Havadan payız qoxusu gəlirdi. Havanı ciyərlərinə çəkib göy üzünə baxdı. Səmanın bir tərəfinə qıpqırmızı ləkə düşmüşdü. Elə bil göyün o üzünə qan çilənmişdi. Sanki göylərdə də müharibə gedirdi, orada da işğalçılar vardı. Aydın qardaşı Cavadla arasındakı telefon söhbətini xatırladıqca, qardaşının narahat siması gözləri önündən çəkilmirdi. Heç anası ilə söhbəti də onu rahat buraxmırdı. Oğlunun səngərdə, düşmənlə sinə-sinəyə dayanması ananın gecəsi ilə gündüzünü bir-birinə qatmışdı. Yollarına göz dikən bir cüt baxış da ona rahatlıq vermirdi. Nişanlısının gözləri ulduz olub göylərdə bərq vururdu.
- Səni hər gün gözləyirəm, Aydın!
Onun titrək dodaqlarından qopan sözlər Aydının qulaqlarında cingildədikcə, gözləri dolub boşalırdı. Xəyalında gah anasının, gah da gözü yolda qalanın yanına gedir, onlara mütləq geri qayıdacağını vəd edirdi...
"Mütləq qayıdacağam. Amma torpaqlarımız işğaldan azad olunduqdan sonra" - deyə Aydın öz-özünə pıçıldadı. Səngər yoldaşları onun mətin, mərd, əyilməz olduğunu yaxşı bilirdilər. Odur ki, ona artıq sual vermədilər. Hiss etdilər ki, Aydının özü səngərdə olsa da, fikri Bakıdadır...
...Aydın əsgəri xidmətdən evə qayıdanda ana sevinirdi ki, bu oğlunun da əl-ayağını başına yığacaq. Aydının ailə, ev-eşik sahibi olmasını istəyirdi ana. Qardaşının adını verdiyi Aydın balasının gələcəyi ilə bağlı xəyallar qururdu tez-tez. Aydın əsgərlikdən gəldikdən sonra çox dəyişmişdi. Xarakteri daha da ciddiləşmişdi. Ana hər gün görürdü ki, oğlu fikirli gəzib dolaşır. Amma Sevil ana onun ürəyindən keçənləri oxuya bilmirdi. O bilmirdi ki, Aydının ürəyində yalnız bir arzu var-səngərə qayıtmaq. "Müharibə bitəndən sonra qayıdacağam evə. Məni belə tezliklə gözləməyin. Mən Vətəni qorumağa, düşmənin burnunu ovmağa gedirəm. Heç cür sakitlik tapa bilmirəm. Bakıda qalsam, özümü heç cür bağışlaya bilmərəm". O, ailəsinə yazdığı məktubda belə deyirdi. Ailəsi bu məktubdan çox sonralar xəbər tutdu. Çünki Aydın məktubu yazsa da, onu uzun müddət köynəyinin döş cibində pünhan saxladı. Bilmirdi ki, içində kök salan arzunu ailəsinə necə desin. Anası bu xəbəri necə qarşılayacaq? Bir neçə gün Aydın cəbhəyə qayıtmaq qərarı ilə bağlı heç kəsə bir söz demədi. Fikirləşirdi ki, bəlkə qardaşı Cavada açsın ürəyini. Aydın xeyli tərəddüddən sonra evdə ikisindən başqa kimsənin olmadığını görüb ürəkləndi.
- Cavad, yadındadır biz uşaq olanda atam bizi qaçqınlar yaşayan yerlərə aparırdı. Gedəndə ən çox da məni götürürdü özü ilə. Orada qoca baba vardı, o, erməni vəhşiliyindən danışırdı. Deyirdi ki, ermənilər Qarabağı oda qalayıb, qocaya, qadına, uşağa rəhm etməyib.
- Hə, hamısı yadımdadır. Aydın, birdən-birə bu sənin ağlına hardan gəldi?
