Ana əli qoynunda gözlərini naməlum nöqtəyə zilləmişdi. İçində ağrı-acı, qəlbində dağa dönən oğul həsrətinə göz yaşı tökürdü. Qonum-qonşu, qohum-əqrəba ananın başına toplaşıb ona təsəlli verirdilər. Ancaq heç kəs ananın fikrini dağıda bilmirdi. Beynində lövbər salan acı duyğular, oğluna görə keçirdiyi iztirablar ananı bu aləmdən qoparmışdı. O sanki reallıqla yuxu arasında çırpınırdı.
Yaz çoxdan gəlmişdi. Ananın içində isə hələ də qışın oğlan çağı idi. Ana yazı qarşılamaq istəmirdi. Heç ovqatı yaz üstə deyildi. Bayırda xoş yaz havası vardı. Bakı aprelin son günlərini yaşayırdı. 28 aprel günü idi. Sevil ana dörd il idi ki, ad günündə Aydından təbrik almırdı. Dörd il idi ki, ana təbrikə gələnləri soyuq qarşılayır, göz yaşı ilə yola salırdı.
- Aydın kimi oğlu şəhid olan ana ad günü keçirərmi? Məni təbrik etməyin, - deyirdi hamıya.
Əslində, heç kəs istəmirdi ki, ananın ürəyinə toxunsun, ona görə də heç kəs onun sözündən incimirdi.
Ananın çiynində dünya boyda oğul dərdi vardı. Bəzən ona elə gəlirdi ki, bu yaz günündə də səngərdə soyuqdur. Qəlbindən oğlunun səngərdəki dostları keçirdi. Sevil ananın ürəyi sızıldayırdı. Canına yayılan soyuqdan yumaq kimi büzüşdü. Ona elə gəlirdi ki, əsgərlər səngərdə üşüyür.
Bir neçə ay əvvələ qədər ananın oğlu da Vətən səngərində keşik çəkirdi. Oğlu səngərdə yuxusuz qalanda, ananın da gecələr yuxusu ərşə çəkilərdi. İlan vuran yatardı, ancaq Sevil ana kipriyini belə qaxmazdı. Oğlu şəhid olandan indiyə qədər ana düzəməlli yuxu yatmırdı. Ona elə gəlirdi ki, yatsa, birdən oğlu gələr, o oyanana qədər çıxıb gedər. Oğlunun şəhidliyinə inanmırdı ana. Nəşini də görmüşdü Aydının. Ancaq hey deyirdi ki, balam qayıdacaq, geri dönəcək. Həyat yoldaşı, balaları, gəlinləri yalvarırdı ki, ana heç olmasa bir-iki saat yatsın, o etiraz edirdi:
- Yox, yatmıram, birdən Aydın gələr, mənə deməzsiniz. Çıxıb gedər, balamı görə bilmərəm.
Evdəkilər Sevil ananı inandırmağa çalışırdılar ki, Aydın daha gəlməyəcək, o şəhid olub, amma ana bir çox hallarda oğlunun qayıdacağını israr edir, onun xəyalı ilə danışır, şəkillərinə giley-güzar edirdi. Ana son vaxtlar tamamilə dəyişmişdi. Özünə qapanan ana xəyallarında oğlu ilə ünsiyyət qurar, gündəlik baş verənləri ona danışardı. Hərdən ana elə bilirdi ki, oğlunun şəkli canlıdır.
- Gəldinmi, balam, niyə kefsizsən? Yemək yeyirsənmi?
Ananın Aydının şəkilləri qarşısında dayanıb onun surətinə müxtəlif suallar verməsi evdə hamını narahat edirdi. Uzun söhbətdən sonra ananı oğlunun şəhid, özünün isə şəhid anası olduğuna inandırdılar. Yenə də ananın ürəyində şübhə vardı -birdən balası sağ olar deyə...
