Öz-özünə fikirləşirdi ki, deyirlər, zaman çox yaraları sağaldır, ancaq bizim yaramızı sağaltmır. Sanki o yaramızı görmür. "Təbib qarşı gəlsə, sağalar yara" - dərdimizə heç bir təbib dərman tapa bilmədi.
- Şükür Allahın məsləhətinə, - deyə Nicat kövrəldi.
Yazın son ayı olmasına baxmayaraq, hələ də hava oynayırdı. Gah günəş yeri-göyü yandırırdı, gah da təbiətdə soyuq at oynadırdı. Qardaşı Aydın haqqında düşünürdü həmişə. Elə bir gün yox idi ki, Nicat Aydını xatırlamasın, onun xatirəsi ilə baş-başa qalmasın. Aydın anadan mərd doğulmuşdu. Mərdi isə zamanə həmişə yetirmir. Bunu Nicat yaxşı bilirdi. Qardaşında elə xüsusiyyətlər vardı ki, onu başqasında görə bilmirdi.
Aydın uşaqlıqdan nahaq işi götürmürdü, harada haqsızlıq görsəydi, bundan çox narahat olurdu. Aydın, tanıdı-tanımadı, bütün insanları müdafiə edirdi. Hətta şəhərdə görəndə ki, bir oğlan hansısa bir qıza sataşır, söz atır, dərhal işə qarışır, tanımadığı qızı müdafiə edirdi. Aydının o qədər belə davaları olmuşdu ki... Aydın həmişə deyirdi ki, kişi mərd, sözübütöv olmalıdır. Nümunə ola bilməyən kişi nə cəmiyyətə, nə də ailəsinə gərəkdir. Nicat Aydının mərdlik keyfiyyətlərini xatırladıqca, qardaşının necə böyük ürək sahibi olduğundan qürur hissi keçirirdi. Aydın kiçik qardaş olmasına baxmayaraq, həmişə onlara dayaq olurdu. Onun dostları da hamının dostlarından seçilirdi. O, dünyasında əyri, nadürüst adamla dostluq etməzdi. Hey deyirdi ki, keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni. Minillərin sınağından üzüağ keçən bu atalar sözü Aydının dilindən düşməzdi. Qardaşı 23 illik həyatını kişi kimi yaşadı, amma namərd gülləsindən həyatdan köçdü.
- Kaş Aydın namərd gülləsinin vurduğu yaradan ölməyəydi. O, namərdlər dünyasına qarşı həmişə mübarizə aparırdı. Aydın əsl igid idi. Atalar yaxşı deyib ki, igid ölər, adı qalar, müxənnətin nəyi qalar?
Nicat danışdıqca, həyat yoldaşı Səlmi və uşaqları ona qulaq asır, sual verməyə ürək etmirdilər. Çünki Nicat öz aləmində Aydınla baş-başa idi.
Həmişə babaları Bəhram kişi deyirmiş ki, oğul, igidin yaraşığı sınaqdır, insan sınaqdan çıxandan sonra igid adını qazana bilər. Rəhmətlik Bəhram baba igidliyi ilə bütün Şabran elində, ətraf bölgələrdə ad-san qazanmışdı. Köklü bir ağacın budaqları idi Nicat, Cavad və Aydın.
İgid odur atdan düşə atlana,
İgid odur hər cəfaya qatlana.
Bu sınanmış kəlamı da Bəhram baba tez-tez işlədərmiş.
Nicatın Aydına bağlılığı ancaq bir genetik bağlılıq deyildi, onların mənəvi-ruhi bağlılıqları da vardı. O, Aydının uşaqlığını tez-tez xatırlayırdı. Aydın uşaqlıqdan ötkəm, çılğın, ərköyün, sözgötürməz idi. Böyüklərin sözünə baxardı, kiçiklərə sevgi bəsləyərdi, amma haqsızlığı götürə bilmirdi heç vaxt. Bəzən Nicata elə gəlirdi ki Aydın elə uşaq qalıb, heç böyüməyib. Evin böyük uşağı idi Nicat. Ona görə də Aydınla aralarında xeyli yaş fərqi vardı.
