Əvvəl gözünə işıq düşdü. Ona elə gəldi ki, bütün dünya işıqlanıb.
- Nə işıqdır bu belə? - deyib özünə sual verdi. Yuxu ilə reallığın arasında qalmışdı. Nə edəcəyini bilmirdi. Birdən hansısa bir qüvvə ona "nə yatmısan, dur" dedi. Əl havasına telefonu axtardı ki, saata baxsın. Telefonu tapa bilmirdi. Narahat oldu. Gecənin bir yarısı üzünə düşən işıq nə idi? Düşdüyü vəziyyəti mənalandırmağa çalışdı. Bir şey anlamadı. Gecənin yarısı idi. Ayağa durdu və pəncərəyə yaxınlaşdı. Pərdəni çəkib çölə baxdı. Ətrafda heç kəs gözə dəymirdi. Qəfil gözü səmaya sataşdı. Göy üzündə bir çəngə qara bulud görünürdü. Bulud onların yaşadığı binanın üstünə tərəf sürünürdü. Buluda baxa-baxa hiss etdi ki, ürəyi sıxılır. Elə bil o bulud onun ürəyinə çökmüşdü. Qəfil ağladı. Ata için-için, yana-yana ağlayırdı. İnsafsız bulud da ki, axıb gəlirdi. Bir yerdə dayanmırdı ki, ata bir az sakitləşsin, toxtasın. O, göz yaşını sel kimi axıdırdı. Ataların ağlamağına dözmək çətindir, çox çətin. Ağlından oğlu keçdi. Sinəsini düşmənə sipər edən oğlunun başına bir iş gələ bilərdimi?
- Aydının başında qaranlıq var nədir? - ata öz-özünə danışdı.
Əslində, son günlər cəbhədə baş verən hadisələrin hər addımda oğlu üçün böyük təhlükə yaratdığını yaxşı anlayırdı Əmirsoltan kişi. Onu da yaxşı bilirdi ki, oğlu ürəklidir, düşmənə qarşı barışmazdır, o heç nədən çəkinmədən düşmən üzərinə gedə bilər. Aydın təhlükənin özəyində olmağı sevirdi. O həmişə atasına deyirdi:
- Ay ata, nə qədər düşmən var, təhlükə qaçılmazdır. Sən bilirsən ki, mən düşməndən qorxmuram. Erməni qorxağın biridir. Onların nəinki əsgərləri, hətta zabitləri belə bizim sıravi əsgərlərdən qorxur. Onlar üzbəüz döyüşməkdən qaçırlar. Tülkü kimi gizlənib atırlar. Onlarda o cəsarət hardadır ki, bizimlə üz-üzə gəlsin. Sən narahat olma, biz onları öz yuvasına qədər qovacağıq. Əgər yuvalarını tapa bilsələr...
Aydın sonuncu cümləni sevinc və qürur hissi ilə deyirdi. Oğlunun düşmənə öldürücü zərbələr vurduğunu ata çox yaxşı bilirdi. Aydın atasına tez-tez zəng vurur, baş verənlərlə bağlı danışırdı. Əmirsoltan kişi yaxşı bilirdi ki, Aydın cəbhə bölgəsində baş verən döyüş zamanı düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv edib. Ata oğlunun fədakarlığı haqda düşündükcə, göz yaşları quruyurdu. Özünə toxtaqlıq verdi. Qısa zaman ərzində baş verənləri yuxu kimi mənalandırdı. Ürəyində oğluna və cəbhə bölgəsində Vətənin keşiyini çəkən oğullara dua oxudu, Tanrıdan onlara sağlıq arzuladı. Atası Aydın haqqında düşünəndə həmişə qürurlanırdı. Elə bilirdi ki, oğlu yenilməzdir.
Əmirsoltan kişinin fikri oğlunun yanında idi. Bir an da olsa Aydın yadından çıxmırdı.
- Səhər açılsın, uşağa zəng vurum, görüm salamatçılıqdırmı? -deyə ürəyindən keçirdi.
Əmirsoltan kişi Aydının qorxmazlığı haqqında dostları arasında az qala əfsanəyə çevrilən bir hadisəni xatırladı. Aydın üçillik cəbhə həyatında oddan-alovdan, ən ağır sınaqlardan, təhlükələrdən adlamışdı. Elə 2012-ci ilin oktyabrında oğlunun göstərdiyi fədakarlıq insanlıq tarixinə qızıl hərflərlə yazılmalıdır.
