- Oğul düşmən qarşısında çəpərdir, - deyə ürəyindən keçirdi ata. Cavadla Nicatın cəbhə bölgəsindən gətirdiyi xəbərlər atanın ürəyinin qırışığını əməlli-başlı açmışdı. Aydın oğlanlarının ikisindən də kiçik olmasına baxmayaraq, qardaşlarının fəxri idi, bu, atanı daha da qürurlandırdı.
Aydın bir dəfə məzuniyyətə gəlmişdi. Amma yaman narahat idi. - Ata, getmək istəyirəm, məzuniyyətim nə vaxt başa çatacaq? - deyirdi. O, məzuniyyətdə olanda da tez-tez əsgərlərlə söhbət edirdi. Əsgərlər ona deyirdi ki, ermənilər tez-tez atır, bizim əsgərləri vurur.
...Qardaşınız Vətəni lap çox sevir. Aydın elə yaxşı edib hərbi seçdi. O, hərbi seçməsəydi, indi Allah bilir hansı işlə məşğul olacaqdı. Yox, inanmıram o özünə yaraşmayan işin qulpundan yapışardı, harda olsaydı, orada başımızı ucaldardı. Onsuz da bizim qohum-əqrəba arasında hərbiyə könül verənlər az olmayıb, Aydın da onların yolu ilə getdi. Uğuru xeyir olsun!.
Ata xəyalında danışırdı, Aydını gah Cavadla, gah Nicatla müqayisə edir, gah da xalqımızın qəhrəmanlarına bənzədirdi onu.
Əmirsoltan kişini xəyalların pəncəsindən "süd satıram" deyə qışqırıb səsi həyəti başına götürən südçü arvad qopardı. Süd satan xalanı həyətdə az qala hamı tanıyırdı, o da bütün sakinlərin adını əzbər bilirdi.
Əmirsoltan kişi süd satan arvadın səsini eşidib tələsik çölə çıxdı ki, süd alsın. Nəvəsi mağaza südünü xoşlamırdı. Kişi həyətə çıxanda blokun qarşısında xeyli adam gördü. Onlar südçü xalanın başına toplaşıb alış-veriş edirdilər. Əmirsoltan kişi gördü ki, bir az o tərəfdə körpə pişik balaları oynayır, ac olduqlarından, südçüyə tərəf baxıb miyoldaşırlar. Əmirsoltan kişinin ürəyi pilə kimi yumşaq idi. Pişik balalarının səsinə dözməyib südçüdən bir dolça süd aldı və ağzı üstə çönən dəmir konserv qutusunu əlinə götürüb onu südlə doldurdu. Pişik balaları bir-birinə aman vermədən südü acgözlüklə içməyə başladılar. Qonşular Əmirsoltan kişini ürəyi yumşaq, mehriban, ipək xasiyyətli, camaatın xeyir-şərinə yarayan bir insan kimi tanıyırdı. Uzun illər mənzil-istismar sahəsində işləyən Əmirsoltan kişidən hələ bir nəfər də olsun inciməmişdi. Onun ailəsi də, balaları da məhəllədə sakit, qanacaqlı, nümunəvi insanlar kimi tanınırdı. Aydın isə bütün qonşuların sevimlisi idi.
Əmirsolan kişi üzünü süd satan arvada tutaraq:
- Sən Allah mən oldum-olmadım, hər səhər bu pişik balalarına süd ver, hesabla pulunu verəcəyəm, yazıqdırlar, üzü qışa gedir, ölməsinlər. Onlar da canlıdır, onları da Allah yaradıb. Qoy qarınları doysun, balama dua oxusunlar. Ağsaqqal babalardan, nənələrdən eşitmişdi ki, dilsiz-ağızsız heyvanların duası insanların duasından tez çatır Allaha.
Əmirsoltan kişi bloka girəndə gördü ki, yad bir adam onların blokunda dolaşır. Elə bil ki, kimisə axtarır. Kişi bu həndəvərdə indiyədək belə bir adam görməmişdi. Əmirsoltan kişi tanımadığı adama salam verdi.