Sevil ana hər gün xəyallarında Aydınla danışır, onun səsini eşidirdi. Ana oğlunu xəyalına gətirib xatırladıqca, oğlunun işıqlı siması gözləri qarşısında dayanırdı. Ananın yadına 2010-cu ildə baş verən bir hadisə düşdü. Aydın əsgəri xidmətini başa vurub evə qayıtdıqdan bir neçə ay sonra yenidən cəbhəyə qayıdarkən, anasına boks əlcəklərini etibar etmişdi. Aydın boks əlcəklərini anasına vermişdi ki, o qayıdana qədər heç kəsə verməyib saxlasın. Bilirdi ki, əlcəyi ortalıqda qalsa, kimsə götürüb aparacaq. Aydın əlcəklərini çox sevirdi, çünki onlar ona yaddaqalan qələbələr qazandırmışdı.
Ana Aydının boks əlcəklərini əzizləyə-əzizləyə saxlayırdı. Balası müharibə bitəndən sonra evə qayıdacaq, boks əlcəklərini taxıb yenidən idman meydanına atılacaqdı. Ana çox istəyirdi ki, Aydın idmanda böyük uğurlar qazansın. Onsuz da Aydının idmana kifayət qədər marağı vardı. Ancaq cəbhədəki vəziyyət ona imkan vermədi ki, idmançı kimi özünü daha da təsdiqləsin.
Ana oğlundan nişanə qalan bir cüt boks əlcəyini sinəsinə sıxıb qoxladı, göz yaşı onu boğdu, için-için hıçqırdı. Boks əlcəyindən balasının əlinin ətri gəlirdi. Ananın halı xarab oldu. Evdə çalışırdılar ki, Aydının əşyalarını anadan gizlətsinlər. Çünki şəhid oğlunun əşyasını, şəklini görəndə ağlamaqdan özünü həlak edirdi.
Sevil ana hər dəfə oğlunun qəbri üstə gedəndə Tanrıya yalvarırdı ki, onu da oğlunun yanına aparsın. Ana məzarlıqda o qədər ağlayırdı ki, ailə üzvləri onu oğlunun qəbrindən güclə qoparırdılar.
Ana ağır xəstəliyə tutulmuşdu. Buna baxmayaraq, hey həyat yoldaşı Əmirsoltan kişiyə deyirdi:
- Canım düzəlsin, Tərtərə apararsan məni. Qapanlıya gedib oğlumun şəhid olduğu yeri görmək istəyirəm.
Əslində, ana Qapanlıya ona görə getmək istəyirdi ki, oğlunun qanı tökülən torpağa üz qoyub ağlasın, sızlasın.
Əmirsoltan kişi arvadına söz verirdi:
- Müalicəni bitir, sonra aparacağam səni.
Əmirsoltan kişi yaxşı bilirdi ki, arvadını sağaltmaq mümkün deyil. Çünki həkimlər onu sağalda bilmirdi. Hər kəs deyirdi ki, oğlunun vəfatından sarsıntı keçirib, ona görə belədir.
Sevil ana oğlu ilə son görüşünü həmişə xatırlayır, o səhnəni gözü qarşısına gətirəndə bərk sarsılırdı. Sarsıntı keçirməsinə baxmayaraq, oğlunu evdən cəbhəyə yola salarkən, ana-bala arasında baş verən dialoqu hər dəfə ərinə təkrar edirdi:
- Ay kişi, balam gedəndə heç getməyə qoymaq istəmirdim. Dedim ki, Aydın, getmə də, nə olar bala. Dedi ki, arvad zadam evdə oturam? Aydını elə çox istəyirəm ki, ondan ötrü burnumun ucu göynəyir. Kaş tezliklə balamı görə biləydim.