İllər bir göz qırpımında keçmişdi. Kiçik qardaşı böyüyüb ərsəyə çatmışdı, əsgərliyə gedib gəlmişdi, sonra da könüllü olaraq kəşfiyyatçılıq kursuna daxil olub oranı bitirdikdən sonra Tərtərdə Vətənin təəssübünü çəkdi, sonda isə şəhid oldu. Nicat qardaşı haqqında düşündükcə, ürəyi paralanırdı. Aydın həyatdan doymadı getdi.
Həyat, sən nə şirinsən,
Kim səndən doydu getdi?
Nicat fikirləşdi ki, qardaşı 23 illik ömrünü o qədər dolğun, mənalı keçirib ki, o əbədi yaşayacaq. Özünə qəribə bir təsəlli verdi:
- Aydın heç vaxt qocalmayacaq, həmişə gənc qalacaq, lap yaşıdları qoca baba olanda da qardaşım cavan olacaq.
Nicat bir qədər azdanışan idi. Odur ki, çox vaxt müsahib kimi diqqəti çəkmirdi. Əslində isə, bütün sakit təbiətli insanlar kimi, Nicatın da danışmağa sözü çox idi, iç ürəyi sözlə, xatirə ilə aşıb daşırdı. Aydın elə bir qardaş idi ki, onun hər sözü-söhbəti bir dastan idi, bir roman idi. Nicat düşünürdü ki, qardaşının kəşfiyyatçı olması onun bitkin xasiyyətinin göstəricisidir. Aydın uşaqlıqdan sirr saxlayan idi. Uşaq vaxtı çöldə-bayırda uşaqlarla dalaşsa da, döysə də, döyülsə də, heç vaxt bunu böyük qardaşlarına deməzdi, haqq-hesabı özü çürüdərdi. Uşaqlıqdan onun xasiyyəti bütöv formalaşmışdı. Sirr verməyi qətiyyən sevmirdi Aydın. Qardaşlarına, ata-anasına sirr verməyən adam düşmənə sirr verərdimi heç?! Nicat qardaşı haqqında düşünəndə yadına o qədər maraqlı hadisələr düşürdü ki, bilmirdi hansını danışsın. Uşaqlarına Aydın haqqında çox danışırdı Nicat, onlar elə bilirdilər ki, əmiləri nə vaxtsa gəlib bu əhvalatları onlara özü danışacaq.
- Ata, əmim nə vaxt gələcək? - deyə Nicatın böyük uşağı soruşdu.
Uşağın qəfil verdiyi sual Nicatı xeyli susmağa məcbur etdi. Ona nə cavab verəcəyini götür-qoy elədi. Handan-hana dilləndi:
- O uzaqdadır, bizim yaşadığımız yerdə yaşamır, sən böyüyəndə əminin harada olduğunu biləcəksən.
Nicat üç uşaq atası idi. Qızları Leyli, Mehri, 2 yaşlı oğlu Nihat atanın şadlığı, sevinci olsa da, onun fikri həmişə Aydının yanında idi. Çünki Aydının vaxtsız vəfatı hamı kimi onu da yandırıb-yaxırdı.
Böyük qızı Leyli qəfil atasına sual verdi:
- Ata, Aydın əmimin adı çəkiləndə nənəm nə üçün çox ağlayır?
Nicatı fikir götürdü. O necə izah etsin ki, Leylini anlada bilsin.
- Qızım, sənin əmin qəhrəman olub. O, torpaqlarımız uğrunda şəhid olub. Nənən əminin şəhid olmasına dözə bilmir. Valideynlər istəyir ki, övladları sağ-salamat olsun.
