Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Qurban bayramı münasibətilə tövsiyələr verib. İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keci, öküz-inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Bundan əlavə, beş-altı adamın cəmləşib bir iribüynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir.
Bir qayda olaraq, qurban kəsərkən heyvanı uzu qibləyə uzatmalı, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən, yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa, “Bismillahi və billahi vəllahu əkbər” deyərək kəsilsin.
Azərbaycanda bu il Qurban Bayramı 12 sentyabr tarixinə təsadüf edir. Bayram namazı Azərbaycan məscidlərində həmin gün qılınacaqdır. Dövlətimiz rəsmi olaraq iki gün – 12-13 sentyabr tarixlərini Qurban Bayramı münasibətilə qeyri-iş günləri elan etmişdir. Dindarlar bunu Qurban Bayramına ehtiram əlaməti olaraq qəbul edir və dövlətimizə, onun rəhbərinə minnətdarlıqlarını bildirirlər.
QMİ tövsiyə edir ki, bu müqəddəs bayramda kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Həmcinin, qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil.
İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.
Allah-Təala insanların mənən saflaşması və həmrəyliyinə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin. Amin!