Aydın Tərtər rayonunun Qapanlı kəndində xidmət edirdi. Qapanlılar onu öz doğmalarından seçmir, özlərinə ən əziz adam bilirdilər. Aydının bir hərəkəti onu Qapanlı camaatının gözündə daha da ucaltdı. Onlar gizirin yaxşılığını heç vədə unutmayacaqdılar.
2012-ci ilin soyuq payız günündə, daha dəqiq desək, oktyabrın 26-da bir hadisə baş vermişdi. Qapanlı kəndinin sakini Elməddin Quliyev təmas xəttində minaya düşərək həlak olmuşdu. Heç kəs Elməddinin meyitini hadisə baş verən ərazidən çıxarmağa ürək etmirdi. Əlbəttə, ora yaxınlaşmaq həyatını itirmək demək idi. Meyiti oradan götürmək istəyən insan gərək ölümü gözü qarşısına alaydı. Aydın ölümün gözünün içinə dik baxıb irəliyə doğru hərəkət etdi. Əsgərləri, zabit və gizirlər: - Aydın, geri qayıt, ora getmək olmaz. Həlak olarsan, - desələr də o, yolundan dönmədi. Elməddinin nəşini götürüb geri qayıdan Aydın doğma qardaşını itiribmiş kimi hönkürdü. Elməddinin bədəni ələ gələsi deyildi. Mina ayağını biçmişdi, o qədər qan itirmişdi ki, hər tərəf onun qanına bələnmişdi. Atası Aydının keçən il ona danışdığı bu hadisədən xeyli təsirlənmişdi. Vaxtın necə keçdiyini hiss etməyən Əmirsoltan kişi səhəri dirigözlü açmışdı.
Evdə dərin səssizlik hökm sürürdü. Dan yeri ağarırdı. Əmirsoltan kişi havanın işığına telefonunu tapdı, düz gözünün qarşısında imiş, amma o bunu görə bilməyib. Kişi saata baxdı, hələ tez idi.
Əmirsoltan kişi yenə də xəyala daldı. Aydının uşaqlığını, yeniyetməliyini bir-bir kino lenti kimi gözləri qarşısından keçirdi, onunla aralarında baş verən mərhəm söhbətləri yenidən yaddaşında canlandırmağa çalışdı. Aydın uşaq vaxtı atasına çoxlu suallar verərdi, sualına cavab almayınca, ondan əl çəkməzdi. Aydın atasına xalqımızın tarixi, qəhrəmanları, mənsub olduğu nəsil şəcərəsi haqqında suallar verir və hamısına da dolğun cavab istəyirdi.
- Ata, sənin babaların kim olub? Onlar nə ilə məşğul olub? -deyə atasından soruşurdu.
Əmirsoltan kişi də, öz növbəsində, oğluna ulu babaları haqqında danışırdı.
Aydın gözlərini yumub xəyala dalır, özünü keçmişdə hiss edir, qəhrəmanlıq göstərir, dizi aynalı pəhləvanlarla güləşir, şər üzərində qələbə qazanırdı.
- Ata, danış, nə olar?
Əmirsoltan kişi tarixin o üzündə qalan hadisələri, atasından eşitdiyi əhvalatları nağıl edirdi oğluna.
