Yay mövsümündə kənd təsərrüfatı məhsullarının satışı məqsədilə paytaxta axının artması ilə əlaqədar biz də işlərimizi buna uyğun qurmuşuq. Tərəfimizidən şəhərdə antisanitariyanın yaranmaması, xəstəlik mənbələrinin çoxalmaması istiqamətində tədbirlər görülür. Çalışırıq ki, kənd təsərrüfatı məhsullarının satışı küçələrdə yox, bazarlarda, ticarət obyektlərində təşkil olunsun.
Bu barədə Milli.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib.
Ə.Bağırov qeyd edib ki, Departament müvafiq işləri bundan sonra davam etdirəcək: "Çünki mövsüm hələ başa çatmayıb. Qarşıda hələ çox vaxt var. Yəqin ki, məhsulların paytaxta gətirilməsi yenə də hələ uzun müddət davam etdiriləcək. Biz də işimizi elə qurmuşuq ki, xəstəlik və antisanitariya halları baş verməsin, əhali bundan az əziyyət çəksin".
Onun sözlərinə görə, qanunsuz ticarət hallarının sayı o qədər də çox deyil və belə hallar qeydə alındıqda da müvafiq tədbirlər görülür: "Ümumiyyətlə, paytaxtda qanunsuz ticarətlə məşğul olanların sayı ilbəil azalır. Bunun səbəbi ilk növbədə görülən profilaktik işlərlə bağlıdır. Qanunsuz küçə ticarəti ilə məşğul olanlar müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunub cərimə edilirlər, həmin cərimələr də dövlət büdcəsinə keçirilir".
Departamentin sözçüsü əlavə edib ki, ticarət obyektlərinin onlara müəyyən olunmuş yerlərdən kənara çıxaraq fəaliyyət göstərmələri də qanunsuz hesab edilir. Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə 80 (səksən manat) miqdarında cərimə edilir.
Milli.Az