlarının bir neçəsi də onun kimi əsgər idi. Arada məktublaşıb xəbərləşirdilər də. Aydın axır vaxtlar hərbidən ayrılmaq istəmirdi. Elə bağlanmışdı ki, hərbiyə. Bircə anasından nigaran idi, bilirdi ki, anası onu gözündən kənara qoymaq istəməyəcək. Əsgərlikdə olmağına güclə dözür anası.
Aydının gündəliyində "Bağışla, ana" kiçik bir şeiri də qardaşlarının diqqətindən yayınmadı:
Övladın nazını çəkdin hər zaman,
Biz sənə dərd deyil, kaş sevinc verək.
Qədrini vaxtında bilə bilmədim,
Qədrini biləydim uşaqkən gərək,
Bağışla, ay ana, bağışla məni.
Ayrılıq gülləsi taparsa məni,
Bu geniş dünyadan çıxarsa məni,
Tutub səhralara aparsa məni,
Vətənin borcunu verib gələcəm,
Mən sənin yanına qayıdacağam.
Öpüb əllərini, ayaqlarını,
Ay ana, laylanı dinləyəcəyəm.
Aydının şeirləri öz ömrü kimi qırıq-qırıq, parça-parça idi. O şeirdən çox duyğu və həyəcanla yazılan yazıya bənzəyirdi. Aydının anasına yazdığı şeirlər gözü yolda qalan anaya təsəlli ola bilirdimi?
Cavadı bu sual düşündürürdü. Aydının şairliyindən xəbərləri yox idi. Amma, görünür, o ürəyində gəzdirdiyi ana sevgisini şeirə çevirməklə, anadan halallıq almaq istəyirdi. Ana haqqını ona çoxdan halal etmişdi...
İradə SARIYEVA