Həftələr, aylar bir-birini tənginəfəs edib qovurdu. Qaynar qazan kimi hər gün qaynayan şəhərimizdə çox şey dəyişmişdi. Bircə Abdullayevlər ailəsində hər şey köhnə qaydasında idi. Onlar üçün bahar da, qış da, payız da, yay da qüssə gətirirdi. Evdə hara baxırdılarsa, gözlərinin önündə şəhid Aydının surəti canlanırdı. Sevil ana da, Əmirsoltan kişi də tamamilə şadlığı unutmuşdu. Onlara elə gəlirdi ki, bütün günlər, həftələr, aylar, hətta illər də bir-birinə bənzəyir.
Hər şey gözlərinə boz rəngdə görünürdü. Ata-ana oğullarının adının əbədiləşdirilməməsindən narahatlıq keçirirdi. Ata tərtərlilərdən müntəzəm olaraq məktub alırdı. Göz yaşı ilə yazdıqları məktublarda ataya təsəlli verirdi sədaqətli Tərtər camaatı. Yazırdılar ki, Aydın təkcə Abdullayevlər ailəsindən yox, Tərtər elindən gedib... Ata məktubları Sevil anaya da oxuyurdu. Nə yazıq ki, məktublar anaya təsəlli ola bilmirdi...
Aydının qəhrəmanlıqla şəhid olduğu Tərtərin Qapanlı kəndinin sakinləri Abdullayevlər ailəsinin nigarançılığına şərik olur, şəhid gizirin adının əbədiləşdirilməsinə nail olmaq üçün müxtəlif ünvanlara məktub göndərirdilər. Aydın qapanlılar üçün doğma övlad qədər əziz idi. Onlar hətta istəyirdilər ki, Tərtərdə də Aydının adına küçə olsun. Aydının xidmət etdiyi hərbi hissənin rəhbərliyi də onun qəhrəmanlığının yaddaşlarda əbədi həkk edilməsi üçün çalışırdı.
Payızın son ayı idi. Qış hələ gəlməsə də, nəfəsi hiss olunurdu. Axşamlar şaxta qılınc kimi adamı kəsirdi. Dağlardan əsən soyuq rüzgar Qapanlı camaatının canında gəzişirdi. Bir tərəfdən ermənilərin başlarına yağdırdığı od-alov, o biri tərəfdən payızın soyuq üzü camaatın güzəranına, əhvalına, əməlli-başlı, pis təsir göstərirdi. Çünki erməni yaraqlılarının hər gün atəş açması nəticəsində dinc sakinlər həlak olur, mal-qaraya ziyan dəyir, camaat bağ-bostanının məhsulunu evə yığşıra bilmirdi. Yığşıran da ruzisini ağız dadı ilə yemirdi. Soyuq gecələrdə iki-üç ailə bir yerə yığışıb gündəlik vəziyyətdən, ermənilərin törətdiyi vəhşiliklərdən danışır, gavurların yolunu kəsmək haqqında fikirləşirdilər.
Kənd sakinləri bir yerə yığışanda söz-sözü çəkir, Qapanlının müdafiəsi uğrunda şəhid olan Vətən oğulları xatırlanırdı. Kişili-qadınlı hamı bir ağızdan şəhid gizir Aydın Abdullayevi xatırlayır, onun ruhuna dualar oxuyurdular. Kənd ağsaqqalı Cəfər Quliyev sakinlərlə söhbət zamanı Aydının hələ də adının əbədiləşdirilmədiyini yanğı ilə dilə gətirirdi.