- Oğul, bizim babalarımız igid, qorxmaz adamlar olub. Onların dizini yerə gətirmək hər pəhləvanın işi olmayıb. Şabran həmişə öz igid oğulları, düşmən bağrını dələn ərənləri ilə şöhrətlənib. Ata-baba yurdumuz Zeyvə kəndinin də tarixi qədimdir. Bilirsən ki, kəndimiz dağlar qoynunda yerləşir, füsünkar təbiəti insanlarının ömrünü uzadır. Oğul, qocalarımız, aqil insanlarımız danışırdı ki, bu yerlər Şeşparə mahalının ən qədim məkanlarından olub, hətta bu kəndin salınması tarixinin VII əsrin sonlarına təsadüf etdiyi bildirilir. Pirnəzir Baba piri kəndimiz haqqında böyük məlumat verir. Bizim nəsil Sultan Əhmədli adlanır. Zeyvədə qədimdən kök salan nəslimiz burada ad-san qazanıb, hörmət-izzət sahibi olub. Sultan Əhməd bir el pəhləvanı olub və onun şöhrəti ətraf mahallara yayılıb. O, meydana çıxanda çox az adam ürək edib onunla qurşaq tutarmış. Belə eşitmişəm ki, o vaxt güləşənlər üçün ayrıca süfrə açılar, üstünə bəzəkli xonçalar, nəmərlər qoyulardı. Bunlar isə həmişə babamıza qismət olardı. O qədər güclü idi ki, Qubadan, Bakıdan, digər yerlərdən onun sorağına Şabrana gələn adı bəlli pəhləvanları da məğlub etmişdi babam. Babamız haqqında xalq arasında bir rəvayət də yaşayır. Bir gün Sultan Əhməd öz kəndlərindən Dəvəçibazara satmaq üçün camış gönü aparırmış. Yolda acır və bir kənara çəkilib çörək yeməyə başlayır. Bu vaxt yoldan tanımadığı cüssəli bir adam keçirmiş, o, babamı görüb ona yaxınlaşır
- Mən Sultan Əhmədlə güləşmək üçün Zeyvə kəndinə gedirəm. Mənə o kəndin yolunu göstər, gedim Sultan Əhmədin kürəyini yerə vurum.
Babam bığaltı gülümsünüb qəribə Zeyvə kəndinin yolunu göstərir. Amma qonağa bir kəlmə söz də deyir:
- Qardaş, gəl ora getmə, Sultan Əhməd səni camış gönü ilə cırar.
Deyilənə görə, baltanın kəsə bilmədiyi camış gönü babamın əlində ovxalanıb pul-pul olurmuş. Qərib qonaq mətləbi anlayır, üzünü babama tutaraq:
- Bilirəm, Sultan Əhməd sənsən, gəl dost-qardaş olaq.
Onlar duz-çörək kəsib qardaş-dost olacaqlarına əhd-peyman edirlər və onların bu dostluğu uzun illər davam edib.
Babam ailə həyatı qurandan sonra güzəranını mal-qara saxlamaqla, əkin-biçinlə keçirib, ailəsini dolandırıb. O, dan söküləndə yerindən durar, əməklə məşğul olardı. O, Allaha bağlı halal, yaxşılıq edən, əlindən pislik, mərdiməzarlıq gəlməyən bir insan olub. Peyğəmbərin buyruqlarına, müqəddəs Qurana sidq-ürəkdən inanır, əməl edirdi. Sultan Əhməd babamızın ömür-gün yoldaşı seçdiyi Əlivə nənəmiz də halal ocaqdan çıxmışdı. Ər-arvad əl-ələ verib doqquz övlad böyüdüb pərvazlandırıblar. Onlardan beşi oğlan, dördü qız olub. Sənin baban, mənim atam Bəhram kişi Sultan Əhmədin üçüncü oğludur. Aydın, bala, bizim tayfamız, şəcərəmiz həmişə biləyi güclü, qolu qüvvətli, dizi taqətli, ürəyi təpərli oğullar yetişdirib. Sən də böyü, babaların kimi pəhləvan ol, el təəssübü çək, ad-san qazan. Ağac öz kökündən heç vaxt iraq düşməz, öz kökü üstə bitər, böyüyər, yarpaqlanar, çiçək açar, bar verər. İnsan da ağac kimidir. Kökə bağlıdır. Kökünü tanımayan kişi qəhrəman ola bilməz, oğlum.
Atası danışdıqca, Aydın onun sözlərinə diqqətlə qulaq asır, danışılanları bir-bir yaddaş sandıqcasına yığırdı. Aydın babalarının yolu ilə gedəcəyini düşünürdü. Atası həm də ona Azərbaycanın xalq qəhrəmanlarından, qəhrəmanlıq tariximizdən, İkinci Dünya Müharibəsi qəhrəmanlarından, Qarabağın azadlığı uğrunda canını fəda edən oğul və qızlarımızdan, onların vətənpərvərliyindən danışırdı, Aydın qəhrəmanlıqla bağlı söhbətləri eşitməkdən doymurdu. Özünü el igidlərinə bənzədən Aydın yuxularında da onları görürdü.
