Azərbaycanda dərmanların qeydiyyatı və qiymətlərinin tənzimlənməsi qaydalarına müəyyən düzəlişlər olunacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.
Nazir müavininin sözlərinə görə, xarici ölkə valyutalarının məzənnəsinin dəyişməsi ilə əlaqədar dərman şirkətlərinin Azərbaycan hökumətinə etdiyi müraciət artıq öz həllini tapıb: “Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib. Yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq. Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında müəyyən düzəlişlər olacaq. Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma bunun dəyişməsi nəzərdə tutulur və həmin gün üçün valyutanın (dolların) bazardakı real qiyməti əsas götürüləcək”.
Elsevər Ağayev deyib ki, Azərbaycanda hər bir yeni qeydiyyatdan keçirilən dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən müəyyən ediləcək. Nazir müavininin sözlərinə görə, Azərbaycana gələn dərmanların hər bir seriyası Səhiyyə Nazirliyində yoxlandıqdan sonra onların gömrük orqanlarında rəsmiləşdirlməsinə icazə verilir: "Çünki qanunvericilik bunu tələb etdiyindən gömrük orqanları da bunu tələb edir. İlk növbədə hər kəsi dərmanların keyfiyyəti maraqlandırır. Qiymətin aşağı olması ilə yanaşı, onun keyfiyyəti də vacib amildir. Tarif Şurasının Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində dərmanların qiyməti 2-3 dəfə, ümumilikdə isə dərmanların qiyməti 90 % aşağı düşüb. Bu, mütəmadi və tamamlanmayan prosesdir. Hər bir yeni qeydiyyatdan keçirilən dərman prepapartlarının qiyməti Tarif Şurası tərəfindən qoyulacaq. Müəyyən xırda problemlər yaşanılır və bunun da yerində aradan qaldırılması istiqamətində tədbirlər görüləcək".
Əfsuslar olsun ki, bəzi hallarda Səhiyyə Nazirliyinin icazəsi olmadan xaricdən həkimlərin dəvət edilməsi halları olur. Bunu da səhiyyə nazirinin müavini deyib.
Nazir müavininin sözlərinə görə, xaricdən Azərbaycana həkimlərin gəlib işləməsi məsələsi Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən tənzimlənir: “Bu komissiya mütəmadi olaraq, öz iclaslarını keçirir. Azərbaycanda fəaliyyət göstərəcək həkimlər diplomlarını Təhsil Nazirliyi tərəfindən təsdiq etdirirlər, sonra isə bizə sənədlərini təqdim edirlər. Əfsuslar olsun ki, bəzi hallarda bundan yayınanlar da olur. Biz onları dəvət edirik ki, belə hallardan yayınmasınlar. Səhiyyə Nazirliyinin komissiyasından keçirildikdən sonra həkimlərin fəaliyyətinə icazə verilsin”.