- Ay camaat, Aydın qapanlıların doğma balası kimi idi. O bizi qorumaq məqsədilə cəbhəyə gəlmişdi. Böyük şücaət göstərib qəhrəmanlıqla şəhid oldu. Ancaq hələ də onun adı əbədiləşdirilməyib. Mənə belə gəlir ki, Aydını yaxından tanıyan, onun qəhrəmanlığına, cəsarətinə, hünərinə bələd olan insanlar kimi bəzi qurumlara müraciət ünvanlayaq. O oğlanla duz-çörək kəsmişik, ağrıyan yerimizə həmişə dərman olub Aydın. Harada dara düşmüşüksə, dadımıza yetib. Biz müraciət etsək, yəqin ki, onun adını Bakıda, Tərtərdə küçəyə, parka, məktəbə verərlər. Aydının yaşadığı binanın qarşısında onun xatirə lövhəsi vurulub. Bu azdır. Bilirsiniz, Bakıda Abdullayevlər ailəsinin yaşadığı Günəşli qəsəbəsində əli xalq qanına batan bəzi bolşeviklərin adına küçələr var. O küçələrdən birinə Aydının adı verilməlidir. Atası ilə dəfələrlə danışmışam. O mənə böyük bir siyahı verdi. O siyahıda kimlərin adı yoxdur, mən deyim siz bilin: Çaparidze küçəsi, Oktyabrın 40 illiyi küçəsi, 1-ci zavod döngəsi, Qəzənfər Musabəyov küçəsi, Məşədi Əzizbəyov küçəsi, Şəfəq küçəsi, Məktəbli küçəsi, Park küçəsi, Transport küçəsi, 1 may küçəsi, II mədən küçəsi, Zeytun küçəsi adlı ünvanlar var Yeni Günəşlidə. Xalqımızın qatili olan insanların adları niyə yaşamalıdır? O küçələrə Aydın kimi el qəhrəmanlarının, Vətən oğullarının adı verilməlidir.
Kənd sakinləri Cəfər müəllimlə həmrəy olduqlarını bildirib qərara gəldilər ki, Bakıya rəsmi dairələrə məktubla müraciət etsinlər.
Qapanlılar Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənova və Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubova məktub yazdılar.
Qapanlıların məktubundan:
"Bizim bölgədə şəhid olmuş gizir Aydın Abdullayevi ola bilsin ki, kənddə şəxsən kimsə tanımasın, amma adı Qapanlı kəndində dillər əzbəri olmuşdu. Elə indi də onun əziz xatirəsi qəlblərdə yaşayır. O çox ünsiyyətcil oğlan idi. Cəsur kəşfiyyatçı idi. Biz daim onun igidlikləri ilə fəxr edirik.
İstərdik ki, xatirəsi əbədi yaşasın. Xahiş edirik ki, onun ailəsinin yaşadığı Bakıdakı Yeni Günəşli qəsəbəsindəki "V" yaşayış sahəsinə şəhid gizir Abdullayev Aydın Əmirsoltan oğlunun adının verilməsinə köməklik göstərəsiniz".
Tərtər şəhərinin sakinləri də Aydının adının əbədiləşdirilməsinin tərəfdarı idilər. Şəhərin Ədalət Paşayev küçəsinin sakinləri adından Bəxtilə Səlim qızı Əliyeva Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənova və Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubova məktub ünvanladı.
Bəxtilə xanım yazırdı: "Tərtər şəhəri Ədalət Paşayev küçəsinin sakiniyəm. Bu müraciətlə Sizdən çox xahiş edirəm ki, Tərtər rayonu Qapanlı kəndində hərbi xidmət zamanı igidliklə şəhid olmuş Bakı şəhər sakini Abdullayev Aydın Əmirsoltan oğlunun xatirəsini əbədiləşdirmək üçün onun ailəsinin yaşadığı Bakıdakı Yeni Günəşli qəsəbəsindəki "V" yaşayış sahəsinə şəhid gizir Aydın Abdullayevin adının verilməsinə köməklik göstərəsiniz. Hər bir tərtərli kimi mən də fəxr edirəm, qürur hissi keçirirəm ki, Aydın Abdullayev kimi qeyrətli, Milli Qəhrəman adına layiq gənclərimiz var.
"Vətən sağ olsun!" deyirik".
2015-ci ilin 12 noyabr tarixində yazılmışdı bu məktub. Tərtər şəhər sakinləri Aydının adının əbədiləşdiriləcəyi günü intizarla gözləyirdi.
