Hazırlanmaqda olan Bakının Vahid Nəqliyyat Konsepsiyasında paytaxtda fəaliyyət göstərən taksilərlə bağlı yeni qaydalar öz əksini tapıb. Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Trend-ə deyib ki, Bakıda taksi sürücüləri üçün vahid geyim forması tətbiq ediləcək.
N.Allahyarova bildirib ki, bununla bağlı məsələ Bakının Vahid Nəqliyyat Konsepsiyasında şərt kimi qoyulub.
O bildirib ki, Konsepsiyada həmçinin taksilərdə taksometrlərin və POS terminalların quraşdırılması məsələsi öz əksini tapıb.
N.Allahyarova qaydalara əməl etməyən sürücülərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.
Nuridə Allahyarova deyib ki, Bakıda fəaliyyət göstərən bütün taksilərdə vahid qiymət müəyyən ediləcək. Qurum rəsmisi bildirib ki, paytaxtda taksi xidməti sistemində vahid qiymətlər tətbiq ediləcək. Bu qiymətlər isə Tarif Şurası tərəfindən tənzimlənəcək.
Hazırda taksi xidmətində qiymətləri fərdi taksi sürücüləri və şirkətlərin müəyyənləşdirdiyini deyən N.Allahverdiyeva bildirib ki, yeni sistem fəaliyyətə başlayandan sonra vahid tarif tətbiq ediləcək. Bu prosesdə taksi şirkətlərinə müəyyən sərbəstlik veriləcək.
Yeni sistemlə taksilərdə xidmət haqqı hər kilometrə görə hesablanacaq və maşınlarda taksometrlər quraşdırılacaq. N.Allahyarova deyir ki, yeni qurğu vasitəsilə sürücülərin qeydiyyatı və vergiyə cəlb olunması asanlaşacaq. Bu sistem həm taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə, həm də fərdi avtomobili ilə taksi fəaliyyəti göstərən sürücülərə şamil ediləcək: " İstər şirkət taksisi olsun, istərsə də fərdi avtomobili ilə taksi xidməti göstərən şəxs, taksi xidməti göstərmək üçün fərqlənmə nişanı alan bütün taksilərdə xidmət haqqı kilometrlərlə müəyyənləşəcək və Tarif Şurasının müəyyən etdiyi qiymətlə hesablanacaq".
Taksi xidməti ilə bağlı yeniliklərin "Nəqliyyatın inkişaf konsepsiyası”nda nəzərdə tutulduğunu deyən N.Allahverdiyeva deyib ki, sənədə əsasən, taksi xidməti göstərən sürücülər yeni fərqlənmə nişanları alacaq və həmin nişan "ASAN Xidmət” mərkəzləri tərəfindən veriləcək.
N.Allahyarovanın sözlərinə görə, bu vaxta qədər 16 min fərdi taksi sürücüsü və 3 özəl şirkət qeydiyyatdan keçib.
Xidmət rəhbəri bildirib ki, hazırda Bakıda 79 adda qeydiyyatdan keçən və 81 adda qeydiyyatsız taksi dayanacağı fəaliyyət göstərir: "Biz onların yerləşdikləri ərazilərin inzibati və şəhərsalma qaydalarına uyğunluğunu araşdırırıq. Tələblərə cavab verən dayanacaqlar saxlanılacaq, əlverişli yerdə olmayan taksi dayanacaqları isə ləğv olunacaq. Tələblərə cavab verən taksi dayanacaqları həmçinin qeydiyyata alınacaq”.