Atası Aydının uşaqlığının hər kiçik fraqmentini belə xatırlayır, yada salırdı. Ata düşünürdü ki, üç oğlundan niyə Aydını daha çox istəyir, nə üçün Aydın haqqında daha çox düşünür?
- Aydın cəbhədədir, Nicatla Cavad isə yanımdadır. Həm də Aydın evimizin sonbeşiyidir axı.
Əmirsoltan kişi oğlunun ağır təbiətindən, bəzən ağsaqqalyana hərəkətindən gizli qürur hissi keçirirdi. Bəzən ona elə gəlirdi ki, Aydın yüz yaşlı qocadır. Çünki oğlunda müdriklik görürdü ata.
Bir dəfə Aydın atasına zəng edib hansısa bir məsələ ilə bağlı məsləhət istəyibmiş.
- Oğlum, mən sənə nə məsləhət verə bilərəm ki? Sən məndən də ağıllısan, özün qərar verməyi bacarırsan. Bu gün mənim sənin məsləhətinə ehtiyacım var, oğlum, - demişdi.
Əmirsoltan kişi heç Aydını bu qədər xatırlamamışdı ömründə. Bir ay əvvəl gəlib nişanında iştirak edib geri qayıtmışdı.
- Heç ağlımdan çıxmır. Aydın istədiyi qızı evlərinə yola salarkən düz onu darvazanın qarşısına qədər aparıb. Qızın atası bayıra çıxıb Aydınla görüşüb və onu evə dəvət edib. Aydının nişanlısının valideynləri ilə biz əvvəldən ailəvi dost idik. Qızın atası buna görə Aydını evə çağırıb. Aydın kişidən üzr istəyib, kənara çəkilib mənə zəng vurub:
- Ata, məni evə dəvət edirlər, gedim-getməyim?
- Ay oğul, özün bilərsən, mən sənə nə məsləhət verə bilərəm? - deyə ona cavab vermişdim. Aydın gəlib qız atası ilə sağollaşıb, orada bir söz deyib ona:
- Dayı, mənim böyüklərim bu darvazadan içəri keçməmiş, mən keçmərəm. Ağsaqqalım gəlsin, sonra mən də gələrəm.
- Aydın belə oğuldur. Böyüyün-kiçiyin yerini bilən. Əmirsoltan kişi fikrində Aydınla danışır, onun hərəkətlərini göz önünə gətirir, təsəlli tapırdı. Amma yenə ürəyində narahatlıq vardı. Ürəyini sıxan nigarançılığı qovmağa çalışırdı. Ancaq bacarmırdı. O, evdəkiləri oyatmamaq üçün ayağının ucunda evdə var-gəl edirdi.
Ata oğlunun bir ay əvvəl cəbhədə keçirdiyi ad gününü xatırladı. Sentyabrın 29-u Aydının ad günü idi. Anası biş-düşlə məşğul olur, müxtəlif naz-nemətlər hazırlayır ki, onu cəbhəyə Aydına göndərsin. Bu istəyini Aydına deyəndə o buna etiraz etdi.
- Gəlmək lazım deyil. Özü də mən ezamiyyətdəyəm, yerimdə deyiləm. Gəlib məni harada tapacaqsınız...
Əmirsoltan kişi oğlu ilə telefonla danışıb Nicatla Cavadın cəbhə bölgəsinə getməsi üçün ondan birtəhər razılıq aldı. Amma Aydın eşidəndə ki, anası, qaynanası da onun yanına getmək istəyir:
- Ata, arvadın cəbhə bölgəsində nə işi... Yaxşı kişinin dalınca arvad gəlməz, - deyib birbaşa atasının sözünü kəsmişdi.
Cavadla Nicat Aydına baş çəkib gəldikdən sonra ata onlardan Aydının vəziyyətini soruşdu:
- Akuş (evdə Aydını belə çağırırdılar) necədir, canı-başı yaxşıdırmı?
Nicatdan əvvəl Cavad dilləndi:
- Lap əladır, ata, salam söylədi. Dedi ki, məndən nigaran qalmayın. Canı da yaxşıdır, başı da.
Nicat söhbətə müdaxilə etdi:
- Ata, maşallah, Aydının dostları arasında çox yaxşı hörməti var, hamı onu qardaş kimi sevir. Qardaşımla fəxr edirəm.
İradə SARIYEVA