Əmirsoltan kişi ruhdan düşən arvadının sözünü yarımçıq kəsərək:
- Ay arvad, dayan görüm, nə ölmək, nə Aydına qovuşmaq? Özünü həlak etmə, bu, oğlumuzun ruhunu narahat edər. Aydın xalqın qəhrəmanıdır. Az ağla, az sızla, Allaha xoş gəlməz. Şəhidlik yolunu Aydın özü seçib.
Sevil ana ərinin sözlərindən birtəhər olurdu. İçində fikirləşirdi ki, kişi niyə qoymur ağlayım balamı?!
Amma ana yaxşı bilirdi ki, ağlamaqla balasını geri qaytarmaq mümkün deyil, amma yandığından göz yaşı axıdırdı.
- Aydınım sonuncu dəfə əllərini dodaqlarına aparıb mənə öpüş göndərdi. Yadına gəlir, ay kişi, 2013-cü ilin 7 avqust günündə balamızı yola salanda çox narahat olduq ikimiz də. Səninlə mən onu avtovağzaldan yola saldıq. Aydın ağladığımı görüb hirsləndi:
- Səni bir də qoymayacağam məni ötürməyə gələsən, evdə qalarsan. Niyə ağlayırsan axı, gedirəm, yenə qayıdacağam. Mən hərbçiyəm, gedirəm Vətəni qorumağa.
Sevil ana oğlu ilə son görüşünü xatırlayanda yanıb külə dönürdü. Bu səhnəni dəfələrlə xəyalında canlandıraraq vaysınıb ağlamışdı. Oğlu ilə son görüşü ərinin də yadına salırdı.
- Sonuncu dəfə o, Tərtərə gedəndə qardaşları da, sən də onu yola salmağa düşdünüz, bu dəfə tərslikdən mən düşmədim həyətə, balkondan baxırdım. Su atmaq istəyirdim arxasınca. Balamın arxasınca su atdım ki, sağ gedib salamat qayıtsın, amma salamat qayıtmadı. Qonşumuzun oğlu səni qoymayıb özü getdi Aydını yola salmağa. Aydın arxaya boylanıb əlini dodağına bir də aparıb mənə öpüş göndərdi. Can balam, can! Bilsəydim ayrılıq var, səni doyunca qucaqlayardım, bilsəydim ölüm var, səni gizlədərdim ki, əcəl tapıb apara bilməsin.
Aydın sonuncu dəfə məzuniyyətə gələndə ən çox sevdiyi xörəkləri bişirdim ki, balam çoxdandır o yeməkləri dada bilmir. Hər dəfə cəbhəyə qayıdanda özü ilə çoxlu yemək, bişmiş də aparırdı ki, orada əsgərləri ilə bərabər yesin.
Əmirsoltan, Aydın tikəsini bölən idi, heç kəsdən varını əsirgəmirdi. Balamız o qədər əliaçıq, könlü açıq idi ki... Düşmənə amansız idi, dosta açıqürəkli. Heç yadımdan çıxmaz, Aydının bir əsgəri vardı, bir az kasıb ailədən idi, arxasınca gəlib-gedəni yox idi. Valideyn nə etsin, yol uzaq, pul yox, pulsuzluq da adamın üzünü övlad yanında qara edir. Aydın bir gün mənə dedi ki, bacı, bir əsgərim var, yanına gəlib-gedəni yoxdur, ona sovqat hazırla, gedəndə aparım ki, uşaqlar elə bilsin onun da dalınca pay-püş gəlir. Qoy əsgərlər arasında pis olmasın. Aydının belə açıq ürəyi vardı. Hər şeyi dərindən düşünürdü. Bir dəfə də məzuniyyətdə olanda xalası onun üçün şorqoğal bişirmişdi. Yadına gəlir həmin gün hava necə qarışıq idi, bilmirdin soyuqdur, ya istidir. Xalası Aydını görəndə sevindi. Dedi ki, Aydın, sənə bir az halva da bişirmişəm. Aydın halvanı çox sevirdi. Bacımın süfrəsində halvanı görən Aydın dedi ki, xala, bu halva azdır. Çox çal, əsgərlərim ölür halva üçün. Gedib bir kilo yağ aldı. Mənə dedi ki, ana, ona toxunma ha, əsgərlərindir. Balam öz əli ilə öz halvasını apardı... Bundan böyük dərdmi olar? Halvasını aparıb orada özünə ehsan verdi elə bil...