- Heç ağlımdan çıxıb ki, ağlıma da gələ... Həmişə onların üz cizgiləri gözümün qarşısında olub. Əsgərlikdə olanda az qala bir neçə dəfə düşmən tərəfə keçib erməniləri o dünyaya göndərmək istəmişəm. Mən cəbhəyə getmək istəyirəm, Cavad. Fikrim qətidir. Bu barədə çox düşünüb götür-qoy etdim, sonda yəqin etdim ki, mənim evim bura yox, səngərdir.
Cavad qardaşının xasiyyətinə bələd olmasına baxmayaraq, onu fikrindən döndərməyə çalışdı, lakin Aydını dediyindən döndərə bilmədi. Qardaşlar arasında söhbət çox gərgin keçdi. Cavad həyəcanlı idi. Düşünürdü ki, Aydının düşmənlə burun-buruna olan əraziyə getməsi valideynləri tərəfindən yaxşı qarşılanmaz. Anasının Aydına necə bağlı olduğunu yaxşı bilirdi Cavad. Bilirdi ki, Aydın getsə, anasının dincliyini də özü ilə aparacaq.
Aydın hərbi komissarlığa gedib könüllü cəbhəyə getmək istədiyini və müraciətinin müsbət qəbul edildiyini hələ ki, yalnız Cavada demişdi. Cavadın ondan xəbərsiz valideynlərinə bir söz deyəcəyinə inanmırdı. Aydın uşaqlıqdan arzularının ardınca getməyə öyrənmişdi. Ailənin sonbeşiyi və ərköyünü olan Aydının istəyinə heç vaxt ailədə "yox" deyilməmişdi. Amma bu xına o xınadan deyildi, o bilə-bilə özünü şəhidliyə aparırdı. Hətta evdə deyirdi ki, mən qəhrəman olacağam, şəhidliyə hazıram. Əslində, ürəyində yaşadıqlarını dilə gətirirdi.
Aydın səngərdə bunları düşünür, qərarında haqlı olduğunu ürəyindən keçirirdi. Könüllü olaraq cəbhəyə qayıtmaq istəyini atasına deyəndə Əmirsoltan kişinin rəngi duruldu. Elə bil kişini Şahdağın zirvəsinə qaldırıb qoydular. Oğlunun qeyrətli olduğunu əvvəlcədən bilirdi. Ət yeyən quş dimdiyindən bəllidir. Aydın uşaqlıqdan vətənsevər idi. Ata oğlunun xasiyyətinə bələd olduğundan, ona əlavə sual vermək istəmədi. Onu başdan-ayağa süzüb:
- Bəs niyə mən indi bilirəm? Gərək əvvəlcədən deyəydin, səninlə hərbi komissarlığa mən də gedərdim. Səninlə fəxr edirəm, oğlum, bilirdim ki, sən Vətəni qorumağa hazırsan.
Aydın uşaqlıqdan atası ilə ürək dostu idi. Heç nəyi ondan gizlətmirdi. Əmirsoltan kişi oğlunun qeyrəti, qorxmazlığı ilə öyünürdü. Ürəyində düşünürdü ki, onun oğlu elə belə də olmalıdır. Aydının vətənpərvər kimi yetişməsində o özü böyük tərbiyə məktəbi idi.
Aydın atasının onun seçiminə hörmətlə yanaşdığını görüb ürəkləndi:
- Ata, mən uşaq olanda sən ermənilərin bizim torpaqları işğal etdiyindən, ocaqlarımızı kor qoymasından, amansız olmalarından danışırdın. Uşaq vaxtı düşünürdüm ki, böyüyəndə mütləq zabit olacağam və düşmənə qarşı mübarizə aparacağam. Kəşfiyyatçı olmaq istəyirəm. Əsgərlikdə də kəşfiyyata maraq göstərirdim. İlan ulduz görməsə ölməz. Ermənilərə həddini göstərməliyik.
Ata oğlunu dinlədikcə, ürəyi köksünə sığmırdı. Ataya hərdən elə gəlirdi ki, Aydın artıq cəbhədədir və torpaqlarımız işğaldan azad edilib, oğlu da həmişə özü ilə gəzdirdiyi üçrəngli bayrağımızı Şuşaya, Xankəndinə sancıb. Atanın könlündən nələr keçmirdi, nələr...
