Vətən səninlə qürur duyur Aydın! Sən Vətəni canınla, qanınla qorumusan, Vətənin köksünə atılan güllə sənin alnına dəyib. Düşmən gülləsinin önünə başını tutmusan, Aydın. Sən şəhid olmusan ki, Vətən yaşasın, ona atılan güllənin biri azalsın. Sənin Vətən nəğmən ayrı cür oxunurdu ürəyində, bu nəğmə bənzərsiz idi. Sən Vətəni ürəyinlə, ruhunla sevirdin, heç kəsi sevmədiyin kimi.
Vətən səni heç vaxt unutmayacaq, ona bəslədiyin təmənnasız sevgiyə görə. Niyə unutsun ki? Unudulmazlar unudulmur tarix boyu. Dünya tarixində minlərlə müharibə olub, saysız insan tələfatı baş verib, yaralananlar, evindən, elindən didərgin düşənlər olub. Dünya yaranandan beləcə keçib gün-güzəranı. O müharibələrdə xalqını, torpağını müdafiə edən oğul və qızlar heç vədə unudulmayıb. Onların adı xalqın yaddaşında yaşayıb, nəsildən-nəsilə müqəddəs əmanət kimi ötürülüb. Sənin də adın nəsillərin qürur yeri olacaq...
Şəkillərinə baxıram... Çox fikirli görünürsən. Sənin üzündə təbəssüm yoxdur, Aydın, dodaqların qətiyyətlə sıxılıb, baxışlarında hünər, qəhrəmanlıq, əzmkarlıq həkk olunub. Doğrudan da gözlər ürəyin və ruhun aynasıdır, şəhidim! Şəkillərdən baxan gözlərindən qayğı da oxunur, nigarançılıq da. Amma yenə də qətiyyətlə baxırsan. Vətənin işıqlı sabahı boylanır gözlərindən. Sən şəhid oldun və məzarın Vətənin köksündə qazıldı. Ana torpaq səni qoynuna aldı.
Dan üzüydü, ana torpaq qəmli türkü oxuyurdu - "laylay şəhidim, laylay" deyirdi... Ulduzlar bir-bir göyün yaxasından sürüşüb qeybə çəkilirdi. Günəş şəhid məzarını salamlamağa hazırlaşırdı. Aydın ana torpağın qucağına yenicə baş qoymuşdu. Ruhu elə rahat idi ki, sanki torpağın deyil, Sevil ananın dizinin üstünə baş qoyub uyuyurdu. Evdə isə anası "balam" deyib nalə çəkirdi. Əlləri qoynunda sərgərdan dolaşan ana öz-özünə ağı deyirdi:
Ağacda xəzəl ağlar,
Dibində gözəl ağlar.
Səni bu yazıq canım
Sərgərdan gəzər ağlar.
Ana balasının ruhu ilə danışırdı. Deyirdi ki, oğlum, torpaq soyuqdur, xəstələnərsən ana qurban, evimizə qayıt. Ana xəyallarında Aydınla danışır, onu dilə tuturdu ki, evə qayıtsın. Aydın isə əbədi evində, son mənzilində əbədi yuxuya dalmışdı. Oyanmırdı, oyanmayan bəxti kimi...
Sirr deyil ki, Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, şərəfli zirvə şəhidlikdir. Şəhid olmaq yenidən doğulmaq deməkdir. Oğullar şəhid olur, amma əbədi yaşamaq haqqı qazanır. Aydın Əmirsoltan oğlu Abdullayev kimi. Şəhid gizir Aydın Abdullayev gerçək bir qəhrəmandır. İndiyə qədər şəhid gizir haqqında çox yazılıb, çox fikirlər söylənib. Aydının qəhrəmanlıq tarixçəsi, kiçik ömründə yazdığı möhtəşəm qəhrəmanlıq salnaməsi bizə onun haqqında ətraflı məlumat verir...