- Ata, bir az əmimdən danış bizə.
- Aydın uşaqlıqdan çox ağıllı idi. Həmişə yaşıdlarından fərqlənirdi. Həm çox çevik idi, həm ciddi, həm də zəkalı. O heç vaxt tədbirsiz iş görmürdü. Bir iş görəndə mütləq düşünüb-daşınır, sonra qərar verirdi. Ağzından çiy söz çıxarmazdı. Ata-anamızın sonbeşiyi olmasına baxmayaraq, hamı onun sözünə hörmətlə yanaşırdı. Bizi məhəllə cavanları daha çox Aydına görə tanıyır, ona görə hörmət bəsləyirdi. Aydın əmin olduqca mehriban, qayğıkeş idi. Valideynlərimizə çox bağlı idi və çalışırdı ki, onlara daha çox diqqət yetirsin. Çalışırdı ki, evdə heç bir narahatlıq olmasın. Hətta 14-15 yaşı olanda dərsdən sonra işləyib evə qazanc gətirirdi ki, ailənin yükü yüngülləşsin. Evdə heç kəsin qəlbinə dəyməzdi, hamı ilə xoş davranırdı. Meyxananı çox sevirdi. Ən çox sevdiyi meyxanaçı Rəşad Dağlı idi. R.Dağlının bütün meyxanalarına qulaq asırdı. Televiziyalarda meyxana yarışlarına çox maraqla azarkeşlik edirdi. O düz danışmağı sevirdi, verdiyi sözün üstündə dururdu, hamıdan da onu tələb edirdi. Sizin ananıza əsl qardaş münasibəti bəsləyirdi. Gəlin bacılarına həmişə nəvazişlə, qardaş qayğısı ilə yanaşırdı. Sizdən ötrü də canından keçməyə hazır idi. Sizi o qədər istəyirdi ki, sözlə deyə bilmirəm. Məhəllədə böyükdən tutmuş, kiçiyə qədər hamı Aydının xətrini çox istəyirdi. Çünki bacardığı hər işdə qonşuların əlindən tuturdu. Sizin əminiz belə oğlan idi. Heyf ki, tez getdi. Amma təsəllimiz o olmalıdır ki, Aydın yaddaşlarda qəhrəman kimi qaldı. O şəhid oldu, sinəmizə dağ çəkdi, amma o dağın zirvəsinə öz adını işıqlı sözlərlə yazdı. Vətən sağ olsun, qızım, Aydın Vətənin balasıdır. O təkcə sənin əmin deyil, bütün uşaqların əmisidir.
Leyli atasını dinlədikcə, üzü rəngdən-rəngə düşür, gah sevinir, gah kədərlənir, gah da qürurlanırdı.
- Ata, müəlliməm bizə şəhidlərdən inşa yazmağı tapşırıb. Onda mən sənin sözlərini dəftərimə köçürüb müəlliməmə verərəm ki, öz əmimin qəhrəmanlığından yazmışam.
- Lap yaxşı, qızım, onda babanı da danışdır, onun da əminlə bağlı deyəcəyi sözlər var.
- Ata, fəxr edirəm ki, qəhrəman Aydın Abdullayev mənim əmimdir.
Nicat Aydından 8 yaş böyük idi. Suraxanı rayonu 287 saylı məktəbdə oxumuşdu. Ondan sonra qardaşları Cavad və Aydın da həmin məktəbin məzunları olmuşdu. Nicat İnşaat və Memarlıq Universitetinin Su və qaz təchizatı fakültəsini bitirmişdi, ixtisasca mühəndis idi. Əmirsoltan kişi və Sevil ana mümkün qədər balalarına ali təhsil vermək üçün çalışmışdı.
Nicat Aydının uşaqlıqda və yeniyetməlikdə gəzdiyi hər bir küçəni, yeri qarış-qarış gəzir və hər yerdə qardaşının izini axtarırdı. Günlərin birində yolu Aydının illər əvvəl məşq etdiyi və dəfələrlə fərqləndiyi idman klubuna düşdü.