Ata Aydına sınayıcı nəzərlərlə baxıb:
- Oğlum, hamı bilir ki, bizim oğullar cəsurdur, qorxmazdır. Sən də uşaqlıqdan cəsarətlisən, hünərlisən. Cəbhədə çalış erməni əsgərini öldürmə, yazıqdır, o da bir ananın, bir atanın balasıdır. Müharibəni o əsgərlər başlamayıb ki, daşnaklar başlayıb, onlar bu müharibənin qurbanlarıdır. Atma onlara, qurban olum, oğlum.
Atasının sözlərindən Aydın alışdı, sifətindəki təbəssüm dondu. Üzü ciddiləşdi, sərtləşdi. Həmişə valideynləri ilə pərdə saxlayan Aydın bu dəfə səsini bir az yüksəltdi:
- Ata, sən özün demirdinmi ki, ermənilər bizim qocalara, uşaqlara, qadınlara divan tutub. Bəs onların qisası yerdə qalsın? Onlar hər gün mülki əhali yaşayan ərazilərimizi snayper atəşinə tutur, nə qədər insan həlak olur. Onların qanını kim alacaq? Düşmənlə öz anladığı dildə danışmaq lazımdır... Başqa cür onu başa salmaq mümkün deyil...
Aydın üç il əvvəl atası ilə aralarında olan söhbəti xatırlayıb ürəyindən keçirdi ki, görəsən ata-anam necədir?
Anasının ondan nigaran qaldığını bilirdi. Evdə ancaq anası onun cəbhəyə getməsinə qarşı çıxmışdı. Xəyal Aydını yenə evlərinə - anası ilə unudulmaz söhbətə qaytardı:
- Aydın, sən mənim həm qardaşımsan, həm oğlum. Bilirsən ki, narahatam. Ermənilər gündə atır, qorxuram başına bir iş gələ. Xəstə anana yazığın gəlsin. Səninlə bağlı o qədər arzularım var ki... Qardaşımın toyunu görmədik, sənin toyunu görmək istəyirəm. Bacıların da həmçinin.
Aydın anasına da, xalasına da bacı deyə müraciət edirdi. Uşaqlıqdan dili belə öyrəşmişdi. Anası çox yalvardı, oğlu inadından dönmədi.
- Qorxma, mənə heç nə olmaz. Mən getməliyəm. Vətənə söz vermişəm. Söz verirəm gedib sağ-salamat qayıdacağam. Mən gələnə kimi özünə yaxşı bax...
Aydın anası ilə söhbətini xatırladıqca, ürəyindən anasını bir daha görmək keçirdi. Anasını görmək, qucaqlayıb bağrına basmaq istəyirdi. Üzünü anasının dizinə söykəyib "az qalıb, çox az qalıb, səni tezliklə Şuşaya aparacağam" demək istəyirdi. Sonra da körpə uşaq kimi mışıl-mışıl yatmaq keçirdi ürəyindən. Xəyalları haçalanmışdı. Gah Vətənin müdafiəsi haqqında düşünür, gah ata-anası, gah da arzularının şahzadəsi, gözü yolda qalan Könülü fikirləşirdi. Könül könlünə düşən gündən Aydını ovsunlamışdı. Sadə gözəlliyi ilə nişanlısının ürəyini fəth edən Könül Bakıda onun yolunu gözləyirdi. Aydın düşünürdü ki, hər şeydən öncə Vətəndir. Vətən torpaqları azad olunmasa, ailələr dinc, firavan, xoşbəxt yaşaya bilməyəcək. Dostları ilə söhbət zamanı deyirdi ki, yaxşı, hamımız gedib oturaq evimizdə, ailəmizdə. Onda həyat yoldaşımızın, nişanlımızın, övladımızın üzünə necə baxacağıq? Vətənin qisasını almalıyıq ki, gecələr evimizdə rahat yataq, ailəmizin gözünün içinə dik baxaq. Aydında olan qeyrət, hünər, cəsarət əsgərlərinin, gizir yoldaşlarının da ürəyində bir ocaq qalayırdı. Onlar Aydından çox şey öyrənirdi.
