"Azərbaycanda falçılığa və falçılıq adı ilə bu və ya digər insanların aldadılmasına qarşı mübarizə vacibdir, zəruridir”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, falçılıq özü xurafatın bir elementidir: "Bununla əlaqədar həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində müvafiq maddələr var, o cümlədən Komitənin bu məsələdə müəyyən səlahiyyətləri var ki, biz bu səlahiyyətlərdən istifadə edərək Daxili İşlər Nazirliyinin yerli qurumları ilə birgə ayrı-ayrı bölgələrimizdə, rayonlarımızda, şəhərlərimizdə falçılıqla məşğul olan şəxsləri aşkara çıxarıb onlarla profilaktik söhbət aparırıq, onlara xəbərdarlıq edirik ki, onların fəaliyyəti qeyri-qanunidir və bu cür əməllərə yol vermək olmaz”.
Komitə sədri ekstrasenslik haqqında da danışıb: "Ekstrasenslik var. Bizim Tofiq Dadaşov kimi məşhur ekstrasensimiz olub. Dünyada bu qəbul olunub. Amma ekstrasens falçı deyil. Ekstrasensliklə falçılığı eyniləşdirmək lazım deyil. Falçılıq primitiv şəkildə insanları aldadıb bu və ya digər yollarla onların vəsaitini mənimsəmədir. Və burada bütün dünyəvi dinlərin hamısı bu cür hərəkətləri qətiyyətlə pisləyir. İslam dini də falçılığı və digər bu kimi hərəkətləri pisləyir. İnsanların bu və ya digər inancından sui-istifadə edərək dələduzluq etmək, onların əmlakını mənimsəmək yolverilməzdir. Buna qarşı mübarizə aparılmalıdır”.
"Dindən sui-istifadə cəhdləri var. Dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, müxtəlif dinlərin daxilində ayrı-ayrı cərəyanlar meydana gəlib, xüsusən İslam dini daxilində bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb” deyə Mübariz Qurbanlı bildirib.
M.Qurbanlı bildirib ki, Azərbaycan mediasında bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar və bəzən görürsən ki, bu cərəyanlarla əlaqədar yazılar yazarkən yerli-yersiz burada hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar:
"Biz mediaya bildirmək istəyirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Bu gün Azərbaycan çoxkonfessiyalı ölkədir. Azərbaycanda ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda bizim qarşımızda iki mühüm vəzifə dayanıb. Birincisi, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq, ikincisi, dini xurafata qarşı mübarizə aparmaq. Dini xurafata qarşı tarixən bizim klassiklərimiz öz əsərlərində mübarizə aparıblar. Jurnalistlərimiz müxtəlif səviyyələrdə tədqiqat işləri aparıblar”.