- Salam. Bura adamına oxşamırsınız. Kimisə axtarırsınız?
Kişi başı ilə salamı alıb bir söz demədən ağsaqqalın yanından sivişib blokdan çıxdı. Bu mənzərə ona qəribə gəldi. Bu adam niyə dillənmədi?
Əmirsoltan kişi evə gəldi. Ürəyində bayaq gördüklərini götür-qoy etdi. Gəlini səhər yeməyini hazırlayıb süfrə açmışdı.
- Ata, gəl çay-çörəyini ye. İşə gedəcəksən - deyə ailənin başçısını çağırdı. Əmirsoltan kişinin əli toz-torpaq olmuşdu bayaq. Əllərini yuyub süfrəyə əyləşdi. Səhər yeməyini könülsüz yedi. Gəlinindən balaca nəvəsini soruşdu.
- Hələ yatır - deyə gəlini cavab verdi.
Əmirsoltan kişi həyat yoldaşının oyanıb-oyanmadığını da gəlinindən soruşdu. Gəlin:
- Sevil anam oyanıb, mətbəxtədir.
Sevil xanım həyat yoldaşının səsini eşidib otağa girdi. Onun rəngi nə isə kişinin xoşuna gəlmədi.
- Ay Sevil, niyə birtəhərsən? - deyə ondan soruşdu.
- Nə isə heç yaxşı deyiləm. Ürəyim elə sıxılır ki, heç olmayan kimi. Yuxuda görmüşəm ki, bir qara atlı, əli qılınclı kişi Aydını atının tərkinə alıb qaranlıq tunelə tərəf çapır. Mən də ayağıyalın, başıaçıq, qan-tər içində onun ardınca qaçıram. Nə illah elədim çata bilmədim. Kişi Aydını qaranlıq tunelə apardı. Sonra da gördüm ki, tuneldən bir dəstə adam çıxıb bizə sarı gəlir, amma Aydını özləri ilə gətirmirlər. Uşağımdan elə nigaranam ki... Üstəlik, Cavad da yola çıxır.
- Ay gəlin, ay qızım, Cavadın pal-paltarını hazırlamısanmı?
Gəlin başı ilə "hə" işarəsi verdi.
Əmirsoltan kişi üzünü arvadına tutub:
- Cavad ezamiyyətdən yeni gəlmədi ki? İndi hara gedir?
- Yenidən rayona göndərirlər, deyirlər ki, sənin getməyin lazımdır. Hələ indi yox, axşamüstü yola çıxacaq, qatarla gedib gələcək. Üçgünlük səfərdi də. Bilmirəm niyə uşaqlar bir yana gedəndə ürəyim çox narahat olur. Deyirəm hamısı ətrafımda olsun. Məndən olsaydı, heç birini gözümdən kənara buraxmazdım. Aydın cəbhədə, Cavad yol üstə, Nicat da ki, öz evində.
Əmirsoltan kişi arvadına təsəlli verdi:
- Ay arvad, təki canları sağ olsun. Allaha şükür, ağıllı, tərbiyəli, danışıqlarını, oturub-durmaqlarını bilən övladlarımız var, nəyin dərdini çəkirsən.
Əmirsoltan kişi arvadı ilə sağollaşıb işə getdi. Yolboyu səhər blokda gördüyü kişi haqqında düşündü.
- Görəsən kim idi o? Niyə mənə elə diqqətlə baxırdı, nə üçün bir kəlmə danışmadı?
Sevil ana əri gedəndən sonra özünü daha da pis hiss etdi. Gəlini ona dərman verdi ki, bəlkə sakitləşə. Amma o, gəlinə:
- Ürəyim sıxılır, ay qızım, Cavadı oyat - dedi.