Qəhrəmanımızın uzun zamanlar ürəyində gəzdirdiyi bir istək də vardı - düşmən arxasına keçmək. Düşmən mütləq sarsıdıcı zərbə almalı idi. Aydın bu haqda düşünürdü.
Aydın hər səhər yuxudan erkən oyanır, öhdəsinə düşən işləri layiqincə yerinə yetirirdi.
Hər açılan səhərə ümid kimi baxırdı. Hər gün dan yerinə baxıb içində danışırdı: "Tanrı, hər gün yeni bir yola çıxırıq. Bu yol sənin ətəyindən tutub irəliyə doğru addımlayanların yoludur. Sən bizə imkan ver ki, Vətən torpağına göz dikən yağının gözünə mil çəkək. Qanım torpağıma halaldır".
Aydın hər gün Tanrı ilə danışır, qanını Vətən torpağına qatmağı ürəkdən arzulayırdı.
Qəhrəmanımız yoldaşları ilə tez-tez söhbət edir, gənc əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışırdı. O özü bir nümunə idi. Əsgərləri ona bənzəməyə çalışırdı.
Şəhid olmaqdan çox danışırdı. Əsgərlərə deyirdi ki, biz o yolun əbədi yolçularından olmalıyıq. Biz ölməliyk ki, bizdən sonra qəhrəmanlar doğulsun.
Aydının qəfil yadına tarix müəlliminin şəhidlər, şəhidlik məqamı haqqında dedikləri düşdü. Müəllim üzünü 11-ci sinif şagirdlərinə tutaraq:
- Əlbəttə, şəhid Tanrının ən sevimli bəndəsidir. Şəhid qanı hara tökülərsə, ora müqəddəs sayılar. Tarix təkrar olunur deyirlər. Bu fikri irəli sürənlər haqsız deyil.
Azərbaycan gözəl diyardır. Yeraltı və yerüstü sərvətləri, qeyri-adi dərəcədə füsünkar təbiəti, dəyanətli, hünərli insanları Vətənimizi bütün dünyada məşhur edib. "Gözələ göz dikən çox olar" deyib babalarımız. Azərbaycan adlı qədim məmləkətin düşmənləri həmişə əli tətikdə mürgüləyib ki, fürsət düşən kimi yurdumuzu yağmalasın. Vətənin igid oğulları da heç vaxt yağıya macal verməyib, torpaqlarımızı qoruyublar. Qəhrəmanlıq bugünkü nəslə babalarımızın əmanətidir. Qəhrəman keçmişi olmayan xalqın bu gün öz içində qəhrəman aramağa haqqı çatmır. Bizim xalqımız isə ta qədimdən üzü bəri tariximizə böyük qəhrəmanlıq səhifələri yazıb. Azərbaycan torpağı, Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində sınaq qarşısında qalıb, lakin sınaqdan həmişə mətanətlə çıxıb. Əlbəttə, həmişə sınaq meydanında imtahan olur. Bizi bu ağır imtahanlardan xalqımızın mərd oğul və qızları qalib çıxarır. Onlar torpaq uğrunda şəhid olurlar ki, Vətənin, xalqın qəddi əyilməsin. Düşmən qarşısında əyilməyən oğulların başı Vətən torpağı və üçrəngli bayrağımız qarşısında əyilir ancaq. Unutdum, bir də ana dizinə baş qoyanda başlarını əyirlər.
Müəlliminin nə qədər haqlı olduğunu ürəyində təsdiqləyən Aydın fikirləşirdi ki, hər bir Azərbaycan oğlu Vətənin sınağından çıxmalıdır.