Aydın müxtəlif idman növləri ilə məşğul olmuşdu. Son illər sərbəst güləşə də maraq göstərirdi. Bu sahədə təcrübəsini təkmilləşdirmək üçün Eldar Məmmədovun klubuna gedirdi.
Nicat kluba daxil olanda qəribə hisslər keçirdi. Bir vaxtlar qardaşı bu pilləkənləri qalxmışdı, məşq zalında Aydının nəfəsi, ruhu dolaşırdı.
Nicat zala daxil olanda qızğın məşq gedirdi. Müəllim Nicatı görüb uşaqları dayandırdı.
- Buyurun, eşidirəm, qardaş.
- Salam. Mən Aydın Abdullayevin qardaşıyam, adım Nicatdır. Burdan keçirdim, ayağım məni bura gətirdi.
- Çox sağ olun ki, bizi yada salmısınız. Allah Aydına rəhmət eləsin. Mən onu uşaqlıqdan tanıyırdım, idmana böyük maraq göstərirdi. Uşaqlara tez-tez Aydından danışıram. Deyirəm ki, Aydına bənzəməyə çalışın, çünki Aydın təkcə idmançı olmayıb, o həm də qəhrəman idi. Aydın hələ uşaqlıqdan öz yaşıdlarından fərqlənirdi. Döyüş ruhlu gənc idi, həmişə yarışlarda fərqlənirdi. Həmişə bayraqdarımız Aydın olurdu. O, bayrağımızı qürurla qaldırırdı. Bəzən məşq zamanı mənə də kömək edirdi, idmana yeni gələn uşaqlara yol göstərirdi. Uşaqların hamısı ona qulaq asırdı. Aydın çox nizam-intizamlı, dürüst oğlan idi. Məşqə həvəslə gəlirdi həmişə, bir dəfə də olsun onu həvəssiz görmədim. Aydın heç vaxt məğlub olmağı sevmirdi, həmişə qalib olurdu. Liderlik Aydına çox yaraşırdı. Aydın inadkarlıqla, əzmlə qaləbədən-qələbəyə doğru gedirdi. Onun gözəl xüsusiyyətlərindən biri də o idi ki, qətiyyən rəqibdən qorxmazdı, qırğı kimi rəqibin üstünü alırdı. Aydın yarışlara həvəslə qatılırdı. O çox vətənpərvər, ailəsinə bağlı bir gənc idi. Aydın həmişə deyirdi ki, beynəlxalq idman yarışlarına qatılıb Azərbaycanın üçrəngli bayrağını göylərə qaldıracaq. Mən Aydının himnimizi necə qürurla oxuduğunun şahidi olmuşam. O, dövlət rəmzlərimizi Vətən torpağı qədər çox sevirdi. O bu sevgi naminə də şəhid oldu. Onun şəhid olduğunu eşidəndə çox pis oldum. Amma təsəllim o oldu ki, Aydın şəhidlik məqamına yetişdi. Aydının sıramızda olmaması mənə də, idmançı dostlarına da çox pis təsir edir. Bizim hədəflərimiz böyük idi. Biz hər il Aydının doğum günündə onun xatirəsinə sərbəst güləş yarışı təşkil edirik. Qalibləri Aydın Abdullayevin adına təsis etdiyimiz mükafatla təltif edirik. Allah Aydına rəhmət eləsin!
Nicat qardaşı haqqında eşitdiyi isti, səmimi sözlərdən təsirləndi, ürəyi kövrəldi.
Nicat bir az məşqə baxdıqdan sonra evə qayıtdı. O xeyli yüngülləşmişdi:
- Adına qurban, qardaş, adın hər yerdə hörmətlə çəkilir, -deyə pıçıldadı.
İradə SARIYEVA