A.Abdullayevin şərəfli ömür və döyüş yolunun izi ilə yeni bir yola çıxmışıq. Bu yol haqqın ətəyindən tutub irəliyə doğru addımlayanların yoludur. Bu yol qanını Vətən torpağına halal edən şəhidlərin getdiyi yoldur. Biz o yolun əbədi yolçularının izi ilə irəliləməyə çalışırıq. Şəhid Tanrının ən sevimli bəndəsidir. Şəhid qanı hara tökülərsə, ora müqəddəs sayılar. Tarix təkrar olunur deyirlər. Bu fikri irəli sürənlər haqsız deyil.
Azərbaycan gözəl diyardır. Yeraltı və yerüstü sərvətləri, qeyri-adi dərəcədə füsünkar təbiəti, dəyanətli, hünərli insanları Vətənimizi bütün dünyada məşhur edib. "Gözələ göz dikən çox olar" deyib babalarımız. Azərbaycan adlı qədim məmləkətin düşmənləri həmişə əli tətikdə mürgüləyib ki, fürsət düşən kimi yurdumuzu yağmalasın. Vətənin igid oğulları da heç vaxt yağıya macal verməyib, torpaqlarımızı qoruyub. Qəhrəmanlıq bugünkü nəslə babalarımızın əmanətidir. Qəhrəman keçmişi olmayan xalqın bu gün öz içində qəhrəman aramağa haqqı çatmır. Bizim xalqımız isə ta qədimdən üzü bəri tariximizə böyük qəhrəmanlıq səhifələri yazıb.
Azərbaycan torpağı, Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində sınaq qarşısında qalıb, lakin sınaqdan həmişə mətanətlə çıxıb. Əlbəttə, həmişə sınaq meydanında imtahan olur. Bizi bu ağır imtahanlardan xalqımızın mərd oğul və qızları qalib çıxarır. Onlar torpaq uğrunda şəhid olur ki, Vətənin, xalqın qəddi əyilməsin. Düşmən qarşısında əyilməyən oğulların başı Vətən torpağı və üçrəngli bayrağımız qarşısında əyilir ancaq. Unutdum, bir də ana dizinə baş qoyanda başlarını əyirlər.
Bir dastan yazmaq istəyirik Vətənin cəsur oğullarından olan şəhid gizir A.Abdullayev haqqında. Qəhrəman Aydın, igid Aydın, qorxubilməz Aydın - 23 illik qısa ömür dastanının çox zəngin səhifələri var. Sanki 23 il deyil, 230 il yaşamısan həyatda. Sənin izin hər yerdə var, Aydın - səngərdə, idman arenasında, dostlarının, səni tanıyanların ürəyində də. Hər kəsin qəlbində özündən dərin izlər qoymusan. Səngər yoldaşların, əsgərlərin, qayğısına qaldığın insanlar səndən ağızdolusu danışır. Onları dinlədikcə, sənin obrazın canlanır gözlərimiz qarşısında.
A.Abdullayev az yaşayıb, ancaq mənalı yaşayıb. 23 yaşında həyatla vidalaşan Aydın düşmənlə üzbəüz mövqedə, səngərdə dayanıb həmişə. Düşmənə göz açmağa qoymayan oğullardan biri olan A.Abdullayev qısa, lakin şərəfli ömrünün hər bir anını torpaqlarımızın müdafiəsinə həsr edib. Aydın deyirdi nə qədər ki, torpaqlarımız düşmən tapdağı altındadır, onun səngərdən evə qayıtmaq, ailəsində, ocağında rahat yaşamaq haqqı yoxdur. O, ömrünün sonuna qədər verdiyi vədə xilaf çıxmadı... Aydın kimi sözübütöv oğullar hər zaman doğulmur təbii ki... O oğullar Tanrının sevib seçdiyi oğullardır. Uca Yaradanın dərgahına apardığı, ali mərtəbəyə yüksəltdiyi şəhidlərin hamısı say-seçmə oğullardır. Əlbəttə, şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir.
"Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir" - deyirdi Aydın. İnanırdı ki, axirətdə də onun məqamı uca olacaq. Çünki o, şəhid kimi cənnət qapısından içəri daxil olacaqdı. Aydının cənnətində özü kimi üzüağ, alnıaçıq bahadırlar bir də bu dünyaya qayıdacaqları günü gözləyirlər. Onlar Vətəni qorumaq üçün doğulanlar olduğuna görə ana yurdun taleyindən narahatdır. Nə bilmək olar, bəlkə də bu şəhidlər sağlığında keçmişlərdə şəhid olan insanların ruhunu daşıyırmış...
A.Abdullayev 1990-cı il sentyabrın 29-da Şabran rayonunda doğulub. Əmirsoltan dayı və Sevil ananın sonbeşiyi olan Aydın ərköyün böyüyüb. Üç qardaşın kiçiyi Aydın uşaqlıqdan qeyri-adi olub, yaşıdlarından fərqlənib, hətta qardaşlarından da xasiyyətcə, davranışına, qonum-qonşuya, ata-anaya isti münasibətinə görə seçilib. Aydın hamının sevimlisi olub. Ailədə onu "Akuş" deyə çağırırdılar. Sevil ana öz sonbeşiyinə həyatdan nakam köçən qardaşının adını vermişdi. Sevil ananın qardaşı 17 yaşında həyata "əlvida" demişdi. Oğlu Aydına da nakam ömür qismət oldu. O, dayısının yaşından cəmi beş il çox yaşadı. Aydın dünyadan qəhrəman kimi köçdü, şəhid kimi ağırlandı, əzizləndi, ana torpağa əmanət edildi.
Aydının uşaqlığı müharibə dövrünə düşmüşdü. O, müharibə uşağı idi. Müharibənin sazağını, ağrısını min dəfələrlə canında hiss etmişdi. Onların da həyətinə erməni zülmünə məruz qalan qaçqın yaşıdları gəlmişdi, məktəblərində yurd-yuvasından perik salınmış uşaqlar oxuyurdu. Hər dəfə o uşaqlarla üz-üzə gələndə "bircə tez böyüsəydim, Qarabağdan erməniləri qovub çıxarardım" deyirdi.
Aydın mübaribə uşağı idi. Bütün müharibə uşaqları kimi, o da əzmli, qorxmaz, cəsarətli böyüyürdü. Böyüyürdü ki, düşmənin nəfəsini kəssin.
O, müharibənin boz üzünü, gətirdiyi fəlakəti, ağrı-acını, insanlara çəkdirdiyi məşəqqətləri dərindən anlayırdı. O bilirdi ki, müharibə ağrı deməkdir, acı çəkmək, acı çəkdirmək deməkdir, ayrılıq, göz yaşı deməkdir, amma müharibənin olması labüddür. Çünki torpaqlarımızın 20 faizdən artıq hissəsi düşmən tapdağındadır və o torpaqlar işğaldan azad edilməlidir.
Uşaqlıqdan atası Əmirsoltan dayı Aydını idmana aparıb. O, idmanla məşğul olub. Bu da onun gələcək taleyində mühüm rol oynayıb. Aydının idmanla məşğul olması onda həm mənəvi, həm də fiziki cəhətdən böyük üstünlüklər formalaşdırıb. İdmana böyük həvəs göstərən qəhrəmanımız karate, boks, cüdo, qaydasız döyüş kimi idman növləri ilə məşğul olub və yarışlardan medalla, tərifnamə ilə qayıdıb evə. Övladlarını qalib görən Əmirsoltan dayı və Sevil ananın sevinci yerə-göyə sığmayıb. Aydın həmişə onların iftixarı olub. Ailəsi uşaqlıqdan onunla fəxr edib.
