Ramiz Xəlilov artıq xatirələrdə yaşayır. Ömrünün 56-cı baharını yenicə arxada qoymuşdu. Zalım əcəl, sanki pusquda dururmuş kimi, vaxtsız-vədəsiz başının üstünü aldı və dostumuzu apardı. Ramiz müəllimi axirət evinə yola salanlar arasında eyni məhəllədə böyüdüyü insanlar, orta və ali məktəbdə-həyatda qazandığı dostları, iş yoldaşları və qohumları da vardı. Heç kəs onun vəfatına inanmırdı.
Ramiz müəllimlə həm yaxın qohumluq, həm də dostluq əlaqələrimiz olub. Həmyaşıd olsaq da, ona "Ramiz dayı" deyə müraciət edirdim. Mənə xəbər gəldi ki, Ramiz insult keçirib, güclü sarsıntı keçirdim. Eşitdim ki, Ramiz dayı atasının məzarına baş çəkmək üçün Masallıya gedib və əcəl də onu orada tapıb. Necə deyərlər, ruhu atasının ruhuna qovuşub. O, haqq dünyasındadır, bizimlə cismən ayrılıb. Onun yoxluğu məni hədsiz kədərləndirir, özümə yer tapa bilmirəm.
R.Xəlilovun əziz anası Şövkət xanıma, bacısı İradə xanıma təsəlli verməyə gücüm çatmır... Sadəcə, onu deyə bilirəm ki, Şövkət xala, başınız sağ olsun, səbrli olun, Allah Ramizə qəni-qəni rəhmət eləsin!
Rövşən MİRZƏYEV