Cavad anasının yanında dayanıb ona təsəlli verirdi:
- Ay ana, Allaha şükür, nə olub ki, hamımız sağ-salamatıq. Aydının da yanından bir neçə həftədi gəlmişik. Dünən də danışdıq, bu gün də danışacağam. Özüm çox zəng vurmuram ki, birdən ona mane olaram. O, kəşfiyyatçıdır, hər an vətənin keşiyində ayıq-sayıq dayanmalıdır. Hər dəqiqə zəng vurub "səndən nigaranıq" deyə bilmərik, çünki onun fikrini yayındıra bilərik. Ana, maşallah, Aydın çox qoçaqdır, vətənpərvərdir. Aydın yanlarında olmayanda döyüş yoldaşları onun haqqında elə heyranlıqla, elə maraqla danışırdılar ki, heyrətlə onlara qulaq asırdıq. Döyüş dostları danışırdı ki, Aydın silahını sıfırlayır, diqqətini toplayır, saatlarla səngərə uzanır."Boş-boşuna yerə uzanma, dur ayağa" deyən olanda da qardaşım onlara:
- Sakit olun, mən kəşfiyyatçıyam, - deyə cavab verir.
Ana, döyüş dostları danışır ki, bəzən Aydınla zarafat edib:
- Adam nə qədər postda olar? - deyirik.
- Nədən qorxursunuz? Qorxan adamın hərbidə nə işi? Uzaqbaşı ölümdür, - deyə Aydın onların cavabını verir.
- Aydın çox ürəklidir, ana. Dünən Aydınla bilirsən nədən danışdıq?
- Nədən? - deyə ana soruşdu.
- Toyundan. Dedi ki, - Cavad, sən nə lazımdırsa, hamısını et, restoran danış, gəlin maşını seç, qonaqların siyahısını tut, Allah qoysa borcundan çıxaram.
Dedim ki, - Nə borc. Qardaş deyilik, nə lazımdır hamısını canla-başla edəcəyəm, Aydın, ürəyini buz kimi saxla. Bir neçə maşına baxmışam, amma hələ seçməmişəm.
- Ana, gərək maşın da, restoran da, çalğıçılar da Aydının ürəyincə olsun. Qardaşıma onun adına layiq toy etməliyik.
Cavadla Aydının xasiyyəti yaxşı tuturdu. Ona görə də həmişə Cavada ərk edirdi.
Cavad bunları anasına danışdıqca, anasının üzü sakitləşir, göz qapaqları yumulurdu. Cavadın özünün içində də narahatlıq vardı. Əslində, heç ezamiyyətə getmək istəmirdi. Az qala işlədiyi idarəyə zəng vurub onlara ora getməkdən imtina etdiyini demək istəyirdi. Amma özünü toparlayıb səfərə hazırlaşmağa başladı...
Axşamüstü idi. Abdullayevlər ailəsinin qonşuluğunda toy vardı. Əmirsoltan kişi toyda iştirak etmək üçün işdən icazə alıb evə tez gəlmişdi.
Arvadının halı yenə pis idi.
- Ay arvad, özünü ələ al, sənə nə olub?
Ana nigaran-nigaran ərinə tərəf baxmadan gözünü naməlum nöqtəyə zillədi:
- Cavad gedir rayona, Aydın da cəbhədə, ikisindən də nigaran qalıram.
Əmirsoltan kişi arvadının sözünü yarımçıq kəsdi:
- Sən Allah bəsdir. Özünü ələ al. Dur, hazırlaş toya gedək.
Sevil ana: - Yox, toya getmirəm, özün get, evdən çölə çıxmaq istəmirəm heç.
Əmirsoltan kişi arvadı ilə danışa-danışa hamam otağına keçdi, yuyunub çıxdı. Yenicə köynəyini əyninə keçirmək istəyirdi ki, evlərinin qapısı zərblə döyüldü. Qapını döyən adam bir saniyə dayanmırdı, elə hey qapını döyəcləyirdi. Axşamüstü qapının belə döyülməsindən Əmirsoltan kişinin dalağı sancdı.
- Bu zaman kim olar belə? Bəs qapını niyə belə döyür görəsən, elə bil ki, adam yox, şər döyür qapımızı.
Kişi qapını açanda qarşısında cüssəli bir polis serjantı gördü.