Ananı yandıran o idi ki, Aydınla bağlı bütün arzuları xəzan oldu. Aydın ailədə pərdəli dolanırdı. Ata-ananın yerini bilir, böyük-kiçiyə hörmətlə yanaşırdı. Ona görə də hamının yanında xətri əziz idi. Ana həmişə evdə deyirdi ki, Aydın üçün kimin qızına elçi getsə, düşünmədən qızı ona verəcəklər. Bir gün ana gördü gəlinlər qumru quşları kimi baş-başa verib pıçıldaşırlar. O nə qədər çalışırdısa, gəlinlərin ondan xəlvət nə danışdığını kəsdirə bilmirdi.
Bir gün böyük gəlin ona yaxınlaşıb:
- Ana, sənə bir söz demək istəyirəm.
Sevil ana, əslində, bu söhbəti çoxdan gözləyirdi.
- Çəkinmə, de görüm nə deyirsən, qızım.
- Ana, Aydın toy məclislərinin birində bir qız görüb, ona quşu yaman qonub. Deyir ki, dünya dağılsa da, o qızı alacaq.
Ana qızın kimliyi, hansı ailədən olması, onlara münasib olub-olmaması ilə maraqlandı. Onun kimliyini biləndə gözünə işıq gəldi, üzü nurlandı, az qala qanadlanıb uçsun.
- Ay səni xeyir-xəbər olasan, qızım, muştuluğun məndə. Könlün nə istəyir de, alım sənin üçün. Elə günü sabah gedərəm elçiliyə, oturaram atasının elçi daşının üstündə.
Əslində, ana elçiliyə tələsmirdi. Evin böyüyü ilə də danışıb, məsləhətləşib onun razılığını almalı idi. Aydının özü də anasına bu barədə bir söz deməli idi. Aydın özünü çox gözlətmədi, anasına zəng etdi:
- Bacı (Aydın anasına bacı deyirdi), qızın ad günüdür, hazırlaşın onlara gedin...
- Aydın, ciddi sözündür? Birdən zarafat edərsən ha, camaatın qızının adı çıxar.
- Yox, nə danışırsan. Onu istəyirəm. Gedin, atasından razılıq alın.
- Nə deyirəm, ay oğul, Allah sizi xoşbəxt etsin!
Sevil ana bu xoş xatirəni yada saldıqca, gözünün qarşısına oğlunun ömrü qısa olan xoşbəxt günü gəlirdi.
Sevil ana xatırladı ki, Aydının qardaşları onun məclisinə yaxşı tədarük gördülər. Xalası Aydının nişanlısına brilyant üzük aldı.
İyunun 31-də el adəti ilə Aydının sevdiyi qızgilə getdilər. Hər şey hər iki ailənin ürəyincə oldu. Bu, Aydının sevgilisinə böyük ad günü sürprizi oldu. Özü səngərdə idi.
Ana sonra elçilik mərasimi haqqında oğluna o, məzuniyyətə gələndə danışdı. O, ata-anasına, qardaşlarına, qohumlarına minnətdarlıq etdi.
Ana Aydın haqqında düşünür, onun qısa, lakin mənalı həyatını göz önünə gətirir, balasının yarımçıq qalan arzularını yada salıb yanırdı. Arabir özlüyündə təsəlli də tapırdı ki, oğlu xalq, torpaq yolunda canından keçib.
Ananın gözləri yol çəkirdi. Gözləri önündə oğlunun xəyalı canlanırdı, heç vaxt bu dünyaya bir də gəlməyəcək oğlunun...
İradə SARIYEVA