A.Abdullayev Suraxanı rayonundakı 278 saylı orta məktəbin məzunu oldu. Atası Əmirsoltan dayı Aydından danışarkən göz yaşını gizlədə bilmir. Hər dəfə Aydının adı çəkilərkən gözləri yaşarır, qəhərlənir. Deyir ki, oğlu ilə fəxr edir, amma onun fiziki yoxluğuna ürəyi heç cür tab gətirmir. Əmirsoltan dayı oğlundan qəhərlənə-qəhərlənə danışır. Bəzən həyəcandan xatirələri yadından çıxarır, özünü toplayandan sonra isə sözünə davam edir. Bütün söhbətlərimizi göz yaşı müşayiət edir. Adam ataların ağlamağına heç cür dözə bilmir. Atalar ağlayanda sanki həyat dayanır... Əmirsoltan dayı deyir ki, Aydın uşaqlıqdan cəsur olub. Özündən böyük qardaşları Nicat və Cavadla güləşərdi və onların kürəyini yerə vurardı. Aydın məktəbi 4-5 qiymətlərlə oxuyub, həmişə nümunəvi şagird olub və müəllimlərinə, sinif yoldaşlarına, dostlarına hədsiz dərəcədə diqqət göstərib. Ona görə də hər kəs Aydının xatirəsini əziz tutur. Onun dünyadan vaxtsız köçməsinə yanırlar. Əlbəttə, ailəsi də, qohumları da, dostları da onunla təsəlli tapır ki, A.Abdullayev şəhid olub. Aydın həmişə öz arzularına qovuşmağa can atırdı. O qədər qətiyyətli idi ki, heç kəs onun addımlarının qarşısına sədd çəkə bilmirdi.
Aydın həyatını bütövlükdə idmana bağlamaq istəyirdi. Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına sənəd versə də, onun bu cəhdi uğurlu alınmır. Bu ona pis təsir etsə də, özünü sındırmır və hərbçi olmaq haqda fikirləşir. Alın yazısını pozmaq mümkün deyil. Uşaqlıqdan cəld, hərəkətli, nizam-intizamlı, sözübütöv, məqsədyönlü olan Aydının hərbçi olmaq istəyi ailəsi tərəfindən müsbət qarşılanır. Çünki onların yaxın qohumları arasında hərbçilər, ictimai xadimlər, Azərbaycanın ərazi bütövlüyünün qorunmasında əməyi olan insanlar az olmayıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul oluna bilməyən Aydın sənədlərini Hərbi Akademiyaya göndərir. O, tibbi komissiyadan keçir, lakin ona təlimə göndəriləcəyi barədə vəd verilsə də, səbəbsiz olaraq sənədləri özünə qaytarılır. Əmirsoltan dayı bu barədə belə danışır: "Getdik akademiyaya. Orada müavin zabit bizə dedi ki, hər il bizə Naxçıvanski adına Hərbi Liseyin məzunları ilə yanaşı, institutdan da məzunlar gəlir, bu dəfə institutdan kəsilmiş və akademiyaya qəbul olunan məzunların balları daha yüksəkdir. Dedim ki, oğlumun hərbə həvəsi var, idmançıdır, xeyli nailiyyət əldə edib, medallar qazanıb, onu götürün. Elə valideynlər olur ki, gəlib xahiş edir, hərbi məktəbdə oxuyan oğlunu ikinci-üçüncü kursdan çıxarmaq istəyir, o cür uşaqların yerinə götürün. Dedi ki, olmaz, bizə belə göstəriş var".
Hərbi təhsil almaq məsələsində qarşısına çıxan çətinliklər Aydının hərbə olan marağını azaltmır, əksinə, o bu məsələdə daha da qətiyyətli olduğunu ortaya qoyur. Qeydiyyatda olduğu Suraxanı Rayon Hərbi Komissarlığına gəlib əsgərliyə getmək üçün könüllü ərizə verir və Aydını əsgərliyə aparırlar. 2008-ci ildə hərbi xidmətə gedir, Gəncədəki "N" saylı hərbi hissədə xidmət edir. 2010-cu ilin aprelində həqiqi hərbi xidmətini başa vurub evə qayıdan Aydın heç cür rahatlıq tapmırdı, yenidən hərbi xidmətə qayıtmaq haqqında düşünürdü. Onun bu fikri ailəsi tərəfindən razılıqla qarşılanmırdı. Sevil ana ona yalvar-yaxır edirdi ki, getməsin. Amma Aydın fikrində qəti idi və var qüvvəsi ilə düşmənlə üzbəüz mövqelərimizə can atırdı.