Aydın səngərdə düşmənlə üzbəüz dayanıb ondan necə intiqam almaq baradə düşünürdü. O deyirdi ki, Bakıdakılar məndən nigaran qalmamalıdır. Mən təkcə ata-anamın yox, Vətənin oğluyam...
...Elə bil ki, kimsə əlini beyninin içinə salıb yuxusunu qarışdırmışdı ananın. Beynindəki dolaşıq fikirlər, gecə gördüyü qəribə yuxu onu rahatsız edirdi. Heç canı cahana sığışmırdı, quş kimi özünü bu divardan o divara vururdu. Ağlına çox şey gəlirdi. Qorxurdu ki, ağlına gələnlər başına gəlsin. Qorxurdu, çox qorxurdu ana. Müharibə olmasa da, düşmən hər gün ərazilərimizi gülləyə tuturdu, hər an təxribat törədirdi, hər dəqiqə öz xislətini göstərirdi. Ana cəbhədəki gizir oğlundan narahat idi. Ürəyində öz-özü ilə danışırdı. Heç kəsi narahat edib sümüyünə səksəkə salmaq istəmirdi ana. Onsuz da özü səksəkə içində çırpınırdı...
Hara getsin, kimə desin dərdini? İçində elə bir hiss vardı ki, sanki indi kimsə qapını döyüb bəd xəbər verəcək. Qulağı qapıda idi. Ana elə bil dəyirman daşının arasında əzilirdi.
Payızın toy-büsatlı çağı idi. Elə Aydın özü də toy havasında idi. Gözlərindən öpüb ayrıldığı nişanlısı yolunu gözləyirdi. Axşam da yollara baxırdı, səhər də. Yollar da ki, insaf nədir bilmir. Yollar üzür adamın ürəyini. Özü də elə üzür ki, lap saplağından...
Payızın üzü yaman bozarmışdı, heç qaş-qabağı açılmırdı ki, açılmırdı. Abdullayevlər ailəsində gizli bir həyəcan dolaşırdı. Hamı səbəbsiz yerə fikirli, dalğın idi. Hər kəs narahat idi, hamı bir-birinin üzünə baxıb susurdu. Sükut isə elə çığırırdı ki, adamın bağrı yarılırdı. Ananın ürəyində nigarançılıq vardı. O nigarançılıq onu nar kimi sıxırdı, bilmirdi canını hara qoysun. Elə hey "ürəyim yatağına sığmır" deyə haray çəkirdi. Bakıda Abdullayevlər ailəsinin canında küt bir sancı dolaşırdı...
...Tərtərdə isə bir şəhid Vətən uğrunda torpağı əbədi olaraq qucaqlamışdı. Hər bir Vətən oğlu istəyər ki, son nəfəsdə ana bildiyi torpağı qucaqlayıb bağrına bassın. Tərtərdə alnını torpağa söykəyib qanını torpağın damarlarına yeridən şəhid Abdullayevlər ailəsinin sonbeşiyi idi. Hələ də anası sonbeşiyinin boyunu sevirdi xəyallarında. Sonbeşiyi isə alnından aldığı snayper yarası ilə torpağa sığınmışdı. Bakıda ana hey ölçüb-biçir, gah oğlunu bəy paltarında görür, gah da gəlinini gəlinlikdə... Oğlunun alnından öpürdü, oğlunun alnı isə düşmən snayperinə tuş gəlmişdi. Birdən anaya elə gəldi ki, ağzında qan tamı var, qan dadır ağzı... Gecə yuxu görmüşdü. Fikrində yuxusunu çözələyirdi. Gördüyü yuxunu gah xeyrə yozurdu, gah da şərə. Fikir əlində əsir-yesir qalmışdı ana. Hara gedəydi, dərdini kimə deyəydi, oğlanlarınamı, ərinəmi, gəlinlərinəmi? Hamı toy havasında idi. Vay havasına köklənməmişdi heç kəs. Bircə ananın içində anlaşılmaz, qarışıq duyğular vardı. Anlaya bilmirdi ki, nə baş verir. Ananın beynində bir uğultu vardı, səssiz bir uğultu...
İradə SARIYEVA