Sanki serjantın ağzına südlü aş tökmüşdülər, sözləri elə
ütələk deyirdi ki, Əmirsoltan kişi onun nə dediyini kəsdirə bilmirdi. Handan-hana polis danışığını düzəltdi:
- Oğlunuzu burada dəfn edəcəksiniz, yoxsa rayona aparacaqsınız? Oğlunuzun meyitini harada dəfn edəcəksiniz, ay dayı?
- Nə oğul, nə meyit, sən nə danışırsan, ay bala, səni bura kim göndərib, bəlkə ünvanı səhv salıbsan?
- Yox, səhv salmamışam, bura Aydın Əmirsoltan oğlu Abdullayevgilin mənzili deyil?
- Aydın mənim oğlumdur. Onun başında nə iş var, qurbanın olum bala, desənə?
Polis serjantı ataya qara xəbəri verən kimi də yoxa çıxdı. Atanın son sözləri cavabsız qaldı. Qapını zərbə ilə döyən polisin qəfil gəlişi atanın dünyasını alt-üst etdi. Kişi yerindəcə donub qaldı, polisin çatdırdığı acı xəbər ananın qulağına çatar-çatmaz, o, yerə yıxıldı, halı daha da pisləşdi. Əmirsoltan kişi qapıdan aralanıb arvadına dərman verdi. Sonra isə polisin ardınca bayıra çıxdı, blokun qabağında heç kəs gözə dəymirdi. O yenidən evə qayıtdı ki, görsün həyat yoldaşının halı özünə gəlibmi?
Aydın şəhid olmuşdu. Üstəlik, xəbərin ataya qəfil verilməsi həqiqətən də Abdullayev ailəsinə böyük həyəcan gətirdi. Ata və ana sarsılmışdı, nə edəcəklərini bilmirdilər. Xəbər Cavada da çatdı. Yaxşı ki, hələ qatar yola düşməmişdi... Cəbhənin Tərtər istiqamətində düşmənlə təmas xəttində atəşkəsin pozulması nəticəsində Aydın Abdullayev şəhidliyə qovuşmuşdu. Televiziyada A.Abdullayevin şəhid olması ilə bağlı yayılan xəbər ildırım sürəti ilə bütün Azərbaycana yayıldı. Bir neçə saniyəyə bütün ölkə xəbər tutdu ki, təmas xəttində atışma olub, gizir A.Abdullayev snayperlə düşmən tərəfindən vurulub.
Gənc yaşında torpağa qismət olan Aydın dünyadan qəhrəman kimi getdi. Aydının cənazəsi Bakıya gətiriləndə bərk yağış yağırdı. Sanki Aydının şəhidliyinə göz yaşı axıdırdı buludlar. Aydının nəşini Bakıda yağış qarşıladı. El çıxdı şəhid tabutunun qarşısına, rayon rəhbərliyi, hərbçi yoldaşları gəldi Aydınla vidalaşmağa.
Aydın üçrəngli bayrağımızı çox sevirdi. Bayrağımızı həmişə qoynunda gizlədirdi. Onun tabutu çox sevdiyi və özü ilə cəbhəyə apardığı üçrəngli Azərbaycan bayrağına bükülmüşdü. O, son mənzilə də üçrəngli bayraq sevgisinə, müqəddəsliyinə bükülüb getdi...
Ana fəryad qoparırdı. Xalaları ah-nalə çəkirdi. Heç kəs onları ovuda bilmirdi, heç kim onlara təsəlli vermək gücündə deyildi.
- Aydın, niyə məni yandırdın, bala, niyə yaralı ürəyimə bir yara da sən vurdun, oğul? Mən sənə bəy otağı hazırlayırdım, gəlin gözləyirdim, belimi qıran oğlum! Bir aydan sonra sən bəylik taxtına oturacaqdın, oğlum! Bəylik gərdəyi qaraya bürünən balam vay! Deyirdin ki, ay bacı, (Aydın anasına və xalalarına bacı deyirdi) qəhrəman kimi gələcəyəm evə, özü də həmişəlik. O bayrağı Şuşaya sancmalıydın axı, ay oğul, niyə o bayraq sənin tabutuna sarıldı. Tabutun da bayraqdan ayrı düşmədi. Yandım oğul, yaman yandım...