2010-cu ilin yayında Tərtərin Çaylı kəndi istiqamətində düşmənlə təmas xəttində baş verən hadisə isə onun həyatını əməlli-başlı dəyişdi və o, cəbhəyə getməklə bağlı qəti qərar verdi. Onun fikrinə təkan verən hadisə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş Mübariz İbrahimovun şücaəti idi. O eşidəndə ki, Azərbaycan Ordusunun giziri M.İbrahimov düşmənə qan uddurub, ürəyi köksünə sığmadı. "Mən də M.İbrahimov kimi olmalıyam" dedi.
Bütün qəhrəmanlar bir-birinə bənzəyir, sanki hamısını bir ana dünyaya gətirib. Hamısının həyat yolu bir-birinə elə bənzəyir ki, adam təəccüblənir. Elə bil Tanrı hamısını eyni gündə yaradıb. Əslində, əməl qohumluğu qan qohumluğu qədər doğmadır.
Əmirsoltan dayı danışır: "M.İbrahimovun qəhrəmanlığı bütün ölkədə yayılmağa başlayanda, bütün ölkə bundan danışırdı. Mübarizin qəhrəmanlığı Aydına çox böyük təsir etdi. Qərara aldı ki, orduda xidmət etsin, zabit olsun". Beləliklə,
Aydın ailəsindən xəbərsiz sənədlərini Suraxanı Rayon Hərbi Komissarlığına verir. Təlim mərkəzlərindən birinə göndərilən Aydın burada kəşfiyyatçı-snayper hazırlığı keçir. Altı aylıq təlimdən sonra onu kəşfiyyatçı-snayper kimi qaynar nöqtələrdən birinə - düşmənlə təmas xəttində yerləşən Tərtərin Qapanlı kəndinə göndərirlər. Abdullayevlər ailəsinin qaynar səngər həyatı başlayır. Təlatümlü, təhlükəli cəbhə xəttində qəhrəmanımız düşmənə qarşı barışmaz mövqedə dayanır. Hər anı təhlükə, atəş səsləri, düşmən pusqusu - bütün bunlar hərbçi A.Abdullayevi ayıq-sayıq olmağa səsləyir, ona tapşırılan işi yüksək səviyyədə yerinə yetirməyə həvəsləndirirdi. Aydın kəşfiyyatçı idi və gecəsini gündüzünə qatıb düşmənin mövqelərini öyrənir, onun hiylə və məkrini zamanında ifşa etməyi bacarırdı. Düşmənə qarşı amansız olan A.Abdullayev günahsız insanların qisasını mənfur düşməndən almaq üçün fürsət gözləyirdi. Hər an əmrə müntəzir hərbçi kimi komandirlərin tapşırıqlarını yerinə yetirən Aydın heç bir çətinlikdən qorxmurdu. Əksinə, düşünürdü ki, aldığı hər bir çətin tapşırıq onun üçün bir sınaqdır. O bu imtahandan üzüağ çıxmağa çalışırdı. Hər tapşırığı uğurla yerinə yetirməsi rəhbərlik tərəfindən razılıqla qarşılanırdı. Bu, Aydında arxayınçılıq yaratmırdı. Onu düşmənə qarşı daha ayıq-sayıq olmağa, düşmənin planlarından xəbər tutmağa, onun istənilən hədəfini zərərsizləşdirməyə, hərbin sirlərinə yiyələnməyə sövq edirdi... Aydın 2010-cu ildən şəhid olan günə qədər sədaqətlə Vətənin keşiyində dayandı. Cəsur Vətən oğlunun həyat hekayətini növbəti saylarımızda davam etdirəcəyik. A.Abdullayevin dastanı hələ bitməyib, biz onun ilk səhifələrini yenicə vərəqləməyə başlamışıq...
İradə SARIYEVA