Tərtər şəhəri, Z.Əhmədova küçəsi 23 ünvanında yaşayan Azərbaycan Mətbuat Şurasının üzvü Svetlana Bağırova 16.10.2015-ci il tarixində Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənova və Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubova yazdığı məktubda da Aydının adının əbədiləşdirilməsini xahiş edirdi.
Svetlana xanımın məktubundan:
"Bu günlərdə şəhid Aydın Abdullayevin qəhrəmancasına həlak olmağının 2 ili tamam olacaq. O bizim bölgədə-Tərtərin cəbhəyanı kəndi olan Qapanlıda xidmət edirdi. 2 il keçməsinə baxmayaraq, həm də döyüş dostları, həm də kənd camaatı onun şücaətini unutmur, haqqında həm qürur hissi, həm də ürək ağrısı ilə danışırlar.
Onun özünün yaşının az olmasına baxmayaraq, hətta özündən böyüklər belə Aydını özlərinə böyük qardaşları hesab edirdilər. Onun postundan quş da keçə bilməzdi. Özü də ayıq-sayıq idi, əsgərlərdən də bunu tələb edirdi.
Xahiş edirik ki, onun ailəsinin yaşadığı Bakıdakı Yeni Günəşli qəsəbəsindəki "V" yaşayış sahəsinə şəhid Aydın Abdullayevin adının verilməsinə köməklik göstərəsiniz".
"N" saylı hərbi Hissənin zabiti Vaqif Adamov 15.10.2015-ci ildə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənova və baş nazirin birinci müavini Yaqub Eyyubova ünvanladığı müraciətdə şəhid gizirin qəhrəmanlığından danışır. Zabit yazır: "Şəhid Aydın Abdullayevlə eyni hərbi hissədə xidmət etmişik. Biz onu həm komandir, həm də böyük qardaş kimi çox sevirdik. O dəfələrlə düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdi. 2013-cü ilin oktyabr ayının 26-da o, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Biz hesab edirik ki, Aydın ən şərəfli, ən yüksək adlara layiqdir. O, Bakıda Yeni Günəşli qəsəbəsində yaşayırdı. Çox xahiş edirik ki, onun yaşadığı küçəyə adının verilməsinə köməklik göstərəsiniz".
Tərtər rayonunun Ağkənd, Qaradağlı, Qapanlı kənd sakinlərindən eyni ünvana bir neçə məktub göndərildi.
Bu məktubların hər birində cəsur Azərbaycan oğlunun mərdliklə, rəşadətlə düşmənə qarşı apardığı mübarizə əks olunur, onun qəhrəmanlığı ilə öyünülürdü.
Onlar məktubun bir surətini də Abdullayevlər ailəsinə göndərmişdi. Aydının ata-anası bu məktublara baxıb oğullarının Tərtər camaatının qəlbində qoyduğu izlə fəxr edirdilər. Atanın özü də oğlunun adının əbədiləşdirilməsi üçün dəfələrlə müraciət etmişdi. Hər dəfə ona: "Darıxma, Əmirsoltan dayı, Aydının adını mütləq əbədiləşdirəcəyik. Azərbaycan dövləti heç bir şəhidinin xatirəsinə biganə qalmayıb, qalmır da. Biz tərtərlilərin yazdıqları isti, hərarətli məktublardan oxuyuruq ki, sizin oğlunuz düşmənə aman verməyib, böyük qəhrəmanlıqlar göstərib. Sizin yaşadığınız binaya Aydının xatirə lövhəsi vurulub, sağlıq olsun, xatirəsi daha yüksək səviyyədə əbədiləşdiriləcək" - bildirilirdi.
Ata ümidlə gözləyir. Elin hörmətini qazanan, el yolunda canını fəda edən sonbeşiyinin adına küçə veriləcəyi günün uzaqda olmadığına qətiyyən ümidini itirmir. Ata yaxşı bilir ki, dövlət şəhidlərə, şəhid ailələrinə xüsusi hörmət və qayğı ilə yanaşır. İndiyə qədər onlarla şəhidin adı məktəbə, parka, küçəyə, prospektə verilmişdi. Şəhidlik zirvəsini fəth edənlər dövlətin və xalqın ehtiram göstərdiyi insanlardır.