Analar yanar ağlar,
Tellərin sanar ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.
Hansı yola qonub gözləyim səni, oğul. Tərtərəmi gedim, səni Bakıdamı axtarım? Ay qızlar, mənim başıma nə qar idi yağdı belə? Balama toy edəcəkdim, toy. Qardaşımın toyunu görmədik, dedim Aydının toyunu görəydik.
Oğul, ürəyim şan-şandı,
Ağ saçlarım pərişandı.
Sinəm qəmlərə nişandı
Fələk oxunu atalı...
Ananın naləsi ürəkləri dağlayırdı. Ana oğlunun nəşindən ayrılmaq istəmirdi. Elə hey deyirdi ki, məni də oğlumla dəfn edin...
Sevil ananın fəryadı göydə quşları da saxlayırdı, göyləri ağladırdı, torpağın bağrını şan-şan edirdi. Ana şəhid balasının nəşindən qopmaq istəmirdi. Anaya qoşulub el ağlayırdı onun qəhrəman balasına.
Şəhid anasıyam mən,
Oda yanasıyam mən.
Ölüm harda gizlənib,
Günü sanasıyam mən.
A.Abdullayevin yas mərasimi şəhidin adına layiq olmuşdu.
Şəhid qardaşı ilə vida mərasimində Cavad özünü saxlaya bilməyib hönkürdü. Əslində, danışmaq istəyirdi, amma göz yaşı aman vermirdi ki, sözünü tamam etsin. O, birtəhər sakitləşib qardaşının qədəm qoyduğu mübarək məqamdan danışdı:
- Əziz qardaşım, Aydın, mən səninlə fəxr edirəm. Atamız-anamız, qohumlarımız səninlə qürur duyur. Fəxr edirəm ki, sən hələ sağlığında düşməndən qanını ala bildin. Sonuncu dəfə sənin yaxın dostunla danışdım. O dedi ki, Aydın həmişə bizə deyirdi ki, gün gələcək siz mənlə fəxr edəcəksiniz. Mən şəhid, qəhrəman olacam. Vaxt gələcək, deyəcəksiniz ki, Aydın mənim döyüş dostum, komandirim olub.
Aydın, qardaşım, sən haqlısan, bu gün hamı səninlə fəxr edir - deyə Cavad sözünü hönkürtü ilə bitirdi.
Aydının nəşini böyük təntənə ilə Suraxanı rayonundakı Dədə Qorqud qəbiristanlığına apardılar. Aydın dəfn ediləndə yer-göy göz yaşı ələyirdi. Bir oğul da Vətən torpağına qovuşdu. Qovuşdu ki, torpağın canına hopdursun canını.
Aydın əbədiyyət evindədir. Atası, anası, qardaşları, yaxınları, dostları Aydının məzarını müqəddəs ziyarətgaha çevirib.
Əmirsoltan kişi oğlunun şəhid olmasını həyat yoldaşından fərqli olaraq daha toxdaqlıqla qəbul edib, Arvadına tez-tez təsəlli verir:
- Sevil, Aydına elə tərbiyə verdik ki, o, əsl kişi kimi yaşadı, kişi kimi şəhid oldu. Bəs bizim kimilərin övladı olmasa, vətəni kim qoruyar?! Sən başını dik tut, şəhid anasısan axı. Sındırmayaq özümüzü. Bizim nəsil həmişə başı dik yaşayıb. Aydını vətənə bağışladıq. Vətən də Aydını əbədi yaşadacaq.
Əri danışdıqca, Sevil ana onun üzünə qüssəli-qüssəli baxıb dərindən köksünü ötürürdü. O bilmirdi ki, Əmirsoltan özünü onun yanında tox tutsa da, özü gizlin-gizlin ağlayır. Çöldə-bayırda xəlvət yer tapan kimi gözünün yaşına dəm verir. Abdullayevlər ailəsinin ağsaqqalı ailənin içində ağlamırdı ki, birdən evdəkilər tamamilə ruhdan düşər. Özünü tox tutub hər kəsə təsəlli verirdi. Ağsaqqalın bir missiyası da budur...
İradə SARIYEVA