Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin iyul ayı ərzində dövlət sərhədini pozduqlarına görə 33 halda 56 nəfər saxlanılıb. Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Məlumata görə, onların 19 nəfəri Azərbaycan, 10 nəfəri Banqladeş, 5 nəfəri Özbəkistan, 4 nəfəri Nigeriya, 4 nəfəri Rusiya, 4 nəfəri Pakistan, 3 nəfəri İran, 2 nəfəri Gürcüstan, 2 nəfəri Kamerun, 2 nəfəri Şri-Lanka və 1 nəfəri Moldova vətəndaşıdır.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 15 halda 30 nəfər, Xəzər dənizində 23 halda 34 nəfər, Sərhəd Nəzarəti Məntəqələrində 1202 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 470 nəfər aşkar olunaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 1 kiloqram 742,7 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 69 halda ümumi dəyəri təqribən 106 min 793 manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, PM tapançası üçün 16 ədəd 9 mm-lik patron, 10 ədəd 7,62 mm-lik patron, 1 ədəd daraq, 1 ədəd beşbarmaq, 1560 ABŞ dolları, 8 ədəd Ermənistan istehsalı olan xalça, 11115 qutu müxtəlif markalı siqaret, 93 ədəd mobil telefon, 1 ədəd rezin qayıq, 1624 ədəd müxtəlif növ dərman preparatları, 335 qram civə, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.