Ananın gözləri yol çəkirdi elə bil. Ürəyindən keçdi ki, canı tutsaydı, Şabrana, qayınatasının yurdu Zeyvə kəndinə gedərdi. Elə hey fikri orada idi. Ana özünü ovudurdu ki, bəlkə Zeyvəyə getsə, orada Aydınla qarşılaşa bilər. Ana Aydının yoxluğuna gah inanırdı, gah inanmırdı. Birdən ona elə gəlirdi ki, qəfil muştuluqçu gəlib:
- Sevil ana, muştuluğumu ver, Aydın gəlir, - deyəcək.
Evdə heç kəs olmayanda ana Aydının şəkillərini evin hər yerinə düzür, geyimlərini sandıqdan çıxarıb qoxlayırdı. O, oğlunun gah geyimi, gah da şəkilləri ilə danışır, şəkilləri qucaqlayıb saatlarla susurdu. Susduqca özünə qapılır, tamamilə başqa bir dünyaya, aləmə gedib çıxırdı.
Ana Zeyvəyə getmək istəyirdi. Arzusunu ərinə deyəndə Əmirsoltan kişi:
- Bir az düzəl, gedərik. Bir az da havalar qızsın, oralar dağ yeridir, sənə soyuq olar. Hələ görək tərtərlilərin Aydının adının əbədiləşdirilməsi ilə bağlı müraciətlərinin taleyi necə olacaq? Bircə biz sağ ikən balamızın adı əbədiləşsəydi... Sevil, bizim yaşadığımız "V" yaşayış sahəsinə Aydının adı verilsəydi, dərdim olmazdı. Fəxr edərdim ki, oğlumun adını daşıyan ünvanda yaşayıram. Bu mənim ömrümü uzadardı, elə sənin də ağrıların dinərdi. Yaralı ürəyinin qanı dayanardı, ay Sevil. Sən Aydını igid, qorxmaz böyütdün. Görürsən Tərtər camaatı nələr yazır Aydından? Aydın yalançı, fırıldaqçı olsaydı, heç camaat, el onu yada salardı?!
Babam Sultan Əhməd, atam Bəhram kişi Şabranın adlı-sanlı pəhləvanlarından olub. Aydın da onlara çəkdi. Niyə deyirlər əslində olan dırnağında bildirər. Aydın pəhləvan babalarının kökü üstə, izi üstə ucaldı. Aydın Tərtərə gedəndə bir əlcə uşaq idi. 20-21 yaşı vardı, amma gör el ondan nələr danışır. Bircə balamın adı əbədiləşdirilsəydi, ölməzdik...
Onsuz da oğul dərdi qəddimizi əyib kamana döndərib...
Əmirsoltan kişi danışdıqca Sevil ana göz yaşı axıdırdı. Kişi arvadının göz yaşına dözə bilmirdi. Sevil ana ağlayanda o elə bilirdi ki, bütün dünya ağlayır, yer-göy göz yaşı tökür. Sevil ana ağlayanda Əmirsoltan kişi onu kiridə, ovuda bilmirdi. Ana qəlbini ancaq bala ovuda bilir. Bunu ağsaqqal yaxşı bilirdi. Odur ki, belə olanda arvadını otaqda tək qoyub o biri otağa keçirdi ki, ağlayıb ürəyini sakitləşdirsin.
Ana qollarını sinəsinə çarpazlayıb içində sızıldayırdı:
Ay doğdu üzə düşdü,
Sürmələr gözə düşdü.
Heç ayrılıq yox idi,
Ayrılıq bizə düşdü.
Hər qapı döyüləndə ana "Aydın" deyirdi, Əmirsoltan kişi isə
- A bala, görün gələn poçtalyondur? Mənə məktub gətirməlidir. Hər dəfə poçta gedirəm ki, dövlət idarələrinə məktub yazmışam, onun cavabı hələ gəlməyib? Deyirlər ki, məktub olsa, poçtalyon gətirəcək...
İradə SARIYEVA